Tapdıq dədə – Abdulla Şaiq

Tapdıq dədə

I
Deyirlər bir dağ varmış,
Çağlarmış hey dərəsi.
Kəsilməzmiş yaz və qış
Onun coşqun nərəsi.
Başı, dibi qar, boran,
Papaq geymiş dumandan.

Təbiətin qoynunda
Görmüş sansız qış, bahar;
Ağ saçları boynunda
İnci kimi parıldar.
Şəndir yaxın uzağı,
Gözəldir hər bucağı.

Qarlı, uca, dik başı
Az qalır dəysin aya;
Təpələrlə yanaşı
Köksündə min bir qaya.
Hər daşı, hər koması
Laçın, tərlan yuvası.

Daşda bitən ağacda
Gözü qalır insanın,
O dağlarda, yamacda
İzi var hər zamanın,
Uçar, baxdıqca xəyal,
Gəlir zehnə min sual.

Qoynunda bir göl də var,
“Ceyran gölü” adlanır.
Güzgü kimi parıldar,
Çıraq kimi hey yanır.
Yaşıl köksünə yaz, qış
Min bir çiçək taxılmış.

Alır sərin suyunu
Yaxın qarlı dağlardan,
Qoynunda bəslər onu
Yaşıl donlu bir orman.
Söyüd, çinar, göy qamış
Üstünə kölgə salmış.

Gündüz günəş, gecə ay
Gəlir tamaşasına.
Ətəyindən axan çay
Nəğmə söyləyir ona.
Verir min bir yaraşıq
Ona çiçək, sarmaşıq.

Bu dərədə hər bucaq
Bənzər gözəl çələngə.
Hər gül, çiçək, hər yarpaq
Girdikcə rəngdən-rəngə,
Quşlar verər səs-səsə,
Nəşə gələr hər kəsə.

Qonmuşkən bu xəyalım
Yurdumun bağçasına,
Yalnız var bir sualım
Təbiət fırçasına:
Çəkdinmi böylə lövhə?
Sən sənətin, düz söylə!

 II

Bu dərənin qoynuna
Sığınmışdı bir qoca.
Tapdıq deyirlər ona;
Özü adından uca.
Son günləri yaşar dinc,
Qəlbində sönmüş sevinc.

Gəncliyində bu qoca
Sultanlardan, xanlardan
Cəfa çəkmiş doyunca.
Xalqı sıxdıqca zaman,
Arxa çıxmış yoxsula,
Könül vermiş bu yola.

Toplamış öz başına
Eldə igid gəncləri;
Çıxmış bir dağ qaşına
Açmış döyüş səfəri,
Ad çıxarmış o vaxtdan
Bu ağ saçlı qəhrəman.

Çox yoxsulu qoparmış
Zalımın pəncəsindən.
Qız, gəlini qurtarmış
Zülmün əyləncəsindən.
İllər, aylar baş vurmuş,
Tapdıq yorulub durmuş.

Keçmiş bahar günləri,
Ömrü axmış su kimi;
Yaş adlamış irəli,
Baş ağarmış qu kimi.
Göz bozarmış bel çökmüş,
Xəzan ömrünü sökmüş.

Düşmüş əlindən mizraq,
Ox, yay, qılınc və qalxan;
Olmuş doğduğu torpaq
Ona qaranlıq zindan.
Köksündə bir qarlı qış
Tay-tuşundan ayrılmış.

Dünya görmüş bu qoca,
Çıxmış bərkdən və boşdan.
Vermiş illər boyunda
Çox döyüşdə imtahan.
Sınaqlı Tapdıq dədə
Qatlanmış hər bir dərdə.

Onu tanıyır uzaq,
Yaxın obalar bütün;
Yoxsul, sönük hər ocaq
Dilər ona yaxşı gün.
Kimə bir dərd üz vermiş,
Tapdıq çarə göstərmiş.

Görmüş hələ ölkədə
Zülmün odu sönməmiş.
O vaxtdan Tapdıq dədə
Öz kəndinə dönməmiş.
Lənət etmiş hər şeyə,
Sığınmış bu dərəyə.

 III

Dərənin arxasında köy1 varmış,
Onu çoxdan kədər, zülüm sarmış.
Gecə, gündüz əkir, biçir, yoxsul
Yenə görməz evində bir məhsul.
Daşıyır molla, kətxuda, bəy, xan.
Qan udur kəndli qanlı dövrandan.
Göz yaşıyla becərdiyi tarla,
Qoparır öz başında vaveyla.
Kənddə ən yoxsul, ən təpərli Məmiş,
Bu gedişdən daha cana gəlmiş.
Bükmüş aclıq və ehtiyac belini…
Atdı bir gün Məmiş gözəl elini,
“Fəhləlik eylərəm şəhərdə” — deyə
Endi Tapdıq dədə olan dərəyə…
Qanad açmışdı göylərin tavusu,
Başlamış quşların səhər borusu.
Ötüşür hər budaqda şən, şaqraq,
Səsinə səs verir qaya, irmaq.
Dərə başqa lətafət almışdı,
O, sədalar içində dalmışdı…
Bir daş üstündə Tapdıq əyləşmiş,
Üstünə bir ağac qanad gərmiş.
Gözü yollarda, hey baxar, inlər,
İrmağı, quşları birər dinlər.
Ona yalqızlıq açmış idi yara,
Neyləsin, tapmayırdı başqa çara.
Məmiş isə addımlayırdı yolu,
Ürəyi fırtına, kədərlə dolu..
Tapdığa hörmət ilə yaxlaşdı.
“Uğur olsun” — deyə yaxın gəldi,
Oturub bir qədər də dincəldi.
Söz alıb-verdilər, işi artıq
Anlayınca ona dedi Tapdıq:
“ — Burda hər yer zülümlə həp dolmuş,
Şəhəri, kəndi qanla yoğrulmuş,
Hara gülşən deyə ayaq bassan,
Yoxsul olsan, sənə olar zindan,
Bu göy altında fitnələr vardır,
Bilsən ey vah, bir nələr vardır…
O şəhər də səni əzib, yeyəcək,
Biri quduz qurd dişiylə çeynəyəcək…”

 * * *

Anladırkən bu sözləri Məmişə,
Gəldi Tapdıqla bir kişi görüşə,
Dedi: — Tapdıq, uğurlar olsun, sən
Büsbütün bixəbərsən aləmdən.
Şəhəri almış iztirab, qorxu,
Bu gecə xan görüb qəribə yuxu.
Görmüş o, qurd yağır yerə göydən,
Ona zindan olub saray, gülşən.
Carçı anlatdı xalqa bu yuxunu,
Dedi: “ — Hər kimsə doğru yozsa bunu,
Xan ona xələt iltifat edəcək,
Yozanın baxtı burda işləyəcək”.
Tapdığın gözləri dikildi yerə,
Dedi: “ — Dönsün görüm aşı zəhərə!
Nə qədər ölkədə o Qurd xan var,
Ona göydən donuz da, qurd da yağar.
Qurdumuz azmıdır, nədir qorxu?
Bizi qorxutmasın gərək bu yuxu”.
Kişi bir az sözə davam etdi:
“ — Yolçu yolda gərək”, — deyə getdi.
O gedincə, Məmiş də tez durdu,
Tapdıq ondan gülə-gülə sordu:
“ — Yozmaq istəmirsən xana yuxunu?”
“ — İstərəm, istərəm, tez anlat onu”.
“ — Yuxunu get şəhərdə yoz o xana,
Əvəzində əgər nə versə sana, Yarısı
yoxsula, dula çatacaq.
Kəndə döndükdə haqqı ver ancaq!”
Razı oldu Məmiş onun sözünə,
Gözünü dikdi Tapdığın gözünə.
Dedi Tapdıq: “ — Şəhərdə meydana get!
Toplanış orda olmasa, xana get
Söylə ki, gəlmişəm yozam yuxunu.
Yozmağa razılıq verərsə, onu
Al sarayındakı çiçəkli bağa,
Bax göyə, bax suya, boranı dağa,
Yuxunu sonra böylə yoz: — Ay xan!
Yetişib çox qəribə bir dövrən,
Hamı dönmüş quduz və ac qurda;
Düşəcək qanlı fitnə bu yurda.
Kimsə haqqı, nahaqqı bilməyəcək,
Özgənin haqqını alıb yeyəcək.
Sən ki, xansan, düşün bu dərdə çara,
Düşməsin ölkə, el düyümlü dara.
Elə ki, eşitdi Məmiş su sözü,
Sevincdən heyrətlə açıldı gözü.
Tez qalxıb ayrıldı qoca Tapdıqdan,
Düşündü: “Dərdimə tapmışam dərman.
Həm bəxşiş alaram, daşar dövlətim,
Həm də xalq içində artar hörmətim”.
Dağlardan enərək iti addımla
Məmiş üzün tutdu geniş bir yola.
Uzaqdan çən kimi göründü şəhər.
Məmişin fikrində kim bilir nələr? —
Tələsik şəhərə girdiyi zaman
Gördü ki, dolmuşdur xalq ilə meydan,
Xan kürsü başında ayaqda durmuş,
Xalq isə meydanda boynunu burmuş,
Diqqətlə, heyrətlə xanı dinləyir.
Xan xalqa üzünü tutaraq deyir:
— Bir yuxu görmüşəm, olduqca ağır;
Gördüm ki, göylərdən yerə qurd yağır…
Kim yozsa yuxumu alacaq xələt,
Başından aşacaq onun var, dövlət.
Çıxmadı yuxunu yozan bir nəfər,
Xanın üz-gözünü bürüdü kədər.
Çırpındı Məmişin birdən ürəyi,
Gözündə parladı bütün diləyi,
Yerindən bağırdı: — Xan, yozaram mən.
Yalnız bir şərtim var, ricam var səndən:
Yuxunu, təklikdə gərəkdir yozmaq;
Bir sən ol o yerdə, bir də mən ancaq…
Xan ilə mindilər köhlən atlara,
Yerlərin bağrını hey yara-yara,
Uçdular… qarşıda göründü saray.
Qapıda əsgərlər vurmuşdu alay.
Saraya çatınca endilər atdan,
Girdilər bir bağa, yaşıldı hər yan.
Gül-gülü çağırır, bülbül bülbülü,
Görsə bu büsatı dirilər ölü.
Qərənfil qolunu açmış nərgisə,
Bağçada bülbüllər vermiş səs-səsə.
Sularda yuyunur yaşılbaş sona,
Onlara keşikçi kəsilmiş durna.
Hər yandan açılmış yaşıl xiyaban.
Yanından çay axır, şırıltısından
Partlayır qönçənin incə ürəyi,
Köməyə çağırır o kəpənəyi.
Çiçəklər sığınır incə yarpağa,
Sərinlik yayılır bu gözəl bağa.
Məmiş bu lövhəni görüncə daldı,
Heyrətdən ağzı da açıla qaldı.
Xan dedi: — Durma sən, güclüdür dərdim,
Bilsən bu yuxudan mən nələr dərdim?!
Gecələr gözümə girməyir yuxu,
Qəlbimə soxulmuş həyəcan, qorxu!
Yoz görüm, bu qurdun mənası nədir?
Andıqca, vücudum zağ-zağ titrəyir.
Məmiş tez dönərək baxdı sol, sağa.
Göz dikdi qarşıda ucalan dağa,
Dedi: — Xan, bu yuxun doğru yuxudur,
Gələcək məni də yaman qorxudur.
Dəyişmiş insanlar, dəyişmiş zaman,
Ac qurda dönmüşdür bir para insan.
Əlinə zor ilə keçirir sərvət,
Talayır, gücsüzdə qalmayır taqət.
Haqq, nahaqq tanımaz bir para insan,
Yetişmiş yuxuda gördüyün dövran.
İndidən bir çarə düşün sən buna.
Məmişin sözləri xoş gəldi xana.
Adını, sanını, kəndini sordu,
Dağıldı kədəri, yerindən durdu,
Məmişə verdi bir at ilə xələt,
Yedirtdi, içirtdi, göstərdi hörmət.
Bir kisə qızıl da uzatdı ona,
Dedi: — Al, götür, get, dua et xana.
Xələti geyindi, sıçradı ata,
Atıldı Məmiş bir başqa həyata.
Atının ayağı dəymirdi yerə,
Oradan çaparaq gəldi şəhərə.
Qiymətli bəxşişlər aldı evinə.
Sevinclər içində döndü kəndinə.
Dərədən keçərkən Tapdığı andı,
Tamahkar gözləri məşəl tək yandı,
Dedi: “Bu Tapdıq da dərd oldu mənə.
Mən qızıl qazandım, bundan ona nə?..
Taleyim günlərdən bir gündür seçmiş,
Əlimə bir kisə qızıldır keçmiş;
Üstümə qurd deyil, od yağsa, yenə
Qızıldan vermərəm bu kənd əhlinə”.
Dərədən ötüşdü. Tapdıq görmədən,
Kəndinə çatınca, oldu üzü şən.
Kəndə tez səs düşdü: “Ac, yoxsul Məmiş,
Şəhərdən başqa bir büsatla gəlmiş.
Xan ona göstərmiş hörmət və şəfqət,
Həm qızıl vermişdir, həm at, həm xələt”.
Varlandı, Məmişin iti uladı,
Döndü bir ac qurda xalqı daladı.

 IV

Bir neçə il keçdi bundan,
Yenə gördü xan yuxu.
Qalxdı sərsəm tək yuxudan,
Qəlbinə girdi qorxu.

Car çəkdirdi küçələrdə,
Xəbər getdi Məmişə.
Xalq yenidən düşdü dərdə,
Heyrət etdi bu işə.

Köhlən at mindi Məmiş,
Şəhər deyə yol aldı.
Dedi: “Yaman oldu bu iş,
Ağ günüm nə qaraldı!

Məmiş hara, yuxu hara?
Bunu bilməz bir insan!
Yaman gündə düşdüm dara,
Yozmasam, öldürər xan.

Tapdığı da küsdürdüm, bax,
Boş yerə mən özümdən.
Vəd eylədim vermədim haqq,
Döndüm mən öz sözümdən.

O da mənə oldu düşmən,
Daha yozmaz yuxunu.
Qorxusundan ölsəydi xan,
Atardım bu qorxunu”.

Bu fikirlə çapdı atı,
Endi sulu dərəyə…
Qırıldı sanki qanadı,
Tapdıq görməsin deyə,

Sovuşub getmək istərkən,
Tapdıq onu çağırdı:
— Görüşməmiş bu dərədən
Keçmə! — deyə bağırdı.

Məmiş atı tez qaytardı,
Salam verdi Tapdığa.
Onu acı duyğu sardı,
Əl atdı bir budağa.

Tapdıq ona: — Qırma! — dedi. —
Qırmaq zalım işidir.
Hər kim qansız çörək yedi.
Bax, o, igid kişidir!

Yolçulardan eşitdim mən
Yenə yuxu görmüş xan.
Görmüş qılınc yağır göydən.
Almış onu həyəcan.

Get yuxunu böylə yoz: xan,
Bu bir dövrandır keçər;
Yetişmiş öylə bir zaman,
İnsanlar insan biçər.

Düşər vəhşi heyvan kimi
Bir-birinin canına;
Hamı bir ac pələng kimi
Susar insan qanına.

Sən ki, xansan, düşün çara,
Bir tədbir gör indidən.
Ta düşməsin ellər dara,
Bu xüsusda düşün sən.

Xan nə versə sənə, ancaq
Yarısını ver elə.
Öz sözündən dönmə, qoçaq,
Haydı get, gülə-gülə!

Məmiş şərtə razı oldu,
Şəhərə getdi yenə;
Qəlbi sevinc ilə doldu,
Məhmiz vurdu köhlənə.

Qoca köhlən coşub daşır
Dərələrdən sel kimi,
Köpüklənir, uçur, aşır
Təpələrdən yel kimi.

Sanki yeldən qanad almış,
Uçub, batıb qan-tərə.
Günortaya bir az qalmış
Çatdı haman şəhərə.

Məmiş gördü, dolmuş meydan,
Xalq dəymiş bir-birinə.
Durmuş taxtın üstündə xan,
Yuxu söyləyir yenə.

Hamı dəydi bir-birinə
Ki, bu yaman yuxudur.
Çıxmadı bir yozan yenə.
Xan fikirdən qan udur.

Məmiş çatdı tez haraya…
Köhlən atı mindilər.
Çatdılar onlar saraya,
Orda atdan endilər.

Tapdığın dediyi kimi
Məmiş yozdu yuxunu.
Xan sevindi, nəşələndi.
Bürüdü şadlıq onu.

Xan əmr etdi, Məmiş bəyə
Gətirdilər pay, xələt.
Bir qılınc asdı boynuna,
Bir kənd etdi mərhəmət.

— Bu da xərclik olsun, hələ…
Qızıl verdi bir çuval.
— Apar kənddə bol-bol xərclə,
Sənə halaldır, halal.

Xələtini tez geyindi,
Qılınc asdı belinə.
Məmiş qızıla sevindi,
Üz qoydu öz evinə.

Qoca köhlən xırda-xırda
Yorğalayıb coşurdu;
Eniş-yoxuşlu yollarda
Dərə, təpə aşırdı.

Qarşısına çıxdı dərə,
Tapdıq düşdü yadına.
Duman çökdü o gözlərə,
Məhmiz vurdu atına,

Dedi: “Məndən nə istəyir,
Görüm, yox olsun onu!
Qızıldır bu, deyil dəmir,
Necə verim mən bunu?

Görməməkçin onu bir də
Birdəfəlik öldürüm.
Məmiş dözməz belə dərdə.
Nə istəyir, bir görüm?..”

Qılıncını çəkdi qından,
Sürdü atı irəli.
Tapdıq çıxdı daxmasından,
Döndü geri şübhəli.

Məmiş atı bərk çaparaq,
Aldı onun üstünü.
Bağırdı: — Ey, qoca axmaq!
Çatmış ömrün son günü…

Tapdıq geri dönər-dönməz
Məmiş qılınc endirdi.
Tapdıq ufuldadı, dinməz
Qaçdı daxmaya girdi.

Qılınc onun ayağında
Açdı dərin bir yara.
Məmiş döndü ovlağına
Yolları yara-yara.

Bu at, sərvət, bəylik, xələt
Dəyişdirdi Məmişi.
Bu ehtişam, bu rəyasət
Unutdurdu keçmişi.

Varlandıqca bu görməmiş
Qan yağdırdı ölkəyə.
İndi o, bir xan kəsilmiş,
Xalq dönmüş bir kölgəyə.

Kəsir, biçir o, xan kimi,
Yoxsulları talayır.
Bir yırtıcı heyvan kimi
Gözü qandan doymayır.

Hər gün yeni qara xəbər
Gəldi azğın Məmişdən.
Tapdığa üz verdi kədər,
Qeyzə gəldi bu işdən.

Dedi: “Elim gücsüz deyil,
Mən də onun oğluyam.
Qoca qəlbim öcsüz deyil,
Yanar od, daşqın suyam!

O ki vurur xalqa yara.
Elə bir dağ çəkərəm.
Dərdinə heç tapmaz çara,
Dik başını əyərəm!”

 V

Keçdi il, keçdi ay,
Atladı zaman.
Mürgülərkən saray,
Yuxu gördü xan.

Gördü ki, göylərdən
Qoyundur yağır,
Bir qadın çox şən-şən
Onları sağır.

Ayıldı yuxudan,
Gördü səhərdir,
Çəkilir çən, duman,
Xoruz ban verir.

Qaniçən hiyləgər
Düşdü təşvişə,
Bağırdı: — Tez xəbər
Getsin Məmişə…

Çəkdirdi yenə car,
Bildirdi işi.
Çıxmadı bəxtiyar
Yozan bir kişi.

Çatınca Məmişə
Bu yeni xəbər,
Düşdü çox təşvişə,
Onu basdı tər.

“Oyanıb hər gecə
Görəcək yuxu,
Nəşəyə, sevincə
Qatacaq qorxu.

Yozmasam hörmətim,
Başım gedəcək;
Dövlətim, şöhrətim,
Aşım gedəcək.

Bir Tapdıq bu işə
Edərdi çara.
Əl tutmaz Məmişə
Düşsə də dara”.

Yenə də o köhlən
Kükrəyib coşdu,
Dərədən, təpədən
Sel təki aşdı.

Dərəni keçəndə
Ata bağırdı.
Bu dəfə də Tapdıq
Onu çağırdı.

Od düşdü canına,
Qaytardı atı.
Qırıldı, yanına
Düşdü qanadı.

Tapdığa yanaşdı
Qəlbində nələr!..
İçində qaynaşdı
Sıxıntı, kədər.

Axsaya-axsaya
Qoca yan aldı.
Məmişə bu dünya,
Söz yox, daraldı.
Onunla üz-üzə
Gəlincə Tapdıq,
Başladı tez sözə,
Dedi: “ — Mən artıq

Almışam ki, xəbər
Yuxu görmüş xan,
Çılğın tək bu səhər
Qalxmış yuxudan.

Görmüşdür, göylərdən
Qoyundur yağır,
Bir qadın çox şən-şən
Onları sağır.

Gedib sən şəhərə
Yoz bu yuxunu,
Eldən sən bir kərə
Qaldır qorxunu.

Xana get sən anlat
Gələr bir zaman,
Dəyişər bu həyat,
Dəyişər dövran.

İnsanlar həm sakit
Qoyuna dönər,
Dincələr həm mühit,
Haqsızlıq sönər…

Nə versə xan sənə
Mənimlə bölüş.
Haydı, get yoluna,
Dönərkən, görüş”.

“Hey” — vurdu köhlənə,
Yelə döndü at.
Açdı yolda yenə
Məmiş bəy qanad.

Az getdi, üz getdi,
Aşdı dağ, dərə.
Çölləri düz getdi,
Çatdı şəhərə.

Gördü el toplanmış,
Qaynaşır meydan.
Taxtında dayanmış,
Yuxu söylər xan…

Dəydi bir-birinə,
Meydan çaxnaşdı.
Xalqın dərdi yenə
Başından aşdı.

Bir nəfər çıxmadı
Yuxunu yozan.
Məmişi aradı
Gözilə Qurd xan.

Uzaqdan görüncə
Birdən bağırdı.
“ — Gəl!” — deyib, sevincək
Onu çağırdı.

Xan dedi: “ — Sınanmış,
Bilikli Məmiş!
Qəlbimi dərd almış,
Xəzanım gəlmiş.

Tez ol yoz, üzümdən
Çəkilsin çənlər.
Qızarmış gözümdən
Uçsun bu kədər”.

Xan ilə mindilər
Köhlən atlara,
Yerlərin bağrını
Hey yara-yara

Uçdular… Qarşıda
Göründü saray,
Qapıda əsgərlər
Vurmuşdu alay.

Saraya çatınca
Endilər atdan,
Girdilər bağçaya,
Yaşıldı hər yan…

Əvvəlcə duruxdu
Məmiş, bircə an
Baxdı ətrafına
Söylədi: “ — Ey xan,

Gələcək bir zaman,
Güləcək həyat,
Dəyişəcək dövran,
Gərdiş, kainat.

İnsanlar dönəcək
Sakit qoyuna,
Məmnun olacaqsan
Sən bu oyuna”.

Xanı razı saldı
Yenə də Məmiş,
Faydasız olmadı
Bu söz, bu gəliş.

Bir kisə qızıl da
Xan verdi ona.
Söylədi: “Al bunu,
Dua et xana”.

Baxşışı aldı, şən
Mindi köhlənə…
Dərədən keçərkən
Saraldı yenə.

Düşündü: “ — Dünyanın
Üzü qaradır.
Bu namərd dövranın
Yolu haradır?

O gün ki, elimdən
Ayrıldım artıq,
Hər yerdə əlimdən
Yapışdı Tapdıq.

Çatdırdı tükənməz
Vara, dövlətə.
Çatdırdı həm sönməz
Ada, hörmətə.

Yedim haqqını mən,
Həm vurdum yara.
Bu kirli əməldən
Üzümdür qara”.

Düşünüb beləcə
“Ədalət” — deyə
Məmiş bəy üz tutdu
Güllü dərəyə.

Tapdığın hörmətlə
Keyfini sordu.
Önündə şəfqətlə
Boynunu burdu.

Söylədi: “ — Düşərkən
Elə ki dərdə,
Dadıma çatdın sən
A Tapdıq dədə.

Haqqını yedim mən,
Həm açdım yara,
Bu çirkin əməldən
Üzümdür qara.

Al bunu bir yolluq
Verirəm sənə.
Öz varım, o bolluq
Yetişər mənə.

Bağışla, ay dədə
Haqsızlıq yapdım.
Cavandım, bu yerdə
Yolumdan sapdım.

 VI

Baxdı ona gülərək
Tapdıq dedi: — Ay oğul,
Mənə qızıl nə gərək.
Sənin olsun, çox sağ ol!

Mən zamanın hökmünü
Öyrənmək istəyirdim.
Hər zamanın gününü
Bir sınayım deyirdim.

Doğru çıxdı sınağım,
Aldanmadım bu işdə.
Hər bir dövrü dimağım
Sınadı sən Məmişdə.

Uyurdun hər zamana,
Versəydi hər nə buyruq.
Baş əyirdin dövrana,
O baş idi, sən quyruq.

Qurd ilində bir qurda
Dönüb haqqımı yedin.
Yağı kəsildin yurda,
“Mal yeyənindir” — dedin.

Qılınc ilində kəsdin,
Doğradın bu ölkəni.
Acı yel kimi əsdin.
Yaraladın həm məni.

İndi qoyun ilidir.
Dönmüşsən bir qoyuna.
Bu dil qoyun dilidir,
Sən də girdin bu dona.

Bu qanundur, ay oğul.
Zaman hökmünü işlər.
Unutma, məhkum, yoxsul
Xalq da fürsəti gözlər.

Yozulmasaydı yuxu
Qorxdum qəzəblənsin xan.
Düşsün canına qorxu,
Xalqa verdirsin ziyan.

Ona görə yozdum mən
Xan gördüyü yuxunu.
Yoxsa xan kim, sən kimsən?
Xalqımçın etdim bunu.

Get, xor baxma elimə,
Elim gücsüz deyildir.
Məmişlərə, xanlara
Bil ki, öcsüz deyildir.

Elin öcu yamandır.
Qızdımı, qızar, sönməz!
El intiqam alandır,
Ölər, yolundan dönməz!

VII

Yurdumun vüqarlı qoca Tapdığı,
Dövranın içirdi sənə çox ağı.
Çalışdın, çarpışdın, çatmadı gücün.
Zalımı susdura bilmədi öcun.
Gömüldü torpağa zəkan, hünərin,
Qalmadı torpağa zəkan, hünərin,
Qalmadı yurdunda bircə əsərin.
Öyrəndim adını mən bir nağıldan.
Bağladım adına kiçik bir dastan.
Tanısın hər yerdə həm dost, həm yağı,
Zəkalı, sınaqlı qoca Tapdığı…
Fəqət o zamandan əsrlər keçmiş.
Tarixim çox parlaq bir zaman seçmiş.
Dəyişmiş cəmiyyət, dəyişmiş büsat.
Yerində qurulmuş başqa kainat.
Qalmamış qılınc, qurd dövründən əsər,
O qoyun əsrindən verən yox xəbər.
Kəndlinin, fəhlənin əlində hər iş,
Nə bəydən qorxu var, nə xandan təşviş.
Zülümdən dərəyə sığınan Tapdıq,
Bu dövrü, bu əsri görmədi yazıq!..
Baxdıqca bu yeni gün görmüş elə,
Baxdıqca bağçamda açan hər gülə,
Sənətim, ilhamım açır qol-qanad,
Önümdə parlayır gələcək həyat!

1936

1 Köy — kənd

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.