Simürğ quşu – Abdulla Şaiq

Simürğ quşu

Xalq əfsanəsi

— Anacığım, bax o uca, sarp dağa,
Qəm yurdudur sanki başdan-ayağa.
Diqqətlə mən ora baxsam nə zaman,
Təpələri qış-yaz dumandır, duman.
Neçin duman əksilməyir o dağdan?
Ora günəş doğmayırmı, anacan?
— Oğlum, o dağ inləyən Qaf dağıdır,
Simürğ quşu daim orda yaşayır.
Yaşar bilməm, çox əsrlərdən bəri,
Nə izi var, nə tozu, nə əsəri.
Onu görən, yerin bilən yox, oğlum.
İnsanlar ki qan tökər, eylər zülüm,
O quş qanadların acıqla çırpar,
Uşaq kimi bitməz-tükənməz ağlar.
Göz yaşları dönər göydə dumana,
Qatar-qatar yayılar hər bir yana.
— Ah, anladım, ondandır ki, hər zaman
Göy üzünü alır hər gün çən, duman.
Ürəyimi sıxır daim bu zülmət,
Heç doğmayır günəş. Soyuq, rütubət
Sümüyümə, iliyimə işləyir,
Bir qurd kimi sanki məni dişləyir.
Üstümüzdə, bax, nə qara bulud var…
Quş ağlayır, demək, bulud da ağlar.
— Eşitmişəm, oğlum, mərhum babandan:
Çox çəkməmiş yetişəcək bir zaman,
Sevinəcək o quş, şən-şən güləcək.
Qəlbimizdən dərdi, qəmi siləcək.
O gün sanki başqa günəş doğacaq,
Bu qaranlıq buludları boğacaq.
Enəcəkdir onda yerə səadət,
Yaşayacaq hamı asudə, rahət.
— Ah, o günəş, ana, haçan doğacaq?
Haçan o quş güləcək, şadlanacaq?
O al günəş gərək bu gün doğaydı,
Üstümüzə nur, səadət yağaydı.
Qaranlığa düşmənəm mən, anacan!
Haçan doğar günəş?
— Yox bilən insan.
Söyləyirdi baban ki, Qaf dağında
Uçurumlu dərə var sol-sağında,
İgidlərin ruhu ora toplanır,
Qaranlıqda çıraq kimi hey yanır.
O dərələr bir gün ruh ilə daşar,
Qaf dağının təpələrindən aşar.
Onda, oğlum, günəş doğar, quş gülər,
Göydən yerə nur və səadət enər.
(Çocuq dərin-dərin fikrə büründü.
Qaf dağına baxdı, baxdı, düşündü).
— Bir söz desəm, ağlamazsan ki, anam?
— Sən söylə, oğlum, söylə, mən ağlamam.
— Atamdan söz söylənəndə arabir
Ağlayırsan, həm gözlərin qızarır.
Xoşlanmıram ağlamaqdan, doğrusu.
— Ağlamaram, söylə, aslan yavrusu.
— O gün atam ki, gəlmişdi yaralı
Qan içində üzür idi… Əhvalı
Qorxuluydu. Sən eyləyirdin şivən,
Ağlayırdın, sızlayırdın… Amma mən
Səs-səmirsiz durmuş idim yanında,
Nur tək bir şey parlayırdı alnında.
Baxdım, baxdım, mən yanında oturdum.
Qanlı başın dizim üstə götürdüm.
Qollarını açdı, məni qucadı,
Gözlərindən yaş töküldü, ağladı.
Heç ağlayan görməmişdim atamı,
Derdi: “Tufan qopsa, erkək ağlarmı?”
Gözlərimi dikmiş idim üzünə,
Baxırdım həsrətlə yaşlı gözünə.
Çapaladı dizimdə birdən-birə,
Mən çox qorxdum, başı düşürdü yerə.
Gözlərini yenə dikdi üzümə,
Mən dayadım başın yenə dizimə.
Ağzını bir-iki açdı, qapadı,
Quş şəklində bir nur ağzından çıxdı.
Daxmamızı bir dəqiqə dolaşdı,
Qanadlanıb birdən uçdu, uzaşdı,
Getdi, getdi, baxdım o dağ səmtinə
Qorxmuş idim, söyləmədim heç sənə.
— O nur, oğlum, ruhu imiş atanın.
Uçub o ruhlara qarışdı yəqin.
— İgid ruhlar ki, Qaf dağın aşacaq.
Sonra onlar, ana, hara qaydacaq?
— Sonra, oğlum, o igid ruhlar yenə,
Şən, bəxtiyar qayıdacaq evinə.
— Atamdamı?
— Atan da sağ-salamat.
Gələcəkdir…
— Ah, nə böyük səadət!
Heç evimizin ləzzəti yox atamsız.
Boş daxmada bir mən, bir sənsən yalnız.
(Bu kəlmələr qadıncığı ağlatdı.
Beş-on damla yanağını islatdı.
Sonra qırıq-kəsik bir səslə dedi:)
— Oğlum, atan başqa bir insan idi.
Onun başın heç bir igid bükmədi.
Haqsız yerə ömründə qan tökmədi.
Hörmətini, namusunu sevərdi,
Haqq yolunda candan-başdan keçərdi.
Qurumadı neçin o xain əllər?!.
— Səbr et, anam, Qaf dağında dərələr,
Dolub-daşar, xain əllər quruyar,
Simürğ quşu gülər, günəş də doğar.
Göydən yerə enər sevgi, səadət,
O gün atam yenə gələr səlamət.

1914

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.