Tülkü və xoruz – Abdulla Şaiq

Tülkü və xoruz

Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.
 Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:
 — Xoruz qardaş, nə gözəl səsin var. Sənin səsin bu çöldə ötən bülbüllərin səsindən də ürəyə yatımlıdır. En aşağı, dost olaq. Mən bir dəf tapıb çalım, sən də oxu, ikilikdə bu yaşıl çəməndə gözəl gün keçirək.
 — Yox, tülkü baba, — deyə xoruz ona cavab verdi, — Mənim vaxtım yoxdur. Kef məclisini qoyaq sonraya. Bu gün başım çox qarışıqdır.
— İşinin adı nədir?
Xoruz cavab verdi:
 — Tülkü baba, bu çöl mənə babamdan qalıb. Burada mən bir kənd salmaq istəyirəm.
 — Elə isə en aşağı, bu yerdən mənə də bir parça ver, özümə bir ev tikim. Gecə-gündüz sənə dua edərəm.
Xoruz vüqarını pozmadan cavab verdi:
 — Bu işə mənim mühəndisim baxır, get, dərdini ona söylə, o sənə bir parça yer ayırıb verər.
 Tülkü elə sandı ki, xoruzun mühəndisi bir toyuq olacaq. Ona görə də tez soruşdu:
— Sizin o mühəndis haradadır?
— Odur, ağac altında yatır.
 Tülkü ağac altını gəzərkən Alabaş it onu gördü. Tez qalxıb tülkünün üstünə cumdu. Tülkü qaçdı, it qaçdı, qarşıya bir uçurum çıxdı. Tülkü uçurumu görüb tez geriyə döndü. Yenə həmin ağaca tərəf qaçmağa başladı. Ağacın yanından keçərkən xoruz ucadan soruşdu:
— Tülkü baba, ölçdüyün bu qədər yer sənə bəs deyilmi? Dayan!
Tülkü cavab verdi:
 — Danışmağa vaxtım yoxdur, ancaq bu boz mühəndis sənə yaxşı kənd abad edər.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.