Vətənə qayıdarkən – Abdulla Şaiq

Vətənə qayıdarkən

Ey bulanıq Kür, dərə, səhra, çəmən!
Bu görünən sənmisən, ah, ey vətən?!
Könlüm açıldı yenə gördüm səni,
Ey ulu əcdadımızın mədfəni1!
Çoxdan idi həsrət idim vəslinə,
Aç qolunu, aç, sənə gəldim yenə.
Ömrümün ilk şərbətini zövqlə
Sən mənə içdirdin onu şövqlə.
Mən uşaq ikən hələ, ey şux mələk,
Dağ-çəmənindən yığar idim çiçək.
Dayəm idi bu dərə, dağlar mənim,
Oylağım olmuş idi bağlar mənim.
Kür çayının dadlı, gözəl nəğməsi,
Sellərinin vəhşi, fəqət xoş səsi
Layla çalırdı mənə, ah, ey vətən,
Mən beşiyimdə hələ körpə ikən.
Ah, uşaqlıq, haraya getdin, ah?
Ah, səadət, necə tez bitdin, ah!
Duymaz idim onda bu zillətləri,
Çəkməz idim bunca fəlakətləri.
Onda səninlə ürəyim şad idi,
Qəlb evi gülşən kimi abad idi.
Anlamaz idim ki, nədir qəm, vətən,
Ah anacan, söylə bu hüznün nədən?
Qaplamış ətrafını zülmət, duman.
Səfvətini2 pozmuş o zalim xəzan.
Qəmlərini ver mənə, ah, ey vətən!
Qollarını gərsənə ah, ey vətən!
Aç qolunu, aç, a könül dayağı!
Çün anadır hər uşağın sığnağı.

1909

1 Məzarı
2 Paklığını

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.