Tülkü və aslan – Abdulla Şaiq

Tülkü və aslan

Meşədə tülkü axtarırdı şikar,
Qızmış aslana birdən oldu düçar.
Salladı zorba, tüklü quyruğunu,
Yalmanıb hiylə ilə öydü onu:
— Tanıyıram, — dedi, — ata-ananı,
Əslini, nəslini, ulu babanı.
Atana mən çox etmişəm xidmət,
Bəsləyirdim ona böyük hörmət.
Bu sayaq o, dilə tutub şiri,
Ürəyində tökürdü tədbiri.
Gəldilər bir uca dağın başına,
İstəyirdi zəhər qata aşına.
Tülkü həsrətlə çəkdi bir neçə ah,
Dedi: — Məhrum atan sənin, ey şah,
Ayağını vurardı torpağa,
Atılardı bu dağdan o dağa.
Hanı bu şirlərdə o cürət,
O hünər, o qoçaqlıq, o qeyrət!
Eşidib şir bunu qəzəbləndi,
Tülküyə əyri baxdı, hirsləndi.
Ayağını vurub dağa o zaman.
Tez atıldı qürur ilə aslan.
Dərəyə baş-ayaq yuvarlandı,
Tülkünün hiyləsinə aldandı.
Qırılıb qol-qabırğası, ölü tək
Düşdü bir yanda; dərdli inləyərək,
Çağırırdı o, tülkünü köməyə.
Endi tülkü yavaş-yavaş dərəyə.
Dedi şirə ki: — Səndə yox cürət,
Nə hünər, nə qoçaqlıq, nə qeyrət.
Heç yaraşmır bu aslan adı sənə.
Vurdu şirə acı-acı tənə:
— Nə deyirsən de, gəlmişəm köməyə.
Quyruğun saldı ağzına yeməyə.
Dedi aslan ona: — Sən, ey əyyar!
Gəl başımdan ye, gör nə ləzzəti var!
Dedi tülkü: — Tələsmə, ey nadan,
Quyruğundan yeyə-yeyə əlan,
Başına da yavaş-yavaş çataram,
Qan içən kəllənə zəhər qataram.

1912

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.