Üç lövhə – Abdulla Şaiq

Üç lövhə

I

Sıtmalı1 təbiət inlərdi yorğun,
O coşqun dənizlər göl kimi durğun,
Kainat sanki bir gözələ vurğun —
Hər şeydə sevdalı bir göz var idi.

İsti bir ruzgardan hey için-için
Yer, göy bir qor kimi yanırdı neçin?
Çöllərdə susmuşdu qumru, bildirçin,
Onlarda mənalı bir söz var idi.

Üfüqlər dalğındı, göylər ləkəli,
O xəstə ağaclar bayğın, kölgəli,
Ortaya şübhəli sükut çökəli,
Zülmətlə çarpışan gündüz var idi.

Şahinlər yüksəkdə süzər kimiydi,
Bayquşlar şum röya görər kimiydi,
Atəşdən bir pəri gülər kimiydi,
İçində alışan bir göz var idi.

 II

Mehvərmi ya pozuldu, məhşərmi qopdu, bilməm?
Mərrixəmi2 toxundu ölgün duran bu aləm?
Dünyamı sarsılırdı, ruzgarmı rəqs edirdi?
Göylərmi parçalanmış, yerlərmi titrəyirdi?
Hürmüzlə Əhrimənmi çarpışırdı meydanda?
Günəşli bir səhərmi başlanırdı cahanda?
Dünyanı alt-üst edən bilməm ki, hansı qüvvət?
İnlərdi pəncəsində sərxoş kimi təbiət.

Dikbaş, qürurlu çamlar titrərdi zanbaq kimi,
Daş ürəkli qayalar uçurdu yarpaq kimi.
Sel, vulkan fışqırırdı yerin həyat damarı,
Kökündən devrilirdi kürənin şah dağları.
Çürük, cansız kötüklər için-için yanırdı,
Bir inqilab içində hər şey yuvarlanırdı.

 III

Yenə göylər geyindi atlas don.
Yenə yerlər səfa içində üzər.
Yenə hər şey təbiətin ən son
Canlı bir musiqisini dinlər.

Nur, şəfəq, rəng, hava, dəniz, göy, yer
Nazənin bir şer qədər parlaq.
Bir şerdən də incə, həm dilbər
Şux təbiət belində al qurşaq.

Bir gözəllik həyata ruh olmuş,
Elə bir ruh ki, nur kimi əmilir.
O qədər xoş ki, hər baxış və duruş
Canlı ilham qədər sevimli gəlir.

1929

1 Xəstə, düşgün
2 Mars ulduzunamı

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.