Sehrli üzük – Abdulla Şaiq

Sehrli üzük

Zəlzələ bir çuxurdan
Atdı daşı, kəsəyi.
Üzə çıxdı bu zaman
Böyük bir at cəmdəyi.

Bu at qayrılmış misdən,
Üstü çıraq tək yanır:
Günəş işıq səpərkən,
Min bir rəngə boyanır.

Çöldən çoban keçərkən,
Gördü çuxur parıldar.
İçində atdır misdən,
Böyründə bir deşik var.

Oldu bahar kimi şən,
Başdan aşdı sevinci.
Ata baxdı deşikdən,
Gördü oyuqdur içi.

Bu oyuqda bir adam
Yatır illərdən bəri.
Tükü, rəngi, saf-sağlam,
Dəyişməmiş heç yeri.

Yatanın barmağında
Qiymətli bir üzük var.
İşıq düşən çağında
Günəş kimi parıldar.

Heyrət etdi gördüyü
Bu işlərə o çoban.
Çıxardı tez üzüyü
Yatanın barmağından.

Öz ovcuna qoyunca
Diqqətlə baxdı ona.
Xeyli baxıb doyunca,
Taxdı öz barmağına.

Yenə axtardı çoban,
Bir şey tapmadı ancaq.
Ayrıldı o, mis atdan,
Çuxurdan oldu uzaq.

Tez sürüyə yanaşdı,
Səsi basdı çölləri.
Sevinci başdan aşdı,
Gözləyirdi səhəri.

Gecə olmuşdu yarı,
Çoban batmış sevincə.
Sayırdı ulduzları,
Göz yummadı o gecə.

Səhər oldu, dan sökdü,
Günəş qalxdı yuxudan,
Göydən aydınlıq tökdü.
Rəngə büründü hər yan.

Yaydı sürünü çölə,
Od düşmüşdü canına.
Yüyürdü gülə-gülə
Ağasının yanına.

Göstərsin bu üzüyü,
Bilsin nədir qiyməti,
Açsın ona gördüyü
Möcüzədən söhbəti.

Ağa gördü ki, çoban
Gəlir kefi bulaşmış,
Dedi: “ — Yoxsa, ay aman,
Sürüyə qurd daraşmış?”

Tez, qoyundan quzudan
Əvvəlcə tutdu xəbər.
Cavab verirkən çoban,
Sakit oldu bir təhər.

Ağa ilə bu zaman
Şirin söhbət edərkən,
Birdən-birə o çoban
Yox olurdu gözündən.

Sonra yenə bir azdan
Görünürdü gözünə.
Ağa bağırdı: “ — Çoban!
Oynama, öz-özünə!

Birdən sən, ey oyunbaz,
Neçin gözdən itirsən?
Yenə keçməyir bir az,
Görünürsən yenidən?

Gözbağlıca oyunu
Oynayırsan mənimlə.
Doğru söylə, sən bunu
Hardan öyrəndin belə?

Hardan sənə bu cadu?
Hardan sənə bu əməl?
Sənə kimdən çatdı bu?
Durma, çoban, söylə, gəl!”

Ağanın dannağından
Dərin heyrətdə qaldı.
Bir az düşündü çoban,
Öz ağlından dərs aldı.

Bildi üzük qaşıdır
Onu gözdən itirən.
Parıldayan daşıdır
Bu istəyə yetirən.

Qaşını göstərəndə
İtir, yox olur gözdən.
Ovcunda gizlədəndə
Çıxır gizli pərdədən.

Eylə ki, tez öyrəndi
Bu gizli sirri çoban.
Bahar kimi şənləndi,
Çöldə etdi imtahan.

Gah otlayan ceyrana
Yanaşıb yan alırdı;
Gah çatırdı aslana,
Birdən tora salırdı.

Bu gördüyü işlərdən
Çoban xeyli coşmuşdu.
Ürəkdən olmuşdu şən,
Üzüyə söz qoşmuşdu;

“Üzüyüm, ay üzüyüm,
Sənə yox tay, üzüyüm!
Mən gözdən tez itir,
Durma, haray, üzüyüm!

Üzüyüm, can üzüyüm
Dərdə dərman üzüyüm!
Məni qoy görsün hamı.
Sənə qurban, üzüyüm!”

Atdı daha dağ-daşı,
Gəldi elin içinə.
Ovcunda üzük qaşı,
Axdı selin içinə.

El qolunu açaraq,
Çobanı qarşıladı.
Xalqa oldu bir dayaq,
Dillərdə gəzdi adı.

Hər məzlumun, yoxsulun
Köməyinə gəlirdi.
Hər yetimin, hər dulun
Göz yaşını silirdi.

Mənəm, mənəm deyənlər
Bağrını etmişdi qan.
Xalqı basıb yeyənlər
Tük salırdı çobandan.

Söylədilər padşaha:
“Elə gəlmiş bir çoban.
— Çoban demə, əjdaha —
Yun qırxır hər aslandan.

Ovcunda bir cadu var,
Görünməyir gözlərə.
Gah gizli, gah aşikar.
Ayaq basar hər yerə.

Zalım görsə hər yerdə,
Vurur onun boynunu.
Çoxunu salmış dərdə,
İşlədir bu oyunu”.

Şah eşitdi bu sözü,
Qəlbində qalxdı tufan.
Qığılcım saçdı gözü,
Başına sıçradı qan.

Atlandı o durmadan
Qəlbində kin və kədər.
Başında min pəhlivan,
Beş min də atlı əsgər.

Tutsun, deyə çobanı
Dağlar, dərələr keçdi.
Yolda qarşı çıxanı
O, qanqal kimi biçdi.

Ölkəni basa-basa,
Çatdı böyük bir kəndə.
El batdı dərdə, yasa,
Hər yandan düşdü bəndə.

O kəndi bir halqa tək
Ortaya aldı ordu.
Şahın gözündə şimşək,
Əsgərlərə buyurdu:

“ — Bu kənddir o çobana
Öz qoynunda yer verən.
Gərək boyansın qana
Mənə dirsək göstərən.

Qarışqa da bu gecə
Yol tapmasın qaçmağa.
Səhər şəfəq söküncə
Qoymayın göz açmağa.

Hücum edin dörd yandan,
Od vurun azğın kəndə.
Xalq ilə yansın çoban,
Düşsün odlu kəməndə.

Qoy hiyləgər bu cadu
Qırsın odlu kəməndi.
Qoy söndürsün bu odu,
Qurtarsın xalqı, kəndi”.

Şah çadırda yatmışdı,
Növbə çəkir qarovul.
Kənd matəmə batmışdı,
İnlər ana, qız, oğul.

Hər ürəkdə var qorxu,
Qıvrılır bir ilan tək,
Gözlərə getməz yuxu,
İnlər ilanvuran tək.

Gecə qalxdı o çoban;
Kəndin belə çağında,
Çölə çıxdı bir yandan,
Üzüyü barmağında.

Qılıncı bir əlində,
Bir əlində qalxanı,
O, intiqam çölündə
Əzsin azğın ilanı.

Tez çadıra yanaşdı,
Oyaqdı keşikçilər.
Dedi ki: “ — Kimdə vardır,
Məndəki bu güc-hünər?”

“Elim yaşasın”, — deyə
Düyümlədi qaşını,
Yanaşdı növbətçiyə,
Vurdu birdən başını.

Qılınc şaqqırtısına
Şah diksinib oyandı.
Adam bağırtısına
Əldə qılınc, dayandı.

Bunu görüncə çoban,
Səbri tükəndi daha,
Əlində qılınc, qalxan,
Birdən göründü şaha.

Şah itirdi özünü,
Mat-mat baxdı çobana,
Qorxu tutdu gözünü,
Rəngi döndü samana.

Bağırdı: “ — Ey, sən kimsən,
Necə girdin çadıra?
Qılıncı at əlindən.
Yoxsa vurdum, budur, a!..”

Cavab vermədi çoban.
Kinindən qaynayırdı.
Şaha baxırdı yan-yan,
Qılıncla oynayırdı.

Şahı almışdı qorxu:
“ — Nədir, düşmüş izimə?
Kimdir bu şeytan oğlu,
Ox tək batır gözümə”.

Qılıncını siyirdi,
Əl apardı qalxana.
Birdən-birə yüyürdü,
Hücum etdi çobana.

Qılıncı endirirkən
Birdən yox oldu insan.
Şah diksindi bu işdən,
Bildi, budur o çoban.

Yalvardı o, göylərə,
Baxdı o yan-bu yana.
Gözləri birdən-birə
Sataşdı o çobana.

Qaşlarını çataraq,
Əldə qılınc dururdu.
Kinli-kinli baxaraq,
Tez-tez kirpik vururdu.

Şah düşmüşdü qorxuya.
Ürəyini dərd aldı.
Gözlərində bu dünya
Gecə kimi qaraldı.

Tapmadı başqa çara,
Yenə hücum edərkən,
Göynədi köhnə yara.
Çoban yox oldu gözdən.

Şah batmışdı qan-tərə,
Qorxusundan əsirdi.
Ayaq basıb hər yerə,
Çoban yolu kəsirdi.

Şah bilirdi: bu düşmən
Tökəcəkdir qanını.
Qurtuluş yox qılıncdan.
Alacaqdır canını.

Dedi: “ — Aman, tez söylə,
Nə istəyin var sənin?
Gəl dost olaq mənimlə,
Bu taxt, dövlət, var sənin”.

Çoban dedi “ — Yaramaz.
Çatmış daha əcəlin;
Köhnə düşmən dost olmaz,
Yaman olmuş əməlin.

Sən çox ucuz alırsan
Məhəbbəti, vicdanı.
Xalqıma canım qurban,
Eldən böyük şey hanı!

Vətənimdir, elimdir
Mənim varım, dövlətim.
Bax, bu daşqın selimdir
Qanım, canım, sərvətim.

Sən ölkəmi taladın,
Verdin amansız yelə.
Xalqı qana boyadın,
Rəhm etmədin bu elə.

Mənəm el oğlu çoban,
Çox ulama ey, bayquş!
Xalqımın bağrıdır qan,
Sənə yoxdur qurtuluş!”

Bunu eşidincə şah
Titrədi yarpaq kimi.
Ürəyindən çəkdi ah,
Ağardı zanbaq kimi.

1939

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.