Sabirə – Abdulla Şaiq

Sabirə

I
O geniş alnı bir günəşli səma,
Bir sevimli, düşüncəli sima.
Gözlərində dərin bir ülviyyət,
Bir üfüqsüz səbat, ciddiyyət.
Bir təbəssüm dodaqlarında əyan,
Oynayır titrəyən kimi hər an.
Zahiri sanki şən, gülər kimidir.
Batini həp yetimələr kimidir.
Gülür o hıçqırıqla, ağlayaraq,
Ağlayır, hey gülür kimi duraraq.
Elə bil o qiyafətilə yenə,
O gözəl, incə sənətilə, yenə,
Şairanə, dəqiq rəmziylə,
Güldürür bir lətifə tərziylə.
Bizə dövründən o hekayət edir.
Qələm əldə acı şikayət edir.
Bax bu sima o Sabirə yaraşır.
O böyük, şanlı şairə yaraşır.

 II

Səni bir az da oxşayım, Sabir!
Noldun eyvah, möhtərəm şair?
Hardasan səbr, zəhmətin mələyi?
Hardasan şeir, sənətin çiçəyi?
Ədəbiyyata bir cığır açdın!
Yollarında bənövşələr saçdın!
Açır indi yenə gözəl güllər.
Çəkdin ancaq bu yolda, ah, nələr!..
Səni o dərd, möhnət inlətdi.
Səni öz millətin vərəmlətdi.
Bir zaman, ah, şerə başlar idin,
Ruhumu dadlı-dadlı oxşar idin.
Susdun eyvah, hardasan indi?
Səni yoxluq yatırtdımı əbədi?
Parlaq ulduzdun, ah, neçin söndün?
Sandım, ey çərx, sən də bəs döndün
Mehvərindən; qiyamət oldu əyan.
Ah, xülya imiş bu zən, bu güman.
Ədəbiyyatda söndü bir aləm,
Sənə təsirsiz oldu bu matəm.

 III

Siz, siz, ey kor və kar, lal insanlar!
Siz, siz, ey fitnə, şərr, nadanlar!
Siz, siz, ey bişüur olan cühəla!
İndi siz rahət oldunuzmu daha!
Yox!.. O mərhumun ismin andıqca,
Ədəbiyyatda yer qazandıqca,
Sizi nifrətlər ilə yad eylər,
Sizə dair lətifələr söylər.
Sabirim, yox, sən ölmədin, dirisən!
Sönməz ulduz kimi, günəş kimisən.
Biz qaranlıqda söndü o, sanırıq.
Hər şeyin zahirinə aldanırıq.
Halbuki yox deyil də, sən varsan,
Tutmusan qəlbimizdə indi məkan.

 IV

Qardaşım, bircə istərəm bilmək:
“Bu cahanda bu — var, o — yox” nə demək?
Cism bir halda hər zaman qalmaz.
Var olan şey cahanda yox olmaz.
Belədir, Sabirim, bu köhnə həyat,
Edərəm fikrimi belə isbat:
Məsələn, qətrə su düşərsə yerə,
Quruyur, yox olur o bilmərrə.
Hanı o qətrə su? — deyə sorsaq,
Səslənər göydən o cavab olaraq:
“Burada indi tutmuşuq mənzil,
Edərik biz buludları təşkil.
Bu təbiət bizi buxar etdi,
Uçurub göydə bərqərar etdi.
Yenə mayeləşib suya dönərik.
Yenə damcı olub yerə enərik”.
İndi ol qətrə yox, bu heçmi demək?
Halbuki yox deyil də var, bişək!

 V

Bir də sözdür yaşar, qalar baqi,
Bürüyər nuru ilə afaqi.
Nolar, ey söz, günəş desəm sənə mən,
Çünki zərrat işıq alır səndən*.
Sən də bu fikrə eylədin iqrar.
İndi, ey adlı-sanlı sənətkar!
Səni mütləq cahanda var sanıram.
Bizim ilə səni yaşar sanıram.
Oxuduqca sevimli hər sözünü,
Görürəm sanki dilrüba üzünü.
Görünürsən o halətinlə mənə,
Gülər, ağlar qiyafətinlə mənə.
Ah, gördükcə qəmli halətini,
Ağlaram, dinlərəm şikayətini.

1912

 *Sabirin “Füyuzat” məcmuəsinin 5-ci nömrəsində çap olunmuş “Söz” sərlövhəli:
 “Ey söz, nola dersəm sənə xurşidi-səmavat!
 Səndən alıyor nuru, ziyanı həmə zərrat” — şerinə işarədir.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.