Sultan Səncər və qarı – Abdulla Şaiq

Sultan Səncər və qarı

Mövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından alınmışdır

Keçmişdə bir zalım padişah varmış,
Ölkəni zülm ilə çalıb-çaparmış.
Ərşə dayanıbmış elin fəryadı;
Zalım padişahın Səncərmiş adı.
Oğrular, darğalar verib əl-ələ.
Daim zülm edirmiş ölkəyə, elə
O şahın dövründə olan zülümdən
Belə bir rəvayət eşitmişəm mən:
Bir quldur var idi, adı Qaraqaş,
Hər zaman oğruya, əyriyə yoldaş.
Evləri çalardı, çapardı xəlvət:
İş bərkə düşəndə, verərdi rüşvət.
Ölkənin arada qanı gedərdi,
Oğru bildiyini yenə edərdi.

 * * *

Qaraqaş bir gecə yarısı gəldi,
Divarı küçədən külünglə dəldi,
Girdi bir kişinin evinə xəlvət,
Gördü evdə hamı yatmışdır rahət.
Ancaq səs eşidib, oyandı kişi;
Qaraqaş gördü ki, xarabdır işi,
Öldürdü kişini, qaçdı tez ordan.
Səs-küyə oyanıb hamı bu zaman,
Dəydi bir-birinə qız, arvad, uşaq…
Köməyə yetişən olmadı ancaq…
Küçəylə qaçanda, darğa, oğrunu
Görərək, səsləyib saxladı onu.
Dedi: “ — Ey Qaraqaş, bir dayan görək,
Darğanın payını verəsən gərək!”
Qaraqaş baxaraq o yan-bu yana,
Başından keçəni danışdı ona.
Dedi ki: “ — Bir qana düşdüm bu gecə,
Kişi tez oyandı evə girəndə,
Qorxdum ki, bir xata törətsin sonu,
Vurub bir bıçaqla öldürdüm onu…
Sənlə bölüşmüşəm malı həmişə,
Sən də kömək elə indi bu işə.
Qoy batsın arada ölənin qanı…”
Oğru dilə tutdu acgöz darğanı.
Darğa da bir qədər susaraq durdu,
Əlilə oğrunun çiyninə vurdu,
Dedi: “ — Etdiyindən olma peşiman,
Nə qədər mən varam, etsən hər nə qan,
Kimsə xəbər tutmaz, arxayın ol sən;
De görüm, bəs mənə nə verəcəksən?
Dedi: “ — Mən bu dəfə hər nə gətirsəm,
Sənindir. “ — Eləsə, dostum, çəkmə qəm”.
Qaraqaş ayrıldı dostu darğadan.
Getdi öz evinə, görmədi ziyan.
Darğa da dostunu qurtarsın deyə,
Əl atdı belə bir çirkin hiyləyə:
O yerdə çox düşgün bir qarı vardı,
Yoxsuldu, min zəhmət ilə yaşardı.
Darğa bu qarının evinə gəldi,
Qapını bərk döydü, səsi yüksəldi:
“ — Tez ol, aç qapını həyasız qarı,
O ağ saçlarından bir utan barı!..”
Qarı qorxa-qorxa açdı qapını,
Darğa söz deməyə qoymayıb onu,
Xeyli döydü söydü, dedi: “ — Bilirik,
Sənsən hər oğruya, əyriyə şərik…
Bu gecə qonşunun evinə girən,
Yataqda kişini vurub öldürən
Kim olmuş? De görüm, cavab ver mənə!”
“ — Xəbərim yox, vallah, nə deyim sənə?”
“ — O zalım quldurla olmusan əlbir;
Sənin bu evində tökülmüş tədbir…” —
Deyərək , qarını verdi divana,
İki il saldırdı onu zindana.
Qarı zindanlarda tökürdü qan, yaş;
Çalırdı, çapırdı quldur Qaraqaş.

 * * *

İki il keçmişdi aradan; bir gün
Zindandan çıxmışdı o qarı, ölgün,
Yol ilə evinə sarı gedirkən,
Bir səs-küy eşitdi, dönəndə birdən
Gördü ki, çalınır sinclər, təbillər,
Keçir dəbdəbəylə padişah Səncər,
Qarı yol üstündə yerə uzandı,
Şah ona çatanda, bir an dayandı.
Qarı yalvararaq, başladı sözə,
Dedi: “ — Ey padişah, ərzim var sizə…
Bil ki, az görmüşəm səndən mərhəmət.
Mənə ancaq zülüm olmuşdur qismət.
Bir sərxoş evimə soxuldu mənim,
Yumruqdan, təpikdən şişdi bədənim.
Bu ağ saçlarımı o yola-yola
Başıma açdı min fitnə, min bəla.
Soruşdu: “Evində gecə yarısı
Kimi öldürdünüz? Ey şər qarısı!
Evimi axtardı qatiləm deyə,
Acı fəryadımı ucaltdı göyə.
Zülm aşmış həddini, hanı ədalət?
Bir sərxoş hər işə edir cəsarət.
Suçsuz bir qadını döyür, incidir,
Həm də ki, adına qatilsən deyir.
Soyur bu ölkəni günorta çağı,
Seçməyir əyrini, doğrunu, sağı…
Dadıma çatmasan mənim hökmran,
Səni bağışlamaz böyük yaradan”.
Beləcə dərdini söylədi bir-bir
Gözlədi o, şahdan bu işə tədbir…
Şaha xoş gəlmədi onun sözləri,
Qəzəblə parladı qanlı gözləri.
Acıqlı bir səslə bağırdı bar-bar,
Əmr etdi, qarını ordan qovdular.
Çapdı tez atını saraya sarı,
Dalınca nifrətlə səsləndi qarı:
“ — Get, zalım özünə layiqmiş darğan!
Get, zalım, sənə də qalmaz bu dövran!
Taxtın da, tacın da olar tar-mar,
Dünyada ancaq bir pis adın qalar…”

1947

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.