Tıq-tıq xanım – Abdulla Şaiq

Tıq-tıq xanım

Gəlin, sözə uşaqlar,
söyləyim bir hekayət:
Dozanqurdu edirdi
yalqızlıqdan şikayət.
Soğan qabıqlarından
bir çadra tikdi, şıq-şıq.
Fındıq qabıqlarından
çarıq geyindi, tıq-tıq.
Ətir vurdu başına,
bəzək verdi özünə;
Qara yaxdı qaşına,
sürmə çəkdi gözünə.
Naz ilə yavaş-yavaş,
yola düzəldi birbaş.
Çöl-çəməni gəzirdi,
axtarırdı bir yoldaş…

Göy təpənin döşündə
oturmuşdu bir çoban.
Dedi: — A dozanqurdu,
  hara gedirsən? Dayan!
Dozanqurdu çevirdi
  qara, muncuq başını,
Acıqlanıb dayandı,
  oynatdı göz-qaşını,
Dedi: — Ehey, ay çoban,
  bir yaxşı aç gözünü,
Bax, gör kiməm, anla bir
  söylədiyin sözünü!
Mənə eldə-obada
  Tıq-tıq xanım deyərlər.
Bir az düşünüb danış,
kobud olma bu qədər.
Çoban dedi: — Bağışla,
  qurban o şirin dilə.

Tıq-tıq xanım, de görüm,
  hara gedirsən belə?
Tıq-tıq xanım oynatdı
Qara, muncuq başını,
Gözlərini süzərək,
  çatdı qara qaşını,
Dedi: — Çoban, bağışla,
  ömürlər çox gödəkdir;
Bu çöllərdə yalqızam,
  mənə yoldaş gərəkdir.
Çoban yanaşdı ona,
  söylədi: — Ay qaraqaş,
Bu ellərdə tapılmaz
mənim kimi bir yoldaş.
Gəl burda qal dost kimi,
  səni tutaram əziz.
Ağzıma bir tikə də,
  inan, qoymaram sənsiz.
Tıq-tıq xanım söylədi:
— Acıqlandırsam səni,
Doğru söylə, ay çoban,
  nəylə döyərsən məni?
Çoban qapdı çomağı,
  Dedi: — bununla, bir bax…

Dozanqurdu qorxudan
qaçdı tez ordan uzaq…
Getdi… getdi…bu dəfə
tülküyə oldu düçar.
Tülkü dedi: — Bir dayan,
dozanqurdu, sözüm var!
Gəlin kimi özünə
vurub yaraşıq, bəzək,
Hara gedirsən belə?
Durma, söylə, a göyçək!
Dozanqurdu çevirdi
 qara, muncuq başını,
Acıqlı bir tövr ilə
oynatdı göz-qaşını
Dedi: — Nə söyləyirsən?
Gözlərini yaxşı sil!
Diqqətlə bax, gör kiməm?
Danışdığın sözü bil!
El bilir, ölkə bilir,
Tıq-tıq xanımdır adım!..
Tülkü dedi: — Ay xanım,
bağışla, tanımadım.
Adını bilməyirdim,
xanım, bağışla məni;
Dilim-ağzım qurusun,
yaman incitdim səni.
Ay Tıq-tıq, şıq-şıq xanım,
hara gedirsən belə?
Gəl bu tülkü lələni
nigaran qoyma, söylə!
Tıq-tıq dedi: — A tülkü,
ömürlər çox gödəkdir,
Bu çöllərdə yalqızam,
mənə yoldaş gərəkdir.
Tülkü dadlı dil ilə
söylədi: — Ay qaraqaş,
Bu ellərdə tapılmaz
mənim kimi bir yoldaş.
— Çox gözəl, bir sözüm var,
durma, başa sal məni.
Məni nəylə döyərsən
acıqlandırsam səni?
Tülkü dedi: — Salaram
səni iti dişimə,
Çeynəyərəm, didərəm,
gedərəm öz işimə…
Dozanqurdu bu sözdən
diksinərək, qorxaraq,
Çadrasını yelləyib
qaçdı tez ordan uzaq…
Tıq-tıq xanım gedirdi
arxasına baxmadan;
Birdən onun yolunu
kəsdi bığlı bir siçan.
Qarşısında şöngədi,
  qulağını diklədi.
Şirin-şirin dil açdı,
  ona belə söylədi:
— Saçı uzun Suray xanım,
  Boynu uzun Buray xanım,
  Sığal verib qara telə,
  Hara gedirsən belə?
Bu söz ona xoş gəldi,
  açdı tez yaşmağını,
Çadrasını yellətdi,
  oynatdı başmağını,
Dedi: — Yalqızlıq sıxır
  məni, gözüm Siçan bəy!
Özümə layiq yoldaş
  axtarıb tapam gərək!
Siçan dedi: — Mən kimi
  yaxşı yoldaş tapılmaz;
Gəl bir yerdə yaşayaq,
  damağı çağ, kefi saz.
Dedi: — Sənə sözüm yox,
  ancaq başa sal məni,
Söylə, nəylə döyərsən
  acıqlandırsam səni?
Siçan dedi: — Yavaşca
  quyruğumu bükərəm,
O incə göz-qaşına
  qara sürmə çəkərəm.
Tıq-tıq xanım çadranı
  yellətdi çox sevincək,
Söylədi: — Bu şərtə mən
  razıyam, di, gəl gedək!
Tez verdilər əl-ələ,
  yoldan iraq keçdilər;

Siçanın daxmasında
  bir ay yeyib içdilər.
Bir gün Siçan bəy dedi:
  — Ay Tıq-tıq, şıq-şıq xanım,
Mənim gözəl yoldaşım,
  mənim ciyərim, canım!
Bu gün xanın evində
  toy var, dadlı yemək var,
Şəkər, noğul, qatlama,
  fətir, yağlı çörək var.
Sən yuvadan çıxma ha,
  mən gələnədək, dayan…
Tıq-tıq razılıq verdi…
  düzəldi yola siçan.
Sevincək, xan evinə
  gedirdi yorğa-yorğa.
Saraya yetişincə,
  sıxıldı bir bucağa.
Qatlamanı, noğulu
  xırt-xırt ilə yeyirdi;
Bığlarını silərək,
  öz-özünə deyirdi:
“Tıq-tıq xanım yalqızdır,
  onsuz haramdır yemək,
Bu noğuldan, şəkərdən
  ona aparım gərək!..”

Dozanqurdu yuvada
  yalqız qalıb darıxdı.
Həm də bir az susuzdu,
  durdu, yuvadan çıxdı.
Gəldi bir yol ağzına,
  baxdı o yan-bu yana;
Bir çuxurda su görüb
Tıq-tıq yanaşdı ona.
Əyilib su içəndə,
  birdən düşdü çuxura,
Gördü ki, lap boğulur,
  əl atdı ora-bura.
Sudan çıxa bilmədi,
  bağırdı: — Ay-vay, kömək!..
Ancaq onun səsini
  eşitmədi Siçan bəy…
Gördü gəlir atlılar,
  şirin söhbət edirlər;
Batıb qızıl-gümüşə,
  xan evinə gedirlər,
Çuxurda, su içində
  onun halı ağırdı,
Birdən uca səs ilə
  atlıları çağırdı:
— Tarap-turup atlılar,
Atları qanadlılar!
Xan evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
Saçı uzun Suray xanım,
Boynu uzun Buray xanım
Düşübdü su çuxuruna,
Tez özünü yetir ona!
Atlılar hər tərəfə
  durub diqqət etdilər,
Görmədilər bir nəfər,
  yola düşüb getdilər.
Xan evinə çatınca,
  hamı atından endi;
Doluşdular saraya,
  xan məclisi şənləndi.
Hörmət ilə oturdu
  hamı qızıl kürsüyə,
Qonaqlardan birisi:
— heyrətli işdir, — deyə,
Söylədi: — Biz bir yolun
qırağından keçərkən,
Bu sözləri söyləyən
bir səs eşitdik birdən:
“Tarap-turup atlılar,
Atları qanadlılar!
Xan evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
Saçı uzun Suray xanım
Boynu uzun Buray xanım
Düşübdü su çuxuruna,
Tez özünü yetir ona!”
Baxdıq o yan-bu yana,
diqqət etdik nə qədər,
Çox heyrətli bir işdir,
görünmədi bir nəfər…

Eşidincə bu sözü,
Siçan qalxdı yerindən,
Dedi: “Tıq-tıq xanıma
kömək etməliyəm mən”.
Atdı noğul, şəkəri,
tez çıxdı o, saraydan;
Tıq-tıq xanıma tərəf
yorğalayırdı Siçan…
Yuvasına çatınca,
yaxından bir səs gəldi;
Bu səs onun bağrını
bir xəncər kimi dəldi.
Bildi Tıq-tıq xanımdır,
boğulurkən bağırır,
Öz dostunu dar gündə
harayına çağırır.
Tez səsinə səs verdi,
o tərəfə yüyürdü
Bir kiçik gölməçəyə
yetişincə, nə gördü:
Tıq-tıq xanım çuxurda
boğulur, əl-qol atır;
Gah çıxır su üzünə,
gah birdən-birə batır…
Bunu gördü, Siçanın
dərdi başından aşdı;

 Yüyürdü, öz dostuna
belə şirin dil açdı:
 — Əlini mənə, bəstərəcik!
 — Yox, mən səndən küstərəcik…
 — Əlini mənə, bəstərəcik!
 — Yox, mən səndən küstərəcik…
 — Əlini mənə, bəstərəcik!
 — Yox, mən səndən küstərəcik…
 — Küstərəcik ha, küstərəcik,
  Bir daş üstündən əndərəcik!
  Daşı vurdu başına,
  bir az qəmləndi… yenə
  Toy noğulu yeməkçin
  qayıtdı xan evinə.

1910

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.