Uşaq bağçası – Abdulla Şaiq

Uşaq bağçası

Səhər bağça şənlənir,
Bir-bir uşaqlar gəlir.
Dolur otaq, artırma,
Ucalır hey səs-səmir.
Müdirə, mürəbbiyə,
— Ay, xoş gəldiniz, — deyə
Uşaqlara yanaşır,
Şirin-şirin danışır.

Odur Solmazla Azər
Evlərindən gəlirlər.
Azər çəkib özünü,
Soyunub paltosunu
Asır dərhal çəngələ.
Solmaz körpədir hələ.
Çəngələ çatmır əli.
Açılıb şirin dili
Azərə deyir Solmaz:
Paltomu çəngəldən as!

Solmaz deyir: ay Azər,
Çəngələ bax, nə qədər?..
Hər çəngəldə bir şəkil:
İt, dovşan, avtomobil…
Sən say bu şəkilləri,
Mən də ki, çəngəlləri.
Saydı onlar əlbəhəl:
Qırx şəkil, qırx da çəngəl.
Azər dedi: — Solmaz, bax,
Bağçada var qırx uşaq.
Pişik olsun səninki,
Avtomobil mənimki.
Həsəninki ayroplan,
Sevilindi boz dovşan.
Nə çox şəkil var gerçək!
Qoyun, toyuq, at, eşşək…
Sevil, Həsən bu zaman
Şad girdilər qapıdan.
Sevil girib içəri,
Gəldi bir az irəli,
Qaldırdı sağ əlini
Açdı şirin dilini:
— Mürəbbiyə, mən hazır!
— Cumbul Həsən də hazır!
Güldü uşaqlar birdən,
Mürəbbiyə oldu şən.
Qucaqladı Sevili,
Şən qızı, şirin dili.

Çay içməkçin bir azdan
Düzüldü neçə fincan:
Ağ, sarı, göy, qırmızı.
Bu şad etdi Solmazı.
O götürdü göy fincan.
Üstündə bir boz dovşan.
Xeyli baxdı doymadı,
Fincan ilə oynadı.
Çayı dağıtdı birdən,
Tez sıçradı yerindən.
Qorxusundan ağladı,
Gözündən yaş çağladı.

Oyuncaqlar paylandı,
Şirin oyun başlandı.
Coşdu bütün otaqlar,
Burda hər nə desən var:
Azər paroxod çəkir,
Həsən, Sevil ev tikir.
Çəkic əlində Aslan
Buruq tikir ağacdan.
Solmaz əlində kukla
Oynayır tək onunla.
Oyun getdikcə qaynar,
Doymaq bilmir uşaqlar.

“Saat oldu on iki”,
Söylədi mürəbbiyə:
— Uşaqlar iki-iki
Düzülünüz cərgəyə.

Düzüldü sıra:
Həsənlə Kübra,
Solmazla İsgəndər,
Sona Azərlə.

Almaz ilə Heydər,
Fatma Əkbərlə,
İldırım Gülüşlə
Tutdu əl-ələ.

Solmaz çox kiçikdir
Düşüb arxaya,
Dəstə sevinclə gedir
Böyük bağçaya.

Orda bir hovuz var
Dörd yanı çiçək.
Üstündə oynaşır
Durna, qaz, ördək.
Solmaz qalır dala,
Təkrar yügürür,
Baxır sağa, sola,
Çox şeylər görür.

Oxuya-oxuya
Gedirlər onlar,
Hovuzlu bağçaya
Çatdı uşaqlar.
Bu təmiz havada
Gəzişdi dəstə,
Oynayıb bağçada
Qızışdı dəstə.

“Saat oldu düz iki”
Söylədi mürəbbiyə:
— Uşaqlar iki-iki
Düzülünüz cərgəyə.
Düzüldü sıra:
Həsənlə Kübra,
Solmazla İskəndər
Sona Azərlə,

Almaz ilə Heydər
Fatma Əkbərlə,
İldırım Gülüşlə
Tutdu əl-ələ.

Düzülüb sıraya
Deyib güldülər,
Oxuya-oxuya
Geri döndülər.

1935

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.