Zəhmət və zinət – Abdulla Şaiq

Zəhmət və zinət

Kənd içində Alış dayı
Adlı-sanlı əkinçiydi.
Əməyinə düşən payı
Ürəyinin sevinciydi.

İki çarıqcığı vardı,
Biri Zəhmət, biri Zinət.
Zinəti çox dost tutardı,
Bəsləyərdi ona hörmət.

Vurğun idi bu çarığa,
Səhər-axşam yağlayardı.
Qoyub dəmir bir sandığa,
Açar ilə bağlayardı.

İş zamanı Zəhmət yalnız
Ona sadiq yoldaş idi.
Hər bir çətin, hər amansız
Qara gündə qardaş idi.

Yer şumlayır, biçir, əkir
Toz-torpağa bürünərək.
Hər bir yükü Zəhmət çəkir
Ayaqlarda sürünərək.

Göy çırağı axşam sönür,
Yavaş-yavaş çökür zülmət.
Alış dayı evə dönür,
Ayağında tozlu Zəhmət.

Dəhlizə çatdığı zaman
Onu atır bir bucağa.
Zəhmət sızlar bu yaradan.
Tapdaq olur hər uşağa.

Qapıdan hər girən, çıxan,
Ayaqlayıb keçər onu.
İt-pişik də verməz aman,
Dırnağilə didər onu.

Alış bir gün döndü evə,
Açdı dəmir sandığını,
Dil tökərək sevə-sevə,
Yağladı öz çarığını.

Bu hörməti gördü Zinət,
Böyük qürur gəldi ona.
Toz-torpaqda yatan Zəhmət
Baxdı ona yana-yana.

Dedi: — Zinət, biz yoldaşıq,
Ey sevimli gözəl qardaş,
Mən varlığam, sən yaraşıq,
Varlıq olur hər yerdə baş.

Bu haqqını yoxdur danan,
Bizə sənsən zinət, bəzək.
Mənəm sizi canlandıran,
Qardaşa da hörmət gərək!

Nədən doğur bu başqalıq?
Sən başda, mən ayaqlarda?
Bu haqsızlıq, bu lovğalıq
Dastan olmuş dodaqlarda.

Zinət dedi: — Əziz qardaş,
Neyləmək, belədir insan!
Bu gün mənəm hər yerdə baş,
Sən də kölgəmdə gəz, dolan.

Bax, özün də etdin iqrar,
Mənsiz həyat nəyə gərək!
Düzdür, az-çox xidmətin var.
Sən göz olsan, mənəm bəbək.

Bu faydasız deyişmələr
Uzandıqca hey uzandı.
Ayranına kim turş deyər?
Biri yandı, biri qandı.

İl dolandı, zaman keçdi,
Dəyişmədi onun halı.
Hey çalışdı, əkdi, biçdi,
Gördü yoxdur istiqbalı.

Hey çalışır səhər-axşam,
Ancaq verilməyir qiymət.
Zinətə hər gündür bayram,
Buna qara gündür qismət.

Dedi: — Xeyrə qiymət verən
Tapılmayır bu torpaqda.
Əzizlənir zinət verən,
Mən çeynəndim hər ayaqda.

Alış dayı, Alış dayı,
Yaxşılığın bumu payı?

Zəhmət ordan uzaqlaşdı,
Az getdi o, üz getdi o,
Çaylar keçdi, dağlar aşdı,
Dərə-təpə düz getdi o.

Hər yerə ki basdı ayaq,
Yaşıllandı, çox şən oldu.
Hər bataqlıq, hər şor torpaq
Könül açan gülşən oldu.
Şənlik endi çəmənlərə,
Yaşıl geydi hər dağ-dərə.

Alış dayı o gün səhər.
Oyanmışdı qaranlıqdan.
Əkin-biçin onu gözlər,
Əsər yoxdur çarığından.

Hər tərəfə tez baş vurdu,
Alt-üst etdi o həyəti,
Ev xalqından bir-bir sordu,
Görən yox idi Zəhməti.

Bir-birinə vurdu kəndi,
Xəbər aldı hər yetəndən.
– Zəhmət! – deyə, çox səsləndi,
Tapılmadı görən, bilən.

Yorğun-arğın döndü evə,
Unutdu artıq Zəhməti.
Oxşayaraq sevə-sevə
Yağladı nazlı Zinəti.

Könül quşu oldu Zinət,
Səhər-axşam keyfə daldı.
Yedi, içdi bir az müddət
Təknələrə təpik çaldı.

İşsizlik tez yordu onu,
Daha gül açmadı murad.
Əyyaşlığın yoxdur sonu,
Dadsızdır zəhmətsiz həyat.

Artıq darıxırdı Alış,
Sanma hər keyf ömürlükdür.
Könlündəki nəşə qaçmış,
Həyat ona ağır yükdür.

Azuqəsi çıxmış əldən,
Kənddə ac və çaşqın gəzir.
Hər gün töhmət alır eldən,
Ürəyini tənə əzir.

Zinətin də rəngi qaçmış,
Gündən-günə saralırdı.
Dərdi-qəmi başdan aşmış,
Xəstə kimi sozalırdı.

İnlədi: – Ah, keçən günlər,
Zəhmət ilə qəlbim şəndi.
Bu tarlalar, çöl-çəmənlər
Mənim üçün bir gülşəndi.

– Alış, səndə oldu təqsir,
Küsdürdün dostun Zəhməti.
Bizdən ancaq gördü təhqir,
Etmədik lazım hörməti.

İnləyərək dedi Alış:
– Zəhmət imiş bizə kömək!
Bu çölləri qarış-qarış
Gəzib onu tapam gərək!

Hər ikisi qalxdı birdən.
Ulduz göz qırpırdı aya.
Gəzə-gəzə o çölləri
Çatdılar köhnə tarlaya.

Bir qayanın ətəyində
Bardaş qurdu Zinət ilə.
Keçmişləri ürəyində
Xatırladı həsrət ilə.

Döndü cansız bir qayaya,
Gözlərinə çökdü duman.
Baxdı işıq saçan aya.
Qəlbində qopdu həyəcan.

Dedi: — Zinət, bir baxsana,
Tayalardan yoxdur əsər.
Nəzər saldıqca hər yana,
Ürəyimi yeyir kədər.

Ahım ucalır göylərə,
Qəlbim yanıb külə dönür.
Kədər verir bu mənzərə,
Gözlərimin odu sönür.

Zəhmət bir dağ çəkdi mənə.
Söylə, Zinət, biz neyləyək?
– Dərdimi artırma yenə,
Çox inləmə, tez dur, gedək!

Alış döndü boz qayaya,
Gözlərinə çökdü duman.
Bu ağrını duya-duya
Yol ilə getdiyi zaman.

Qarşısına bir qab çıxdı.
Alış götürüb tez açdı;
İçindən bir kitab çıxdı.
Oxuyunca rəngi qaçdı:

“Bu dünyada sev zəhməti,
Odur həyatın zinəti!”
Daldı dərin düşüncəyə,
Bir ah qopdu dodağından:

“Ey sevimli Zəhmət!” — deyə
Yaş töküldü yanağından.
Dedi: — Səni, gözəl əmək,
Harda olsan, tapam gərək!

Baş götürüb düşdü yola,
Xəbər tutdu hər yetəndən.
Yollarda çatıb hər elə
Soruşurdu hər ötəndən.

Zinət ilə dağı-daşı,
Dəli kimi dolaşırdı.
Dincəlib hər keçid başı,
Başqa dərə, dağ aşırdı.

Çox axtardı, çox dolaşdı,
Gecələri etdi səhər.
Çöllər gəzdi, dağlar aşdı,
Zəhmətdən yox verən xəbər.

Çıxdı uca dik bir dağa,
Hər tərəfə etdi diqqət.
Göz gəzdirdi sola-sağa,
Yenə görünmədi Zəhmət.

Gördü döşündə iynə var.
Onu sancdı dağ qaşına.
İynə oldu böyük çinar,
Çıxdı çinarın başına.

Boylandı, əl göz üstündə,
Hər tərəfə saldı nəzər.
Qəlbi yandı köz üstündə,
Zəhmətdən görmədi əsər.

Bir də baxdı uzaqlara,
Gördü Zəhmət sürür kotan.
Toz-torpağı yara-yara
Hey çalışır yorulmadan.

Şumladığı yerin, gerçək,
Nə ucu var, nə bucağı.
Doğru imiş, dedi, əmək
Şənləndirir hər torpağı.

Alış dayı endi dağdan,
İri-iri addım atdı.
Qəlbində odlu həyəcan
Gəldi o, Zəhmətə çatdı.

Salam verib hörmət ilə,
Dedi: – Zəhmət, bu nə işdir!
Məndən neçin küsdün, söylə?
Aman, bu nə tərpənişdir?

Ellər tənə vurur bizə,
Dostu atmaq nəyə gərək!
Gəl, qayıdaq evimizə,
At kotanı, durma, gedək!

Zəhmət dedi: – Alış dayı,
Get, səninlə barışmaram.
Bilməyirsən haqqı-sayı,
Köksümdə sızlayır yaram.

Məndən əl çək sən bir kərrə,
Unut artıq, at daşımı.
Yox, dözmərəm o təhqirə,
Alçaltdın yüksək başımı.

Mənəm səni şənləndirən,
Mənəm sənə həyat verən,
Sərvət verən, zinət verən,
Uçmağa qol-qanad verən.

Yanında heç hörmətim yox,
Sən eylədin tapdaq məni.
İndi ki bir qiymətim yox,
Zinəti sev, burax məni.

Onu yağla, qoy sandığa,
Səninçin artıq mən nəyəm!
Get, hörmət et o çarığa,
O doğmadır, mən ögəyəm.

Alış dayı: – Sən haqlısan,
Ey canım, vicdanım Zəhmət!
Barışaq, keç günahımdan,
Məndən sənə min-min hörmət!

Başım dəydi daşdan-daşa,
Bildim daha qiymətini.
Düzdür, zinət gəlir xoşa,
Mən tutaram hörmətini!

Zəhmət sevimli həyatdır,
Sənsən mənim qəlbim, canım.
Zinət bizə qol-qanaddır,
Ey istəkli mehribanım!

O gündən ki bu torpağa
Babalarım qoymuş ayaq,
Bu ölkədə hər ocağa
Şənlik saçan sənsən ancaq!

Bunu deyib o, Zəhməti
Birdən-birə qucaqladı,
Zinətin coşdu şəfqəti,
Onu gül kimi qoxladı.

Dedi: — Qardaş, bir bax, sənsiz
Heyva kimi saralmışıq.
Səhvimizi anladıq biz,
Bu işdən ibrət almışıq.

Zəhmət uydu şirin dilə,
Dostlarımız barışdılar.
Yenə verdilər əl-ələ.
Təbiətlə yarışdılar.

Hər bir işə sevgi gərək,
Hey çalışır Zəhmət, Alış.
Yerin bağrını sökərək
Əkir, biçir, qarış-qarış.

Tarla geyib qızıl atlas,
Dəniz kimi dalğalanır.
Geniş-geniş alır nəfəs,
Beşik kimi yırğalanır.

Budaqlarda ötür bülbül,
Ətir saçır çəmən, çayır.
Ağır başlı sarı sünbül
Boynun bükmüş, parıldayır.

Ona baxdıqca hər könül
Doymaz, alar nəşə, sevinc.
Dənə dolmuş sarı sünbül
Deyir: “Zəhmət, gəl bizi biç!”

Zəhmət girdi o tarlaya,
Biçdi qızıl sünbülləri.
Hər tərəfdə vurdu taya,
Şənləndirdi könülləri.

Göydə parlayan ay, ulduz,
Yerə saçırdı aydınlıq.
Gecə olmuşdu bir gündüz,
Hər yana hakimdi işıq.

Mürgü çökmüş çölə, dağa,
Qalın meşə görür yuxu.
Qonmuş yaşıl bir budağa,
Kəsik-kəsik ötür ququ.

Ulduzlarla əylənərək
Ay göz qırpır, Zəhmət, Zinət
Tayalara söykənərək,
Şirin-şirin edir söhbət.

Hər tərəfə Alış baxdı,
Qəlbi güldü al şəfəq tək.
Gözlərində şimşək çaxdı,
Kişi oldu lap sevincək.

Hələ Zəhməti, Zinəti
Görüncə bir yerdə çox şən,
Ürəyində məhəbbəti
Dəniz kimi coşdu birdən.

Qaçıb girdi gülə-gülə
İki dostun arasına.
Saldı böyük fərəh ilə
Hər qolunu bir boyuna.

Bir yanında gözəl Zəhmət,
Ürəyinə saçır işıq.
Bir yanında nazlı Zinət
Verir həyata yaraşıq.

Baxdı coşqun təbiətə,
Gördü mahtab aləm açmış.
Baxdı Zəhmətə, Zinətə,
Dedi: — Kitab doğru yazmış:
“Bu dünyada sev zəhməti,
Odur həyatın zinəti!”

1944

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.