Zalım padşah və əkinçi – Abdulla Şaiq

Zalım padşah və əkinçi

O gündən ki, insan oğlu
Bu dünyaya ayaq basmış.
Bəzi tutmuş doğru yolu,
Bəzi o haqq yoldan azmış.

Bəzi xeyrə olmuş yoldaş,
Ayrılmamış əsla ondan.
Yaxşılıqda işlətmiş baş,
Adı dildə olmuş dastan.

Miskinlərə, düşgünlərə,
Ağır gündə dayaq olmuş.
Yaramış hər xeyrə, şərə,
Yamanlıqdan uzaq olmuş.

Bəzisi də şərrə uymuş,
Çapmış, çalmış insanları.
Xalqı yaman günə qoymuş,
Qırmış günahsız canları.

Haqq söyləyən ağızlara
Yumruq, toppuz, qıfıl vurmuş.
Min zillətlə çəkmiş dara,
İnsanlara qan qusdurmuş

Yetimlərin göz yaşıyla
İşlətmiş hər dəyirmanı,
Ah, fəryadın vəl daşıyla,
Göyə sovurmuş xırmanı.

Belə zalım insanları
Az görməmiş qoca dövran.
Hər əsrin öz sənətkarı
Qoşmuş onlara bir dastan.

Öz şəklini görsün onda,
Qan qusduran o zalimlər.
Bilsin, həyat tarlasında
Kim nə əksə, onu biçər.

 * * *

Bir zalım padşah varmış,
Kəsmək, qırmaqmış adəti.
Qanla, qılıncla oynarmış
Ac qurd imiş təbiəti.

Onun zülmündən qorxaraq
Xalq olmuşdu quru kölgə.
O yatdığı zaman ancaq,
Dincələrmiş bütün ölkə.

Anasının məməsindən
Əmdiyi süd zəhər imiş.
Uşaq ikən cin səsindən
Qonum, qonşu köçər imiş.

Bu ad, san, şöhrət düşgünü
Sığmaz imiş yerə, göyə.
Qansız keçməz imiş günü,
Dünyada mən varam deyə.

Xain adam qorxaq olur,
Şübhələnər hər bir şeydən
Qəlbinə kin, qəzəb dolur,
Mənliyini düşünürkən.

Ona kim nə desə ondan
İnanarmış sözlərinə.
Haqlı, haqsız tökərmiş qan,
Qan axarmış su yerinə.

Əmrinə baş əyməyəni,
Sağ qoymayıb asdırardı.
Ona qarşı söz deyəni
Diri-diri basdırardı.

Paltarını dəyişərək
Gəzər hər kəndi, şəhəri.
Qurardı min hiylə, kələk,
Bilsin kimdir düşmənləri.

Kimi görsə yana-yana
Padişahdan söz açardı.
“Ürəklər zülmündən qana
Dönmüş”, — deyə od saçardı.

Hamı təsdiq edib onu,
Deyərdilər: “ — Bu doğrudur!
Olmazmı bu zülmün sonu,
Evlər yıxan yalnız budur!”

Bu sözləri eşidərkən
Dedi: “ — Sizdən çəkmərəm əl”.
Kin, püskürən qəzəbindən
Qəlbi oldu qanlı məşəl.

Gözlərindən od saçaraq
Bu qudurmuş divə döndü.
Bir səs çıxarmadı ancaq,
O kin ilə evə döndü.

Yatağına girdi gecə,
Qəlbi ocaq kimi yandı.
O sözləri düşündükcə
Təndir kimi alovlandı.

Səhərə qalxdı yatağından,
Fərraşlara verdi əmir.
Düşmənlərim filan-filan,
Hüzuruma gəlsin bir-bir.

Kin püskürən baxışından
Saray dəydi bir-birinə.
Deyirdilər ki, bu xortdan
Zəhərli əqrəbdir yenə.

Taxta çıxıb verdi əmir:
“Saray geyinsin al-əlvan.
Könlüm qan rəngini sevir,
Qandır mənə dövlət quran.

Qansız yaşamaz dövlətim,
Batar qazandığım ad, san.
Sönər bu şan, bu şövkətim,
Ölkə olmuş mənə düşmən”.

Quruldu dar ağacları, Cəllad,
fərraş, bir çox əsgər.
Düzüldülər halqavarı,
Əldə kaman, ox və xəncər.

Hazır oldu müqəssirlər,
Görüncə zalim padşah
Kin ilə saldı bir nəzər
Dərindən çəkdi odlu ah.

Dedi: “ — Götürün bunları.
Asın acı dillərindən.
Məndən danışmasın barı,
Bəlkə bir az dincəlim mən”.

Əli qılınc qəbzəsində
Asılmağa verdi əmir.
Kin inlədi ciyərində,
Onları asdırdı bir-bir.

Kini sönməmişdi yenə;
Gecə yatdı, səhər oldu.
Qəzəb doldu ürəyinə
İlan kimi o qıvrıldı.

Paltarını dəyişərək
Gəzdi yenə kənd, şəhəri.
Qurdu min hiylə, min kələk,
Bilsin kimdir düşmənləri.

Yaz günüydü, göy üzünü
Bürümüşdü sıx buludlar.
Günəş ara bir gözünü
Süzdürürdü xumar-xumar.

Ürəyində kin və fitnə
O padişah gəzə-gəzə,
Yetişdi bir boz çəmənə
Çıxdı ordan quraq düzə.

Gördü altmışlıq bir qoca
Tər tökərək zəhmət çəkir.
Ovcunda bir qədər
Yeri işlədir, bərkidir.

Zalım yan aldı qocaya
Dedi: “ — Məna bax, ay kişi.
Bu zəhməti sevməz dünya
Axmaq görər böylə işi.

Bu bir ovuc buğda, söylə, —
Doyurarmı bir insanı?
Bundan bir şey gəlməz ələ,
Kotanın, ya belin hanı?

Kotansız bu boz çöllərə
Toxum səpib, zəhmət çəkmə.
Suyun yoxdursa, boş yerə
Qoca, bu buğdanı əkmə.

Su ilə əkdik torpağı,
Ancaq nə məhsul aldıq biz?!
Zəhmət çəkdik biçin çağı,
Heçə getdi əkdiyimiz.

Göy, xəsis yer ondan betər —
Quraq yerdə toxum yanar.
Bax çatlamış bütün çöllər,
Səni görən axmaq sanar”.

Qoca dedi: “ — Ey sərdarım,
Su, kotana yox ehtiyac.
Barmağım bel, alın tərim
Suyumdur, qalmaram mən ac.

Hər bir toxumdan yüz məhsul
Almaqdayam mən hər zaman.
Dərdim yox, olsam da yoxsul
Nəyə gərək su ya kotan?

Çox zalımdır bu padişah
Nə qədər ki, sağdır, hələ
İldə bir göz yaşı, bu ah
Qoymaz yağış yağsın çölə.

Qənaət eylədim bir az
Gecələri etdik səhər.
Ölüm, zülüm çıxdıq yaza,
Yaşamaq lazım bir təhər.

İllər ağır keçir elə,
Qan ağlayır bütün hər yan.
Dövran on il keçə belə, Bu
ölkədə qalmaz insan”.

Bu haqq sözlər o zalimin
Qəlbini nəştər tək dəldi.
Sözlərində acıq və kin
Ac qurd kimi o çöməldi.

Baxdı qocanın üzünə,
Köksünü oynatdı bu ah!
Toxtaq verib öz-özünə
Evə döndü o padişah.

Yolda çatdı bir bulağa,
Hər tərəfi al-əlvan gül.
Yaşıl geymiş hər budağa
Qonmuşdu bir şeyda bülbül.

Bulaq şır-şır axıb gedir,
Şux bülbüllər ötür şən-şən.
Hər baxanı heyran edir
Bu sevimli yaşıl gülşən.

Oturtdu dincəldi bir az,
Hiddətlə baxdı hər yana.
Dedi: “ — Göz baxdıqca doymaz.
Ölü ruhum gəldi cana.

Sarayımdan daha şəndir
Təbiətdə gözəlliklər!
Bu nə sevimli gülşəndir
Silindi qəlbimdən kədər”.

Bir az içdi sərin sudan
Çiçəklərdən yapdı çələng
Quşlar ağzında bir dastan
Keçmişdən açmışdı söhbət.

Onları bir az dinlədi,
Fərəh doldu ürəyinə.
Birdən dərindən inlədi,
Dörd bir yana baxdı yenə.

O yerlərdə qaldı gözü,
Qəlbi ayrılmayır ordan.
Saralırdı günün üzü
Saraya döndüyü zaman.

Həsrət ilə o yerlərdən
Uzaqlaşdı yavaş-yavaş.
O zalimin qəlbiydi şən
Təbiətə əymişdi baş.

Rahat yatdı o gecəni
Yatağından qalxdı səhər.
Bəzəmişdi pəncərəni
Könül açan al şəfəqlər.

Yedi, içdi qalxdı birdən,
Güvəndi yüksək baxtına.
Ürəyi çarparaq şən-şən
Oturdu qızıl taxtına.

Vəzir, vəkil, bütün əyan
Hüzurunda əl bağladı.
Kin, qüruru coşan zaman
O qocanı xatırladı.

Əmr verdi fərraşlara,
Qocanı tez gətirsinlər.
“ — Ürəyimə açır yara
Acı dilli bu düşmənlər”.

Çox çəkmədi o qocanı
Gətirdilər qolu bağlı.
O zalımın coşdu qanı,
Bağırdı: “ — Ey, miskin dağlı,

Səndə hardandır bu cürət?
Mənə deyirsən qan içən.
Taxtıma etməyir hörmət
Hər it-qurd, hər yoldan keçən”.

Hazır gəlmiş idi qoca
Anlamışdı məsələni.
Onun fikrini duyunca
Geyindi tez ağ kəfəni.

Taxta bir az yaxın gəldi,
Kinli-kinli baxdı ona.
Səsi boru tək yüksəldi,
Dedi qəlbi yana-yana:

“ — Mən demişəm bu sözləri,
Aşıq gördüyünü söylər.
Zalımın qəzəbi, əmri
Haqlı bir yoxsula neylər?

İnsan oğlu həqiqəti
Gərək görə, duya bilsin.
Həqarəti, ədavəti
Yer üzündən yox eyləsin.

Ümman kimi olmaq gərək;
Göl tək coşub-daşmaq olmaz!
Ümmana min çay gələrək
Doldursa, o, coşub-daşmaz.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.