Təbriz – Abdulla Şaiq

Təbriz

Mən çoxdan həsrətəm vüsalə, Təbriz.
O ceyran baxışlı cəmalə, Təbriz.
Qəlbimin içində tellər sızlayır,
Arabir gəldikcə xəyalə Təbriz.
Bir zaman gülərdin, çiçəklənərdin,
Bənzərdin meyvəli nihalə1, Təbriz.
Azadə yurdunun saf göylərində
Oxşardın bir yeni hilalə, Təbriz.
Öz dilin, biliyin, öz idrakınla,
Getdikcə dolurdun kəmalə, Təbriz.
Aşiqdim o azad, gülən səsinə,
Vurğundum o hüsnə, cəmalə, Təbriz.
Uzaqdan eşqinlə, daşqın sevinclə
Qaldırdıq nə qədər piyalə, Təbriz.
Deyirdim: günəşli bahar həyatın
Xəzandan gəlməsin zəvalə, Təbriz.
Gec açdı, tez soldu al çiçəklərin,
Qurudu o coşqun şəlalə, Təbriz.
Biz yenə üzürük şənlik içində,
Sən neçin düşmüsən bu halə, Təbriz?
Xəzərə axarkən birləşmiş Araz,
O taydan gətirir ah-nalə, Təbriz.
Hər yanı bürümüş zülmün alovu,
Qəlbindir dağ görmüş bir lalə, Təbriz.
O şirin ömrünə kim qatdı zəhər?
Cavab ver bu haqlı sualə, Təbriz.

1949

1 Cavan, düz ağaca

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.