Şairin şairə təsəllisi – Abdulla Şaiq

Şairin şairə təsəllisi

Ey könüllər mühəndisi şair,
Qələmin öylə incə bir sahir.1
Ki üzündən axan o rəng, ziya,
Yaradır hər zaman yeni dünya.
Bir günəşdir böyük dühan, hünərin,
Bir bədiə2 sevimli hər əsərin.
Onda ağlar, gülər tülu, qürub,
Onu oxşar səba edincə hübub3.
Onda coşqun şəlalələr çağlar,
Bəzən irmaq kimi həzin ağlar.
Ya üfüqlərdə parlayan yaqut,
Ləl, almas, şəfəqli incə bulud.
Ki ziya, rəng qaynayır və daşır,
Lövhələr şərh edər ki, göz qamaşır.
Onda şux qızların düyünləri var,
Bəzən axşam qəmi kimi sızlar.
Sənətində lirizmdir həp əsas,
Yazdığın hər əsər birər Almas.
Pənbə fəcrin şəfəqlərindən şən,
Canlı, rəngli, çiçəkli bir gülşən.
Uca sənət fələklərində əgər
Söndü isə işıqlı bir əxtər,
Sən yaşa, səy, hümmətin yaşasın!
O dühan, canlı sənətin yaşasın!
Yaşasın qəlbinə işıq sərpən,
Dişi, aslan ürəkli Şükriyyən.
Tukay, Aydın, Niyazi, bax bunlar
Yaşasın sayənizdə bərxudar4.
Yaşasın sənətin, dühan, hünərin,

Yaşasın qəlbi coşduran əsərin.
Şairin şairə təsəllisi,
Hüzn, matəmlə çırpınan bu səsi,
Ürəyindən silərsə hüzn, kədər
Yaradır fırçanız düyünlü səhər.
O düyünlü səhər payın, hissən,
Sənə qəm heç yaraşmayır, ol şən!

1934

1 Sehrkar
2 Nadir şey
3 Küləyin əsməsi
4 Xoşbəxt

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.