Zahida, Gəl Soyunaq Bir Kərə Paltarımızı – Mirzə Ələkbər Sabir

Zahida, gəl soyunaq bir kərə paltarımızı

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq harımızı,
Görüb onlar dəxi təhqiq eləsin varımızı,
 Hər kimin ağı qara isə utansın, a balam!
 Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Hələlik gəl unudaq, filməsəl, öz lafımızı,
İddiamızca açaq ayineyi-safımızı,
Alaq ayinəyə qarşı bütün əsnafımızı,
Göstərək onlara, insaf üçün, insafımızı,
 Hər kimin ağı qara isə dayansın1, a balam!
 Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Nola bir ləhzəlik olsun ataq əlqabımızı,
Çıxaraq hörməti calib olan əsvabımızı,
Toplayaq bir yerə ə’damızı, əhbabımızı,
Məhzəri-nasə qoyaq sirətü adabımızı,
 Hər kimin halı fəna isə usansın2, a balam!
 Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tətbiq eləsin halımıza qalımızı3,
Anlasınlar da, nolur, qayeyi-amalımızı,
 Hər kimin qəlbi qara isə utansın, a balam!
 Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

1 Dayansın sözü bütün nəşrlərdə: utansın.
2 Usansın sözü son üç nəşrdə: utansın.
3 Xəlq tətbiq eləsin halımıza qalımızı misrası son iki nəşrdə: Xalq təhqiq eləsin halımızı, qalımızı.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.