Xalq düşməninə – Abdulla Şaiq

Xalq düşməninə

Dayan, dayan, cahil memar, bina, otaq əyridir,
Çünki o əl, o göz, qulaq, o baş, ayaq əyridir.
Bacarıqsız bir memarsan yeni bina qurmaqda,
Ancaq məharətin vardır dağıtmaqda, qırmaqda.
Rəyasətə iştahan var, budur səni qudurdan,
Bu rütbəyə bir təsadüf atdı səni çuxurdan.
Yoxsa səndə nə bilik var, nə şüur, nə bacarıq,
Niyə, rütbəpərəstliyin verdi sənə koxalıq?!
Sən də bunu duyduğunçun tutdun yanlış bu yolu,
Dost adına qırdın, yıxdın, taladın sağı-solu.
Rəyasətdə qalmaq üçün yürütdüyün siyasət
Hər addımda, hər sınaqda verdi min-bir fəlakət.
Tarix bunu göstərəcək, nələr, nələr yapdın sən!..
Ölkəmizdə qulaq batdı acı matəm səsindən.
Cahil, məğrur insanlarda nə ürək, nə vicdan var.
Təbii, boş təbillərin səsi şiddətlə gurlar.
Yaxın-uzaq hər bir dövrü axtardım tarix boyu,
Hər qanlı tac, hər sancağı, zər bir sopu, hər soyu.
Belə vəhşi bir qatilə təsadüf etmədim mən,
Xalqın müdriklərini məhv edirsən kökündən…
Dayan, yetər, cahil sərxoş, zülmün də ölçüsü var,
Uçurumdan sıçramazlar, onun da körpüsü var.
Xaqanlarda görünməmiş bu mənəmlik, bu mənlik,
Xalqın qanlı göz yaşları sənə oldu toy, şənlik.
Cəhalətdən, dayazlıqdan doğar qürur və inad,
Boz dalğalar sahillərdə açar ancaq qol-qanad.
Şahin yerin tutmaq üçün çırpındın, ey yapalaq,
İstəyirdin boş baş ilə tarixdə ad qazanmaq.
Bunu sənin hər addımın, hərəkətin göstərdi,
Tarlasında tikan əkən nə zaman sünbül dərdi?
Göz yaşıyla suvarıldı bu göy tarla, bu xırman,
Yetimlərin ahı ilə işlədi hər dəyirman.
Ziyafətsiz, mey-məzəsiz bir günün varmaz başa,
Sür şüursuz eşşəyini hər enişə-yoxuşa.
Qəhqəhəylə gülər sənə qədəhlərə axan mey,
Dövlət nədir, millət nədir sənin kimi sərxoşa.

1937

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.