Zamanın inqilabçılarına – Abdulla Şaiq

Zamanın inqilabçılarına

Hardasız, ey vətən qayıqçıları?
Qaldı dərya üzündə yelkəniniz.
Susdunuz, yox səda və şivəniniz?
Ey elin şanlı hayqırıqçıları!

Qəlbinizdə tükəndimi cürət?
Fırtına, dalğa, çənmi yollarınız?
Yoxsa gücdənmi qaldı qollarınız?
Yox, sönənməz o əzm, o qüvvət!

Əldə etmək üçün böyük əməli,
Qorxmayın, cürət ilə qalxışınız!
Fırtına, dalğalarla çarpışınız!
İrəli, qəhrəmanlarım, irəli!

Şəfəq atdıqda, ya daha erkən,
İnanın, sahilə dəmir1 atarıq.
Bu qaranlıq dumanları udarıq!
Sizi alqışlayar sevimli vətən!

1910

1 Lövbər

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.