Savaş – Abdulla Şaiq

Savaş

Köçəri həyatından

Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Alaçıqlar muncuq kimi düzülmüşdü yan-yana.
Göy üzündə şux ulduzlar şən-şən oynar, axardı,
Vərəm almış gəlin kimi ay da solğun baxardı.
Sağılmışdı sürü, naxır, çatılmışdı ocaqlar,
Süd bişirdi, səs-səmir yox, heyvan güdən uşaqlar
Bir təpənin ətəyində od qalayıb isinir.
Qara qoçdan, boz buğadan, təpəl kəldən arabir
Söz açaraq hər birini öyür onlardan biri,
Sonra şənlik, oyun səsi bürüyür o çölləri.
Ağıllarda quzu, oğlaq, buzov qəmli mələşir,
Orda-burda yorğun itlər yarımağız hürüşür.
Alaçığın arxasında halqa vurmuş kəndlilər,
Toplanaraq hər biri öz gəncliyindən bəhs edər.
Qız-gəlinlər lalə kimi qızarır bir təpədə,
Onlardakı kef, nəşədən ulduzlar düşmüş dərdə.
Gizli-gizli bir-birinə gözlərini qırparlar,
Qibtə edər kimi göydən yer üzünə baxarlar.
Yaşıl yurda sanki göydən pərilər nur sağardı,
Fəzalarda əriyərək damcı-damcı yağardı.
Dağ və meşə çiçəkləri onu əmər kimiydi.
Təbiətin gizli, dərin əsrarını bax indi
Ortalığa açacaqmış sanki bir ülvi qüdrət,
Hər tərəf göz-qulaq olmuş, hər şeyi almış heyrət.
Elə bu vaxt alaçıqdan bir boz kölgə fırladı.
— Quduz dəymiş, itil! — dedi, “Şıraq!” — bir səs gurladı.
Sonra isə bir köpəkcik zingildəyib bağırdı.
Sanki bütün yurd xalqını imdadına çağırdı.
— Ox, Alabaş! Kimdir vuran?
— Süd içirdi, vurdum mən!
— Sənmi vurdun? İt vurulmaz! — “Şıraq” — Get bir də öyrən!
Səs-küy qopdu, bir-birinə dəydi titrək kölgələr,
Bir az sonra o ortalıq kəsilmişdi bir məhşər.
Şıraq, şıraq… çomaq səsi, şillə, yumruq, ah, şivən.
Təbiət də şaşırmışdı bu dəhşətli səs-küydən.
Yerdən, göydən çomaq, mizraq üst-üstündən yağırdı.
İnsanların yaşadığı ilk dövrü andırırdı.
Köpək səsi, insan səsi qarışmış bir-birinə…
Bir az sonra təbiətə sükut çökmüşdü yenə.
Dalğın-dalğın yuxlayırdı hər yan, yalnız arabir
Çadırlardan acı, həzin iniltilər yüksəlir,
Göy üzündə şux ulduzlar yenə şən-şən axırdı.
Gözlərinə yuxu girmiş xəstə ay da baxırdı.
Uzaqda bir tütək səsi yana-yana inlərdi,
Mürgüləyən təbiətə qəmli layla söylərdi.

1921

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.