Qoçpolad – Abdulla Şaiq

Qoçpolad

Yenə könlümün quşu
Dönmüş ovçu tərlana,
Aşır eniş-yoxuşu,
Qanad çalır hər yana.

Havalanır, yol əngin,
Minmiş ilham atına.
Sənət fəzalarının
Atılmış üst qatına.

Dilində min-bir dastan
Bülbül kimi şaqırdar.
Şair qəlbi bir ümman —
Aç, onda gör nələr var!

Şair qəlbi bir dəniz,
İçin-için çalxanır.
Fəza kimi sahilsiz —
Onda məşəllər yanır.

Könül vurğundur çoxdan,
Heyva onda, nar onda,
Dilində min-bir dastan —
Oxu, nələr var onda!

Hər dastan bir xatirə —
Həm tarixi bir görüş;
Yaxına, keçmişlərə
Zaman-zaman gömülmüş.

Hər birində bir əsrə
Cığır açan izlər var,
Uzaq dərinliklərə
İşıq verən gözlər var!

Könül günəşdə, qarda
Dərin izlər yorğunu —
Düzdüyü dastanlarda
Bir qəhrəman vurğunu.

Hər gün axşam yıkanır
Al şəfəqlər gölündə,
Səhər tezdən oyanır
Şer, sənət çölündə.

Köhnə həyat bağından
Bir nar üzmək istəyir,
İnci kimi bir dastan
Sapa düzmək istəyir.

Çal, havalan santurum,
Çal ki, tellər oynasın!
Dolsun dərə, uçurum,
Donmuş dillər qaynasın!

Çal, hər mizrab yel kimi
Toxunduqca tellərə,
Aşıb-daşan sel kimi
Heyrət versin ellərə!

Ey qəlbimin santuru,
Səni çalır hansı əl?
Ey şerin orkestri,
Gurla, getdikcə yüksəl!

Bürünsün hər şux lövhən
İncə, rəngin tüllərə.
Axdıqca coşqun nəğmən
Qüvvət versin sellərə.

Bu odlu nəğmələrdən
Parlat sönməz bir məşəl.
Bu rəngin lövhələrdən
Qur əbədi bir heykəl.

Bir məşəl ki, al geyir
Girincə el bağına.
Bir heykəl ki, baş əyir
Yurdumun bayrağına.

 * * *
  
Qəhrəmandır igid Aslan,
Adı düşmüş dildən-dilə.
Yoxdur ona qarşı çıxan,
Dağ kimi arxadır elə.

Onu bütün ölkə sevər,
Elin çarpan ürəyidir.
Kölgəsindən aslan ürkər,
Uçuq evlər dirəyidir.

Ölkədə hər gəlin, hər qız
Mahnılarda anar onu.
Həm yenilməz, həm amansız,
Ulu qüvvət sanar onu.

Qarşısında qopa tufan
Ürəyinə girməz qorxu,
Qurşandımı qılınc-qalxan,
Daşa dəyər düşmən oxu.

Minincə öz qıratına
Meydan açar əsən yelə,
Dönər tərlan qanadına,
Dönər coşqun axan selə…

Atına ad vermiş Ayaz,
Bir qardaşdır qoç Aslana;
Nədir eniş-yoxuş, duymaz,
Düzənlikdir hər yer ona.

Nişanlıdır ona Gülyaz,
Dağlarda bəslənmiş bu gül.
Dörd-beş ildir o sərvinaz
Qoç Aslana vermiş könül.

Aslan Gülyaz vurğunudur,
Onu gecə-gündüz anar.
Məhəbbətin yorğunudur,
Qəlbi bir şam kimi yanar.

Payız fəsli toy məclisi
Qovuşdurdu yarı yara.
Bunlardakı sevgi hissi
Dastan oldu aşıqlara.

Ay keçdi, il keçdi bundan,
Ayı, günü saydı Gülyaz.
Bir gün çiçək açdı fidan,
Bir qız doğdu, adı Çimnaz.

Qumralgözlü, gülyanaqlı,
Qara bulud saçlı bu qız,
Şəfəqüzlü, aybuxaqlı,
İşıq saçan o saf ulduz.

Eşqin, hüsnün budağında
Yeni açmış çiçək idi.
İki igid ocağında
Ən sevimli dilək idi.

Bu şən elə, ailəyə
Xain çıxdı azğın dövran.
Çoxdan bəri bu ölkəyə
Göz dikmişdi Qəzənfər xan.

Basqın etdi birdən-birə
Soxuldu el torpağına.
Qırğın saldı o ellərə,
Aldı quzğun caynağına.

El düşmənə qarşı durdu,
At oynatdı igid Aslan.
Meydan açdı, qılınc vurdu,
İrmaq kimi çağladı qan.

Ucaldıqca kin şöləsi
Söykəndi cəmdək cəmdəyə,
Qılınc, toppuz, nərə səsi
Dəhşət verdi yerə, göyə.

Uzun sürdü qanlı savaş,
Xalqı ağır günlər aldı.
Gücdən düşdü yavaş-yavaş,
Düşmən artıq məskən saldı.

Ölkə batdı qəmə, yasa,
Bir bədbinlik aldı eli.
Hər tərəfi basa-basa
Axdı fəlakətlər seli.

Aslan saldı dağda məskən,
Dəstəsilə yaşar orda.
Elə ziyan versə düşmən
Qanadlanıb uçar yurda.

Qolu güclü, qılınc kəskin,
Zalımları biçər gedər.
Ürəyində intiqam, kin,
Sərin sudan içər gedər.

El gücünə güvənərək,
Xəbər göndərmişdi Aslan:
“Bu ölkədə gec-tez, gərək
Yoxa çıxsın Qəzənfər xan!”

Zalım düşmən batmış yasa,
Ürəyinə çökmüş qorxu,
Qan içir hey kasa-kasa,
Gözlərinə getmir yuxu.

Qəzənfər xan bir tərəfdən
Gündə belə fərman verir:
“Gərək Aslan ölsün, hökmən!
Nayiblərim görsün tədbir!

Rəiyyət doymuşdur cana,
Baş qaçırır çox vergidən.
Güvənirlər qoç Aslana —
Odur elə yol göstərən.

Ölsə, bu el gələr yola,
Dirçələr bu ağalıqlar.
At çaparaq sağa-sola,
Ömür keçər şən, bəxtiyar”.

 * * *

Günəş yorğun pəri kimi çəkildikcə qərbə sarı,
Al şəfəqlər göy üzündə dəniz kimi dalğalanır;
Çökür axşam qəribliyi; göyün əlvan buludları
Min-bir rəngə boyanaraq, üfüqlərdə sönür-yanır.
Qurd-quş girir yuvasına, səssizliyə dalır hər yan.
Çəkildikcə son şəfəqlər təpələri alır duman.

Dağ başından ay ucalır, hakim olur göylər yerə.
Göyün üzü parıldayır, şeh düşmüş bir gülşən kimi…
Göz qırpan o ulduzlara boyun bükür çöl, dağ, dərə.
Yarpaqların arasından mahtab keçər ürkən kimi.
Sanki aya tənə vuran gümüş əndamlı bir pəri
Ağ çiynində qara saçlar çılpaq gəzir o çölləri…

Bir qayanın ətəyində dirsəklənmiş igid Aslan,
Ov qaçırmış tərlan kimi gözü qalmış üfüqlərdə:
Uzaqlarda bir səs mələr, əks etdirər onu hər yan,
İgid Aslan: — Kimdir, — dedi, — təbiəti salmış dərdə!
Ulduzlar göz qırpdı ona, həsrət ilə baxdı göyə,
İnlədi: — Ah, nə dadlıdır sövdalı axşamlar, — deyə.

Aslan qəlbi çırpınaraq, gözlərinə çökdü duman,
Xəyalında gözəl Gülyaz canlandı bir pəri kimi.
Yerindən dağ kimi qopdu: — Görməmişəm, — dedi, — çoxdan.
Qaçdı yaşıl bir yamaca, bağırdı sərsəri kimi:
— Ürəyimə düşüb Çimnaz, yetir məni ona, Ayaz!
Tərlan atım, tez qanad aç, gözü yolda qalmış Gülyaz.

Yatmamışdır hələ Gülyaz, gözlərinə yuxu girməz,
Pəncərəyə dirsəklənmiş, baxır ulduzlara, aya.
— Aslanların daş qəlbinə, — deyir, — sövda oxu girməz.
Baxır yaxın dərələrdən həzin-həzin axan çaya.
Düşündükcə mərd Aslanı, ürəyindən nələr keçər!
Qorxunc xəyal, acı duyğu gül bağrını dələr keçər!

Öz dərdini aya söylər, axan ulduzlara söylər.
Hər şey ona dilsiz kimi baxır, onu alır kədər.
Dərələrdə çiçəklərə, yaşıl yarpızlara söylər,
Yara almış ceyran kimi Gülyaz həzin-həzin inlər.
Deyər: — Aman, ürəyimi əritdi şam kimi sövda.
Ovçum çəkilmiş dağlara, məni salmış yanar oda.

Aslanından uzaqlarda, yağılardan gizlin yaşar,
Çox aramış Qəzənfər xan, çatmamışdır ona əli.
Fikir, xəyal şəhpərində çöllər keçər, dağlar aşar;
Dərdinə tapmaz bir çara, ona yalnız bir təsəlli
Olmuş dumanlı ömrünün şən qönçəsi, qızı Çimnaz,
Saf eşqinin qoxusunu bundan alır gözəl Gülyaz.

Birdən-birə bir səs duydu, inanmadı qulağına,
Ürkək ceyran kimi durdu, diqqətlə dinlədi səsi.
Qəlbindəki sövda odu axdı o gül yanağına,
Ayın yumşaq işığında gördü bir atlı kölgəsi.
“Aslanını gətirmişəm” — deyə kişnər köhlən Ayaz.
Könül quşu qanadlandı, o tərəfə döndü Gülyaz.

Saç dağınıq, ayaqyalın “Aslan!” — deyə qaçdı çölə,
Sevincindən, həyasından birdən-birə o ağladı.
At üstündən igid Aslan baxdı ona gülə-gülə.
— Vəfalı dost! — deyə Gülyaz əvvəl atı qucaqladı,
Öpdü onun yalmanından gözündən yaş axa-axa.
Şaşqın-şaşqın, dilsiz kimi qaldı yara baxa-baxa.

Ayaz yaxında otlayır, Gülyaz ilə igid Aslan
Kiçik çeşmə kənarında oturmuş bir daş üstünə.
Əli əlində Aslanın gülər, inlər ürkək ceyran,
İncə şehli yarpaqlardan tökülürdü yaş üstünə.
Ürəyində dalğalanan kədərini yana-yana,
Köyrəlmiş bir uşaq kimi, bir-bir açır mərd Aslana.

Deyir: — Aslan, qoymadı can məndə bu ayrılıq dərdi,
Gecə-gündüz ovçu kimi yollardadır gözüm mənim.
Düşünməkdən saralmışam, dərd üstümə qanad gərdi.
Elə arxa bir igidsən, buna yox bir sözüm mənim;
Ürəyimdə yağ qalmadı, sənsiz günüm keçir qara,
Ya gəl öldür, qurtar məni, ya məni də al dağlara.

Qorxma, sənə yük olmaram, Qorxmaz — atam, Ülkər — anam,
Ürəyimdə kinim coşur, el qızıyam, mərdəm mən də.
Sən adlı bir pəhlivansan, mən də igid bir aslanam.
Qoy düşmənlə bir çarpışaq, gör nə hünər vardır məndə.
Məni, qızım Çimnazımı götür, apar sən özünlə:
Analar nə qızlar doğmuş, — bunu sən gör öz gözünlə!

Gülümsünə-gülümsünə Aslan dedi: — Gözəl Gülyaz,
Fikrini mən anlayıram, ancaq vəfasızdır dünya.
Dəniz kimi coş, dalğalan, göl kimi gəl olma dayaz.
Zalım düşmən salır candan yazıq xalqı soya-soya,

Elə bağlı bir cavanam, varmı mənim başqa çaram?
Söylə, Gülyaz, nəyə gərək yas içində bu toy-bayram?

Qızı ismət təri basdı, əyildi köksünə başı,
“Olma dayaz” fikri onu düşündürdü dərin-dərin.
Ona yalnız cavab verdi gözlərindən axan yaşı.
Yavaş-yavaş dan ağarır, çeşmə axır sərin-sərin,
Aslan dərindən inlədi, ürəyində acı, sızı:
— Hər gecənin gündüzü var, düşünmə, ey dan ulduzu!

Hürüşür kənd köpəkləri, sayıq xoruz verirdi ban,
Sönürdü sayrışan ulduz, ay dolanırdı batmağa.
Oturduğu daş üstündən bir dağ kimi qopdu Aslan,
Görüşdülər, ayrıldılar, duman çəkilirdi dağa.
Yenə dönüb dan yelinə qanadlanır, uçur Ayaz,
Arxasından gözüyaşlı həsrət ilə baxır Gülyaz.

Yenə uçur tərlan kimi, toz qoparır şehli yoldan.
Şişmiş burun dəlikləri körük kimi duman saçır.
Sanki onu ovçu qovur, Ayaz olmuş ürkək ceyran,
Dərələrdə, təpələrdə tərlan kimi qanad açır.
Yavaş-yavaş sökür şəfəq, üfüqləri əlvan bəzər,

Sanki əlində bir fırça, hər güldə bir rəssam gəzər.
Uzandıqca yol uzanır, hər tərəfi qalın orman.
At kişnədi, Aslan duydu, qılınca əl atar-atmaz
İki yandan birdən-birə basqın etdi xain düşman.
Bir ovçuya döndü Aslan, bir tərlana döndü Ayaz,
Ayaqları üzəngidə, qüvvət verib Aslan qola,
Şimşək kimi qılıncını endirirdi sağa-sola.

Ayaz da diş-dırnağılə düşmənləri əzir, keçir,
Qılınc-qalxan şaqqıltısı qorxu salır ürəklərə,
Əks etdirir bunu dağlar, dərələri gəzir-keçir;
Şığıdıqca igid Aslan, çəkdikcə hər dəfə nərə,
Qarşısından düşmən qaçır beli bükülmüş yay kimi,
Söykənmiş cəmdək cəmdəyə, qan çağlayır bir çay kimi.

Aslandakı o qüvvətə boyun əydi xain düşman.
Qarşısından tülkü kimi qaçıb doldu ormanlara.
İgid geniş nəfəs aldı, qına girdi qılınc, qalxan.
Kişnəyərək tərlan Ayaz cəmdəkləri yara-yara
Bax, dördnala uçur yenə dərələrdə yellər kimi,
Eniş-yoxuş təpələrdə dağdan axan sellər kimi.

Bu qorxulu hadisədən xəbər tutdu Qəzənfər xan,
Eşitdi ki, nayiblərin oxu yenə dəymiş daşa.
Çeynədi dil-dodağını, coşdu, daşdı acığından,
Dedi: — Mən min fitnə qurdum, gəlmədi heç biri başa.
Sağ qalarsa yetim Aslan, keçəcəkdir günüm qara.
Ölməyibdir Qəzənfər xan, tapar bu dərdə bir çara!

Sular çoxdan qaralmışdı, çəkildi qoç Aslan dağa,
Öpdü atın üz-gözündən, dedi: — Sənsən igid tərlan!
Düşmən iyi duyan atım, yordum səni, çıx otlağa,
Həm otla, həm keşikdə dur; qoyma gələ xain düşman.
Tumarladı Ayazını, üz-gözünü öpdü yenə,
Sonra yatıb dincəlməkçin çəkildi bir kol dibinə.

Qapqaranlıq bir gecədir, hər tərəfi sarmış duman,
Ay-ulduz da buludlardan qara geymiş, yox bir işıq.
Bir təpənin ətəyində şirin-şirin yatır Aslan,
Sağda-solda qurdlar gəzir, kölgə kimi qat-qarışıq…
Parıldayır qılınc, toppuz… Bir cinayət var gizlicə.
(Xain vicdan kimi qaral, ey qaranlıq xain gecə!).

Ceyran Ayaz çox aradı, Aslandan tapmadı bir iz,
Yalnız təpə ətəyində laxta-laxta durmuşdu qan…
İyləyincə cinayəti duymuş kimi, qaldı səssiz,
Çox axtardı, çox kişnədi, yoxa çıxdı igid Aslan.
Sökmə, şəfəq! Doğma, günəş! Sən də matəm tut, ey səhər!
Ey dan yeli, tez qanadlan, elə getsin qara xəbər!

Səhər Gülyaz oyanmışdı, düşünürdü yatağında.
Ayrılıqdan kədərlənir, sıxılırdı onun canı.
Alışırdı sövda odu qəlbinin can otağında.
“Bir də haçan gələr?” — deyə xatırladı qoç Aslanı.
Aşağıda iti səslə kişnəyincə ceyran Ayaz,
Sıçradı bir dəli kimi, çölə qaçdı bizim Gülyaz.

Görməyincə qoç Aslanı, qaldı ata baxa-baxa,
Ürəyindən keçdi nələr!.. Birdən bağırdı: — Ax, aman!
Qucaqladı ceyran atı, gözündən yaş axa-axa,
Dedi: — Ayaz, tez ol söylə, hanı vəfalı qəhrəman?
Gözlərindən yaş tökərək, yeri eşdi ceyran Ayaz,
Duydu qanlı faciəni, üzüquylu düşdü Gülyaz…

 * * *

Çobandı Qəzənfər xana Qoçpolad,
O, bu yaz dolmuşdu on səkkiz yaşa.
Yamaclar başında açardı qanad,
Tərlan tək qonardı hər gün bir daşa.
Soyuqda, boranda güdərdi sürü…
Çox yaman keçirdi o gənclik ömrü.

Axşamlar dağları alınca duman,
Bir təpə başında, yanında köpək,
Xan, nayib əlindən çəkərək aman,
Yanıqlı-yanıqlı çalırdı tütək…
Gecələr ətrafa çökəndə sükut,
Yastığı qayaydı, yorğanı bulud.

Həsrətdi anaya, obaya, elə,
Qəlbini yalqızlıq sıxırdı hər an.
Baxdıqca yamacda bitən hər gülə,
Qəlbinə çökərdi qara bir duman.
Köksündə çarpardı polad ürəyi,
Gözündə parlardı uca diləyi.

Elinin dərdləri düşdükcə yada,
Qoçpolad qayıtmaq istərdi kəndə.
Xan qorxu gələrək igid Polada,
Onu bu dağlarda salmışdı bəndə.
Haqqı da verilmir, sıxılır canı,
Qəlbində qaynayır intiqam qanı.

Dedi: — O xan isə, mən də Poladam!
Paylaram sürünü bu yoxsul elə.
Ona baş əymədi Qoçoğlu atam.
Dağ kimi köksünü gərdi hər selə.
İndi qoy xan gəlsin bu dağ-daşıma,
“Sürümü ver!” — deyə, çıxsın qarşıma.

Baxmasın igidlər doğuran elə
Kollara sığınan bir dovşan kimi.
Verərik varını, yoxunu yelə,
Köksünü dələrək bir aslan kimi.
Görməmiş o hələ elin gücünü,
Tək-tək qəhrəmanlar almış öcünü!

O gündən sürünü payladı Polad,
Qarşıya çıxana bir qoyun verdi.
Yoxsulun qəlbində göyərdi murad,
Xana qan qusduran bir oyun verdi.
Sonra da ağaya göndərdi xəbər:
— Dağda pay-puş oldu bütün sürülər.

Bu xəbər çatınca xan alovlandı,
On igid göndərdi tutmaqçın onu.
Kinindən od tutub bədəni yandı
Dedi: — Qandallayın tez əl-qolunu.
Atın yedəyində gətirin bura,
Gərək el içində çəkilsin dara!

Poladı tutmağa gedən igidlər
At sürüb çatdılar Alaca dağa.
Qoçoğlu bu işdən tutunca xəbər,
Əl atdı dəmirli iri çomağa.

Dedi: — Mən payladım sürünü elə,
Sizi də bu dağda verərəm yelə.

Gələnlər dedi: — Ey Qoçoğlu, azma!
Xan səni istəyir, boyun əy əmrə!
Özünə əlinlə bir quyu qazma.
O xandır, sən çoban, düşün bir kərə.
Tərs olma, əmrindən qaçırma boyun.
Gəl, Polad, bizimlə oynama oyun.

Qoçpolad kin ilə güldü onlara,
Dedi: – Bu dağların sultanı mənəm!
O xanı salaram döyüşdə dara,
Bu geniş çöllərin aslanı mənəm!
Siz gedin, xan gəlsin, bu dağ-daşıma,
“Sürümü ver!” – deyə çıxsın qarşıma.

Gələnlər dedi: – Ey südəmər sultan!
İldırım önündə güvənmə dağa!..
Düşmənlər hücuma keçdi dörd yandan.
Qoçoğlu əl atdı yenə çomağa.
Dedi: – Qoy, ildırım gücümü görsün,
Südəmər uşağam, öcümü görsün!

Hünərlə atıldı, girdi meydana,
Endirdi toppuzu… partladı başlar.
Düşməni qoymadı gəlsin yaxına,
Al qana boyandı torpaqlar, daşlar…
Leş kimi sərildi qarşı gələnlər,
Canını qurtardı tək bircə nəfər.

O qorxaq, ürəyi dişində qaçdı,
— Qoçoğlu igidmiş, — deyə inlədi,
Yollarda quş kimi qol-qanad açdı,
Çatınca baş əyib xana söylədi:
— Gedənlər birbəbir sərildi yerə,
Mən qaçıb gəlmişəm sənə xəbərə.

Mindi kin atına, xan eylədi əmr:
— Kəndlərdən min atlı gəlsin meydana!
Acıqlı gəzərək, tökürdü tədbir,
Deyirdi qəlbində od yana-yana:
“On səkkiz yaşı var… Bu körpə ilan
Böyüsə olacaq ikinci Aslan”.

Qoçpolad bilirdi, bu kinin donu
Get-gedə başqa bir şəklə girəcək.
Qanlı bir döyüşdür bu işin sonu…
“Ölsəm də qarşıdan qaçmayım gərək!
Qorxsam bu savaşdan, alçağam, alçaq!..
Evimiz könlümə düşmüşdür ancaq.

Üç yazdır görmədim ana üzünü,
Andıqca qəlbimin içi sızıldar.
Bilirəm, yollara dikmiş gözünü
Gecə də, gündüz də çəkir intizar…
Görüşüb halallıq alaram ondan,
Dönərəm, yenidən açaram meydan”.

Yolda bir qocayla gəldi üz-üzə,
Poladı görüncə şəfqətlə baxdı,
Dedi: — Bu fil gövdən gəlməsin gözə.
Görüşün qəlbimdə bir məşəl yaxdı.
Görüncə tanıdım, sənsən Qoçpolad.
Bir zaman dillərdə gəzəcək bu ad.

Bilirəm, Qoçoğlu, kiçikdir yaşın,
Bu yaşda göstərdin böyük bir hünər.
Tutsan bu sözümü, ucalar başın,
Elindən gətirdim sənə bir xəbər:
Xainin qəlbini bir qorxu dəlir,
Min atlı toplayıb üstünə gəlir.

Bu dağdan gəl çəkil, çox gəncsən hələ,
Kamala dolmadın, həm də ki, təksən.
Düşmənin güclüdür, sən düşsən ələ,
Bu elə bir fayda verməyəcəksən.
Tez çəkil o qarlı, boranlı dağa,
O yaşıl yamaclı gözəl ovlağa.

Qoçoğlu bir zaman düşünüb qaldı,
Sordu: — Sən kimsən, ey möhtərəm qoca?
Sözlərin qəlbimə bir yanğın saldı,
Hər fikrin yanımda bir dağdan uca —
Sözünü minnətlə tutardım, ancaq,
Ar gəlir düşmənin önündən qaçmaq.

Dedi: — El aşığı Toxtamış mənəm.
Belimi bükdü bu ölkənin dərdi.
El xəzinəsidir alovlu sinəm,
Dərd məni qax kimi günəşə sərdi,
Oğlum yox, qızım yox, eldir mənliyim,
Bu elə bağlıdır dərdim, şənliyim.

Oğlum, tut sözümü, tez çəkil burdan,
Ehtiyat özü də bir igidlikdir.
Qoçpolad düşündü yenə bir zaman,
Dedi: — Ey Toxtamış, qaçmaq ar gəlir,
Gedirəm anamla halallaşmağa,
Oradan yenə də dönərəm dağa.

Gözlərəm düşməni, baxaram işə,
Çox ağır gəlsə də qaçmaq Polada,
Tutaram sözünü, düşmə təşvişə,
Çoxdan var hörmətim bu qoca ada —
Görüşüb qocadan ayrıldı Polad,
Yollarda quş kimi açdı qol-qanad…

Gecəydi, üfüqlər, göylər dumanlı,
İşıqlar sönmüşdü göylərdə, yerdə.
Dağlar yuxu görür qəmli, heycanlı
Ətrafa qaranlıq çəkmişdir pərdə.
Dar, kiçik daxmada yalnız bir çıraq
Yanırdı sarımtıl işıq saçaraq.

Yatmamış, oyaqdır qoca Qızxanım,
Oturmuş daxmada mehriban ana.
Deyir: — Ah, bu dərddən kül oldu canım,
Ey tanrı, qol-qanad vermə düşmana.
Qəhrəman olsa da oğlum körpədir,
Deyirlər üstünə min atlı gedir.

Neylər min kişiyə bir körpə? Allah,
Oğlumu bu elə çox görmə, — dedi.
Səs gəldi, köksünü oynatdı bir “ah”,
Gözləri böyüdü, qəlbi titrədi,
Gülərək baxırdı ona Qoçpolad,
Qarının qəlbində gül açdı murad.

Ana şəfqətilə açıldı qolu,
Sevincək nəzərlə baxdı bir ona.
Həsrətli gözləri yaş ilə doldu,
Sarıldı oğlunun şumal boynuna.
Görüşdü, öpüşdü anayla oğul,
Qızxanım dedi: — Ey Qoçoğlu, sağ ol!

Bu dərddən, qorxudan qurtardın məni,
Deyirlər, üstünə min atlı gəlir.
Canına qəsd etmiş ölkə düşməni,
Bu qara xəbərlər qəlbimi dəlir.
Gecələr gözümə getməyir yuxu,
Məndə can qoymadı intizar, qorxu.

Sən necə qorxmadın gəldin bu kəndə?
Bu işi xan bilsə, çəkəcək dara,
Səni də, məni də salacaq bəndə…
Amandır, görünmə bu azğınlara!

Gecəykən çəkil, get uzaq bir yerə,
Bir müddət məskənin olsun dağ-dərə.

Gülərək Qoçpolad söylədi: — Ana!
Gəlmişəm səninlə halallaşmağa.
Toxtamış aşıq da söyləmiş mana,
Deyir, get bir zaman Boranlı dağa.
Düz deyil yaxşılıq edəndən qaçmaq,
Ancaq ki, ar gəlir düşməndən qaçmaq.

Qızxanım heyrətlə baxdı oğluna:
– Atanın dostudur, – dedi, – Toxtamış,
Eldə ağsaqqaldır, qulaq as ona,
Atanla şikara gedərdi yaz-qış.
Mənim də bax budur səndən istəyim,
Gözümdə qalmasın arzum, diləyim.

Qocanın və mənim sözümü tutsan,
Əmdiyin təmiz süd halaldır sana,
Qəlbimi dağlarsan bunu unutsan!
Ox kimi batdı söz körpə Aslana,
Üzünü, gözünü sardı bir bulud,
Daxmanı bürüdü dilsiz bir sükut…

Orada gizli bir hazırlıq gedir,
İşıqda titrəşir canlı kölgələr.
Baş-başa çataraq məsləhət edir.
Sönərək əriyir birdən ləkələr.
Azacıq keçmədən yenə qarışıq
Kölgələr canlanır, titrəyir işıq.

Açıldı daxmanın kiçik qapısı,
Çökdü ortalığa qatı bir zülmət.
Kölgələr yeridi gecəyarısı, —
Səssizlik ətrafa yayırdı dəhşət.
Arabir hürüşən itlər, çaqqallar
O dilsiz sükutu dələr, parçalar.

Yeriyir o iki kölgə durmadan,
Yeriyir uzanan bir yola doğru.
Yeriyir gözündə qəzəb, həyəcan,
Yeriyir, yeriyir sol qola doğru.
Qarşıda ağardı yolun ayrıcı.

Səssizcə durdular,
Birisi acı,
Yanıqlı dil ilə dedi: — Ay oğul!
O dərdli daxmamda səndin pənahım.
Bu şərdən, zülmdən sən qaç, tez qurtul,
Dağlara düşməsin fəryadım, ahım.
Çarə yox — sən sığın qürbət ellərə,
Dərdimi söylərəm daşqın sellərə.

Sən ancaq ayrıcın sol qolilə get,
Çayı keç, dağı aş, sonra çöl gələr,
Uzaqdan qarlı dağ görünər, səbr et,
Hər gecə sonunda var aydın səhər…
Qolunu açaraq ona sarıldı,
Kirpiklər islandı, kölgə ayrıldı.

O kimdir gecənin zülmət çağında
Boranlı üfüqlər onu çağırır?
O kimdir vəhşətin sərt qucağında
Bir kölgə arxadan ona bağırır:
— Yavaş get, zülmətin kini var, sakın!
Yollar daş-kəsəkdir, qanar ayağın.

Səfərin haradır? Yolçu, mənə bax!
Hər yerdə o azğın qurdlar dolaşır.
Qurtuluş axtarma, göy, dəniz, torpaq —
Vəhşətdən sarsılmış, fəlakət daşır.
O yerdə insanlar insan gəmirir.
Ürək daş olsa da baxdıqca ərir.

Düşünmə, hər yerdə qurdlar varsa da,
Səninçin çırpınan ürəklər da var!
Bu geniş məmləkət sənə darsa da,
İradən, qüvvətin hər şey yaradar!
Ey yolçu, uğurlu olsun səfərin!
Buludsuz günəşlə dolsun səhərin!

Gənc yolçu çatmışdı Boran dağına.
Ona göz qırpırdı titrək işıqlar.
Heyrətlə baxırdı uzaq, yaxına,
Təbiət qoynunda bir hənirti var:
Göylərin gözünə işıq gəlirdi,
Gecənin bağrını şəfəq dəlirdi.

Başında min atlı xan çıxdı dağa
Acıqlı gözündən kin yağa-yağa.
Bağırdı: — Hanı bu dağın sultanı?
Gəldim dağ-daşına at oynatmağa.

Poladı tapmaqçın başlandı yarış,
Aranır dağ, dərə, çöl qarış-qarış…
Qoçoğlu tapılmır, o çıxmış yoxa,
Bir fayda vermədi uzun axtarış.

Keçərkən Boranlı dağın yanından,
Dedilər: — Bu yerdə yaşamaz insan!
Bu dağlar qaraquş, quzğunlar yurdu,
Hökm edir burada qasırğa, boran…

Döndülər, oxları dəymişdi daşa.
Toxtamış deyirdi: — Qoçoğlu, yaşa!
Bir gün sən gərəksən bu dərdli elə.
Xan coşdu kinindən, qan vurdu başa.

Acıqdan çeynədi dil-dodağını,
Hirsindən yeyirdi ürək yağını.
Bağırdı: — Heyvanlar, miskinlər kimi,
Dönməyin üstümə, tapın yağını!

Qoçpolad qalxmışdı Boranlı dağa,
Yalqızca yaşardı kin boğa-boğa.
O igid qəlbini sıxardı hər gün
El dərdi, yalqızlıq, bir də qasırğa.

Kinindən gözünə getməzdi yuxu,
Şahinlər yurdunda duymazdı qorxu.
Enirdi arabir Ceyran düzünə,
Görüncə ov, boşa çıxmazdı oxu.

Ceyranın ətindən yeyərdi kabab.
Qarların suyundan içərdi şərab.
Dağ çiçəklərindən bağlardı buta,
Şehlərdən üzünə vurardı gülab.

Qaranlıq çöküncə coşardı kədər.
Ayrılıq, yalqızlıq edərdi əsər.
Yatmaqçın girərdi qaya altına,
O igid qəlbindən keçərdi nələr…

Deyirdi: “Fikrimdən döndərdi anam,
Toxtamış qoymadı odlara yanam.
El üçün ölümdən qaçarmı igid? Bu
eldə mən ki, bir ovçu aslanam!

Andıqca qəlbimə saplanır bıçaq.
Xan məni o dağda çox axtaracaq.
Tapmayıb deyəcək, qarşımdan qaçdı,
Məni həm qorxaq, həm miskin sanacaq.

Qurd kimi sığındım mən bu dağlara,
Qəlbimin içində sızlayır yara.
Qorxuram o xain tapmayıb məni,
Kinindən anamı çəkdirsin dara.

Bu dərdə dözərmi Qoçoğlu Polad?
Ölüncə bir qara ləkədir bu ad.
Anamı buraxıb xain düşmənə,
Özüm bu dağlarda yaşasam azad.

Mənimlə oynama oyun, ey fələk!
Məndə var filləri susduran ürək.
Qarşıma dənizlər, dağlar çıxsa da,
O qoca anamı qurtarım gərək”.

Qaranlıq çökdükcə sıxlaşır bulud,
Dağlara çökmüşdür həzin bir sükut.
A dağlar, qoynunda Qoçpolad yatır,
At qara çadranı, dərdini unut.

Dan yeri ağardı, qalxdı Qoçoğlu,
Ürəyi qəzəblə, həsrətlə dolu.
Enməyə başladı Boranlı dağı,
Qayalıq, ağaclıq kəsmişdi yolu.

Enirdi əlində toppuz durmadan.
Gözünə çökmüşdü qaranlıq duman.
Bir qaya yanından keçərkən Polad
Dəhşətli bir nərə qopardı qaplan.

Poladın qəlbindən keçdi bir ayaz,
Toppuzu qaldırdı, dayandı bir az.
Göz-gözə baxışdı iki qəhrəman,
Dedi: — Bir igiddən bir igid qorxmaz!

Qaplan pəncəsilə eşirdi yeri,
Üzündə, gözündə acıq əsəri.
Baxarkən arabir mırıldanırdı,
Şam kimi yanırdı yaşıl gözləri.

İkinci bir nərə qopardı qaplan,
Səsindən titrədi dağ, dərə, orman.
Dikəldi quyruğu, qoşa qulağı.
Dağ kimi yerindən oynadı düşman.

Atıldı ox kimi gəldi üz-üzə,
Baxışdı hər iki yağı göz-gözə,
Atarkən pəncəni toppuz oynadı,
Döndü qan fışqıran başı kəhrizə.

Nərələr qopardı o dönə-dönə,
Mərd kimi döyüşdən dönmədi yenə.
Hiddətlə atılmaq istərkən qaplan,
Qoçoğlu yenidən cumdu üstünə.

Toppuzu havada oynadı bir də,
Qaplanı yaralar salmışdı dərdə.
Ölümlə gələrək pəncə-pəncəyə,
İnləyə-inləyə çırpındı yerə.

Düşmənin gözündə qaraldı murad,
Başının üstünü aldı Qoçpolad.
Baxdıqca ürəyi yumşalıb dedi:
— Dağlar sultanıydın, yaşardın azad.

Dost bilib sığındım sənə, ey naşı!
Sandım ki, olarsan igid yoldaşı.
Doğru bir məsəlmiş ata-babadan:
“Girməz bir qazana iki qoç başı”.

Çirməndi, qaplanı durdu soymağa,
Öpüşdü onunla dodaq-dodağa.
Dedi: — Sən hakim ol heçlik elinə,
İndi mən hakiməm Boranlı dağa.

Hənirti eşitdi yaxın dərədən,
Polad o səs gələn səmtə dönərkən,
Gördü Toxtamışla anası gəlir,
Baxırlar ovçuya — Polada şən-şən.

Bağırdı: — Xoş gəldin, əzizim ana!
Toxtamış, canım da qurbandır sana.
Anamı düşməndən qurtarım deyə,
Gəlirdim, rast oldum quduz qaplana.

Oğlunun boynuna ana saldı qol:
— Boyuna bu ana qurban, ay oğul!
Ömrümün bir günü keçməsin sənsiz,
Qabağında ölüm, sən var ol, sağ ol!

Xan səni tapmadı, kəsildi çara,
Əmr etdi ananı çəksinlər dara.
Toxtamış bu işdən tutunca xəbər,
Gecəykən gizlincə qaçdıq dağlara…

Qoçpolad qocanın öpdü əlindən,
Dedi: — Əziz baba, min yaşa, əhsən!
Anamı qoymadın düşmən əlində,
Ölüncə bu elə, sənə qulam mən.

Toxtamış dedi ki: — Bu sözlər nədir?
Sağlığın bizimçin böyük töhfədir.
Görürəm, dönmüsən qızmış aslana,
Toppuzun dağlarda qaplan titrədir.

Sına bu gücünü dağlarda, sına!
İgidlər and içir sənin başına.
Bir zaman gələcək, yaxındır o gün,
Döyüşkən qılıncın sığmaz bu qına.

Toxtamış Poladla gülür, danışır,
Arabir ana da sözə qarışır.
Get-gedə uzanır dadlı söz-söhbət,
Poladın fərəhi başından aşır.

Gizlicə, astaca xan adamları,
Üz qoydu Boranlı oylağa sarı.
Qılınclı-qalxanlı yüzlərcə kişi,
Atları yedəkdə çıxdı yuxarı.

Yaxından gəlirdi ayaq səsləri,
Qızxanım dinləyib dönərkən geri,
Səslənib bağırdı: — Gələn var, oğul!
Qoçoğlu sıçrayıb getdi irəli.

Əyildi, ağaclar altından baxdı,
Gözündən dəhşətli tufanlar axdı.
Gördü, hey adamdır dırmanır dağa,
Elə bil köksündə ildırım çaxdı.

Səsləndi: — Toxtamış, tez ol, durmadan
Anamla bir qaya altında saxlan.
Sən ona ürək ver, düşünmə məni,
Üstümü almışdır amansız düşman.

Mən qaçdım, yer aldı namərd ayağı,
Həm sağdan, həm soldan bürüyüb dağı,
O bizi köməksiz, arxasız bilir,
Qoy görsün gücümü o xain yağı!

Atıldı ox kimi düşmən üstünə,
Toppuzdan keçirdi kim gəldi önə.
Vururdu, salırdı qara torpağa,
Meydanda sağ-sola hey dönə-dönə.

Atırdı qayanı, daşı bir yana,
Cəmdəyi bir yana, başı bir yana…
Toppuzdan əyilir yağı düşmənin
Gözləri bir yana, qaşı bir yana.

Bir kötük ardında qoca Toxtamış
Poladın yayını əlinə almış,
Ox ilə düşmənin bağrını dəlir,
Yağının gözündə dünya qaralmış.

Qoçpolad çəkdikcə hey qorxunc nərə,
Səsindən titrəyir bütün dağ-dərə.
İnadla çarpışan düşmən bağırır:
— Durmayın, leşini tez sərin yerə!..

 * * *

Çimnaz da Gülyazdan, Aslandan sonra,
Oğlan paltarında düşmüş dağlara.
Arayır qatili, tapmayır əsər,
Qəlbində sızlayır o köhnə yara.

O gün də üz qoydu Boranlı dağa,
Kiçik bir cığırla dırmaşdı sağa.
Yoruldu, dincəlmək fikrilə Çimnaz,
Ayazı buraxdı yaşıl otlağa.

Dərənin döşündə otlayır Ayaz,
Çırpınır, kədərlə düşünür Çimnaz.
Poladın nərəsi coşdurdu onu,
Belə bir zamanda igid dayanmaz!

O səmtə qaçaraq baxdı meydana,
Gördü gənc bir igid batmış tər-qana,
Dörd yandan üstünə düşmən tökülmüş,
O isə dönmüş bir qızmış aslana.

Hünərlə kəsdirir düşmən yolunu,
Hər yana atırsa polad qolunu,
Əzilir baş-cəmdək, boşalır sağ-sol…
Bu qanlı döyüşdə bəyəndi onu.

“Mən də el qızıyam, qorxmuram”, — deyə
Siyirmə qılıncla getdi köməyə.
Sol yandan düşmənin aldı üstünü,
Onun da nərəsi ucaldı göyə.

İgidi görüncə sevindi Polad,
Meydanda yenidən açdı qol-qanad.
Zərbədə dördünü sərirdi yerə,
Düşmənin gözündə sönürdü həyat.

Yağıdan qalmışdı yalnız beş kişi,
Poladda görüncə bu tərpənişi
Üz qoyub qaçmağa; dedilər: — Əsla
Batmaz bu nəhəngə canavar dişi!

Çimnazla Qoçpolad kəsdi cəld yolu,
Hünərlə tutdular tez sağı-solu.
Qalmadı xana bir xəbər aparan,
Qalan beş atlının bağlandı qolu.

Elə ki büsbütün boşaldı meydan,
Şəfqətlə baxışdı iki pəhləvan.
Əvvəlcə Toxtamış, sonra Qızxanım
Sevinclə çıxdılar qaya altından.

Qoçpolad Çimnazla verdi əl-ələ,
Heyrətlə baxaraq o qönçə gülə
Dedi: — Dar günümdə köməyə çatdın,
Ey igid qəhrəman, sən kimsən, söylə?

Çimnazın köksünə əyildi başı,
Bir an heç dinmədi, çatıldı qaşı,
Söylədi: — Soruşma mən kiməm, bu gün
Düşmənin anası tökdü göz yaşı.

Çox sağ ol, bəyəndim, qoç igidsənmiş.
Səndə var igidə layiq tərpəniş.
Qarşında fillər də diz çökər, inan,
Qəlbimdə bir sevinc doğurdu bu iş.

Çəkildi yüz qədəm, əlində alma
Qız dedi: — Ey oğlan, nişan al, durma!
Qoçpolad yay ilə nişan alarkən,
Anası bağırdı: — Ay oğul, vurma!

Dəmirdir, uzanar, verərsən ziyan…
Qoçoğlu qəlbində duydu həyəcan,
Atdı bir tərəfə yay ilə oxu,
Heyrətlə, şəfqətlə baxdı bir zaman.

Dedi: — Yox, atmaram sənə bu oxu,
Qəlbimə çökdü bir dumanlı qorxu.
Bir ziyan olursa, biləyim düşsün,
Yozulmaz xeyrə bu şübhəli yuxu.

Almanı Polada ataraq Çimnaz
Dedi: — Al, kənarda çəkil dur bir az,
Bu oxum keçəcək tən ortasından,
Qorxma, ey qəhrəman, oxum yayınmaz!

Almanı ovcunda tutdu Qoçpolad,
Kamandan çıxınca ox açdı qanad.
Almanı tən yarı bölərək keçdi,
Qoçpolad bağırdı: — Afərin, ustad!

Əlində yay, Çimnaz ona yanaşdı,
Hamının sevinci qaynayıb daşdı.
Toxtamış Çimnaza diqqətlə baxıb:
— Ay oğul, sən kimsən? — deyə söz açdı. —

Biz dostuq, açıq ol, çəkinməyi at.
Sən hansı obadan, eldənsən?.. Anlat!
Bu dağa nə üçün gəlmişdin, söylə!
Gəl otur, bu kiçik məclisə bal qat!

Qocaya gülərək söylədi Çimnaz:
— Ay baba, soruşma, söyləmək olmaz.
Bir zaman bilərsən, indi çal-oxu,
Sənə çox yaraşır qoynundakı saz.

Eşitmək istərəm telli sazını,
Ellərə səs salan xoş avazını.
Çal-oxu el oğlu igid Aslandan:
Kim pozdu çiçəkli, güllü yazını?

Toxtamış gülərək əl atdı saza,
Güc verdi sinədən qopan avaza.
Qəhrəman Aslandan dastan oxudu,
Çimnazın ürəyi gəldi pərvaza.

Poladın qəlbində qopdu bir tufan.
Dedi: — Ey Toxtamış, kimdir bu Aslan?
Adını atamdan eşitdim bir az,
Bir az da anlatdı dağda bir çoban.

Bu canlı dastanın etdi çox əsər,
Sağmıdır? Ölmüşmü? Söylə bir xəbər!
Uşaqkən bağlandım igid Aslana,
Andıqca qəlbimin telləri titrər.

Sağ isə, gedərəm onun yanına,
Keşikçi olaram igid canına.
Ölmüşsə, taparam azğın qatili,
Boyaram mən onu murdar qanına.

Düşüncə içində susdu Toxtamış,
Könlünü üşütdü boranlı bir qış.
Dedi: — Ey Qoçoğlu, açma yaramı,
Könlümü, beynimi bir duman sarmış.

Çoxdandır, dağlarda, yaz gələn zaman
Bir kolun dibində yatarkən Aslan,
Gecəykən əlində qılınc, ox, toppuz,
Dörd yandan qurd kimi soxulmuş düşman…

Arada getdi o igidin qanı,
Göstərən olmadı xain düşmanı.
Çox gəzdik, dolaşdıq, tapılmadı iz.
Bu eldə elə bir qəhrəman hanı?

Bu qanlı xəbəri aparmış Ayaz.
İntiqam hissilə kükrəmiş Gülyaz
Qatilin izilə gəzdi çox zaman,
Qəhrəman qadındı, ölümdən qorxmaz.

Dumanlı düşüncə sardı Poladı,
Göylərə yüksəldi acı fəryadı:
— Qatili kim isə, tapılsın gərək!
Ölüm dəftərinə yazılsın adı!

O alçaq xaindən el qana düşər,
İntiqam atəşi hər cana düşər,
Qəhrəman Aslanın qanını almaq
Bir poladürəkli qaplana düşər.

Ucadan bağırdı acıqlı səslə:
— Gülyazı nə oldu? Keçdimi ələ?
— Yox, — dedi Toxtamış, — qəhrəman idi,
Analar belə qız doğmamış hələ.

Qanlının ardınca düşmüşdü izə,
Bir yerdə düşmənlə gəlmiş üz-üzə,
İnadla döyüşmüş bitincə gücü.
Özünü qayadan atmış dənizə.

Özündən qəhrəman, gözəl qızı var,
Üç ildir yalqızca ormanda yaşar,
Adı da Çimnazdır, bu qəhrəman qız
İntiqam hissilə qanlını arar.

Yaralı ov kimi Polad inlədi,
Köksünün içində bir ah dinlədi.
Bir zaman dalaraq düşüncələrə:
— O igid Çimnazı tapsaydım, — dedi.

Köksünə əyildi Çimnazın başı,
Qəlbinə töküldü gözünün yaşı.
Üzünü çən kimi bürüdü kədər,
Ürəyi döyündü, çatıldı qaşı.

Dözmədi bu hala, yerindən durdu:
— Sənədir, — dedi, — bu elin umudu,
Hazır ol, ayıq ol, güclüdür düşmən,
Qoru öz canını, qoru bu yurdu!

Cavan olsan da sən igidsən, yaşa!
Sonra o üz döndərdi Toxtamışa:
— Çox sağ ol, Toxtamış, sağ ol, ay ana! —
Deyib halallaşdı, qalxdı bir qaşa1.

Hər üçü arxadan baxdılar ona,
Adını gizlədən gənc pəhləvana.
Qızxanım dedi: — Bu, qızdan gözəldir,
Bu igid bənzəmir əsla oğlana.

Toxtamış Polada axşama qədər
Saz çaldı, Aslandan oxudu nələr!
Yedilər, içdilər, uzandı söhbət,
Ürəkdən silindi sıxıntı, kədər.

Axşamdı… ətrafa çökürdü duman,
Günəşin ətəyi çəkilir dağdan…
Toxtamış yerindən qalxaraq dedi:
— Yolçu yolda gərək, ey igid oğlan!

Al, sənə bu sazım qalsın yadigar,
Bu incə simlərdə min-bir dastan var!
Bu sissiz dağlarda yar olsun sənə,
Çaldıqca qəlbindən qəm-qüssə qaçar.

Oğul, bir sözüm var, söyləyim sənə:
Seçilmiş igidlər topla dəstənə.
“Tək əldən səs çıxmaz!” — demiş atalar,
Eldə sel gücü var, qulaq as mənə.

Bilirəm, çox çəkməz, telli sazımla,
Çıxaram qarşına şən avazımla.
Bir dastan düzərəm Polad adına,
Könlümdə gül açan güllü yazımla.

Toxtamış Polada möhkəm sarıldı,
Yaşaran gözlərə kirpik darıldı.
İgidin alnından öpərək qoca,
Mənalı gülüşlə ondan ayrıldı.

Qoçpolad həsrətlə baxdı arxadan.
Qaya da sızıldar qoparkən dağdan,
O iki sevimli — ana və oğul
Boranlı dağlarda qaldı bir zaman.

Poladla öyünür ölkəsi, eli,
Fərəhdən ağzına sığmayır dili.
Deyir: — Toppuzuna əl atsa Polad,
Düşmənin yay kimi əyilər beli.

Toxtamış arabir gedib-gəlirdi,
Baxdıqca Polada fərəhlənirdi.
Aslandan bir dastan deyib gedərkən,
Qoçpolad çox zaman kədərlənirdi.

Anası Qızxanım dağa gələli
Üstündə titrədi şəfqətli əli.
Keçmişdən dastanlar açırdı ona,
Polada verərdi bir az təsəlli.

Qoçoğlu dönürdü bir gün şikardan,
Dərədən keçərkən çiynində ceyran,
Yaxında inilti eşitdi birdən,
Əlində toppuzu qaçdı durmadan.

Gördü qurd ağzında can verir ana;
Dörd yandan daraşmış ac qurdlar ona.
Anası bağırır: — Yetiş, ay oğul! —
Əlləri, köynəyi bulaşmış qana.

Qurdların üstünə atıldı Polad,
Dəmirbaş toppuzu açdı qol-qanad.
Ac qurdlar torpağa sərildi bir-bir,
Qızxanım yaradan edirdi fəryad.

Buludlu gün idi, qopmuşdu boran,
Dağlara, dərəyə çökmüşdü duman.
Qoçoğlu Poladın qolu üstündə
Anası Qızxanım təslim etdi can.

Sanasan üstünə töküldü dağ-daş.
Dərdindən gözünü islatmadı yaş.
Meyitin üzünə həsrətlə baxdı,
Dedi: — Həm anaydın mənə, həm qardaş.

Boranlı bu dağda qalmaram sənsiz!
Tutardım səni mən canımdan əziz.
Həsrətli ölümün, ey əziz ana,
Qəlbimdə buraxdı silinməz bir iz.

Dırmaşdı ən uca qarlı bir qaşa,
Buludla, boranla çıxdı savaşa.
O qaşın başında bir məzar qazdı,
Dedi: — Kim dırmaşar bu dağa-daşa?

Anama burada olmaz toxunan;
Yastığı daş-torpaq, yorğanı duman…
Bu qarlı təpələr olsun keşikçi,
Məzarın yerini bilməsin düşman.

O gözəl vücudu uddu ac məzar,
Poladın başına dünya oldu dar.
Dedi: — Bu gün anam qonaqdır sənə,
Qoynunda hörmətlə saxla, a dağlar!

Siz də, ey qar-boran, ey duman, bulud,
İnləyin, sızlayın, etməyin sükut,
Kişnə, ey ildırım, ağla ey səma,
Qəribdir, anama hörmətlə yas tut!

Qəlbində kin, kədər, acıq, intiqam
Hayqırıb dedi: — Ey sevimli anam!
Qanlı köynəyindən ucaltdım bayraq,
Dost-düşmən qoy görsün hər səhər-axşam.

Qəbrinin üstündə oturdu bir az,
Poladı kəsirdi qar, boran, ayaz.
Gözünü üfüqdə batan günəşə
Dikərək oxudu, çaldı qəmli saz.

Dağdan qopsa ağır qaya,
Səsi dağa, daşa düşər.
Ayrılıqdan könül yansa,
Göz, kirpiklər yaşa düşər.

Nə yamandır hicran odu,
Toppuzumdan titrər ordu,
Qəhrəmanmış ölüm qurdu,
Atdığım ox boşa düşər.

Həsrət ilə öldün, ana.
Qoydun məni yana-yana.
Kinimlə mən doydum cana,
Bir gün düşmən başa düşər.

Hörmətlə süzərək o uca dağı,
Məzardan ayrıldı, endi aşağı,
Qəzəbindən bağrı odlanıb, dedi:
— Gəlirəm, hazır ol, ey miskin yağı!

 * * *

Polad endi bir dərəyə,
Ürəyində min bir kədər.
Yaxınlaşdı bir çeşməyə,
Xəyalından keçdi nələr!
Baxdı o saf parlaq suya,
İçdi ondan doya-doya.

O çeşməyə baxdı bir də,
Dedi: — Söylə, sən ey bulaq,
Könlün neçin düşmüş dərdə?
Kəsilmiş dağ-dərə qulaq,
Dinlər səni həzin-həzin,
Söylə, nədir dərdin sənin?

Suyun gecə-gündüz çağlar,
Ömrüm kimi axar, gedər,
Nədir dərdi, neçin ağlar?
Ürəkləri yaxar, gedər.
Zülm əlindən sən də yoxsa,
Qan içirsən kasa-kasa?
Eldən çıxan igid Aslan
Söylə, bu yerdən keçdimi?
Ovuc-ovuc o qəhrəman
Sərin suyundan içdimi?
Anlat mənə, gözüm bulaq!
Sənə qurban özüm, bulaq!

Polad coşdu birdən-birə,
Basdı sazı tunc köksünə,
Toxundu incə tellərə,
Dağlar səs verdi səsinə…
O qəhrəman qoç Aslandan
Oxudu bir parça dastan:

Darandıqca qıvrılan tel
Üz üstündə yana düşər,
Əl vurma ki, bu coşqun el
Bircə teldən qana düşər.

Boynubükük bir gül kimi,
Yaralı bir bülbül kimi,
Saralar göy sünbül kimi,
Eşq atəşi cana düşər.

Əldə daraq, gözəl Gülyaz
Tel ayırar o sərvinaz,
Uzaqdan kişnəsə Ayaz,
Əlindəki şana düşər.

Qar-borandır uca dağlar,
Ətəyindən sellər çağlar,
Kəklik, turac gülər-ağlar,
Səsi gur ormana düşər.

Nə böyükdür elin dərdi!
Xalq gül əkdi, tikan dərdi.
Onun dağdan ağır dərdi El
oğlu Aslana düşər.

Oynadanda qılınc-qalxan,
Qarşısından qaçar düşman.
Ayaz kişnər, sular meydan,
Baş, cəmdək bir yana düşər.

Öpər atı, deyər: — Ayaz,
Gözü yolda qalmış Gülyaz,
Bir yelə dön, eylə pərvaz,
İndi mərdlik sənə düşər.

O çeşməyə yaxın yerdə
Yaşayırdı gözəl Çimnaz.
O fındıqlı dərələrdə
Keçirmişdi on səkkiz yaz.
Məhv olalı Gülyaz, Ayaz,
Hər baharı keçmiş xəzan…

Dinlədikcə bu dastanı,
Qəlbi yerindən oynadı.
Ürəyində coşdu qanı
Eşidincə Aslan adı.
Keçdi köksündən bir ayaz,
Səsə doğru qaçdı Çimnaz.

Dırmaşdı bir göy təpəyə,
Qəlbində min həsrət mələr.
— Ah, uğurlu günlər, — deyə
Ürəyindən keçdi nələr!..
Dinlədikcə o dastanı,
Xatırladı mərd Aslanı.

Poladsa oxuyur, çalır,
Keçdikcə o teldən-telə,
Çimnazı dərd-kədər alır,
Göz yaşları dönür selə.
Deyir: — Sənə, ey qəhrəman,
Necə qıydı xain düşman?

Dan yelinin xoş nəfəsi,
Oynadıqca təpələrdə,
Yayır ətrafa bu səsi,
Dağ-dərəni salır dərdə.
Polad inlər, sazı inlər,
Çimnaz gözü yaşlı dinlər.

Çevrilərkən Polad, birdən
Gözü ilişdi Çimnaza.
Ovçu kimi qalxdı yerdən,
Baxdı ürkək, ceyran qıza.
Görüncə o saf günəşi,
Qəlbini yaxdı atəşi.

Könül quşu uçdu birdən,
Qondu qızın şux telinə.
Polad dedi: — Əhsən, əhsən
Bu ölkənin gözəlinə!
Yetişdirir belə qızlar,
Aydan işıqlı ulduzlar.

Oğlan süzdü o şahbazı,
Əlindən getdi ixtiyar,
Unutdu dastanı, sazı,
Ovçu ova oldu şikar.
Sövda odu alovlandı,
Köksündə bir çıraq yandı.

Gözəl qıza verdi könül
Çırpınaraq Polad birdən.
Dedi ona: — Ey qönçə gül!
Könlün neçin deyildir şən?
Gəl, oxuyum, çalım, dinlə,
Aydın olsun halım, dinlə:

Ağladıqca şimşək gözün
Yaralı bulbulə bənzər.
Yanaqların, al dodağın
Yeni açmış gülə bənzər.
Söylə, kimin şən gülüsən?
Dolu vurmuş sünbülüsən?
Üz-gözündə oynar duman,
Söylə, ey qız, dərdinmi var?
Kimdir səni dərdə salan?
Dünya sənə olmuşmu dar?
İki gözün sel qaynağı,
Üzün kədər, qəm oynağı.
Yoxsa, ay qız, yaralısan,
Sövda salmış səni dərdə?
Hansı dağın maralısan,
Dolaşırsan bu yerlərdə?
Mən ovçuyam, sən bir ceyran,
Belə ova canım qurban!

Tanımışdı Çimnaz onu,
Qaldı gendən baxa-baxa.
Bükmüş o qəmli boynunu,
Gözündə yaş axa-axa.
Sildi əlilə gözünü,
Bir az doğrultdu özünü.

Dedi: — Sus, ey ovçu oğlan,
Çox da miskin sanma məni.
Bir ov ardınca mən çoxdan
Dolaşıram bu ölkəni.
Mən özüm də bir ovçuyam,
Qəlbimdə var kin, intiqam.

Polad dedi: — Anlat mənə,
Üz-gözündə nədir bu kin?
Daraldı kainat mənə,
Kimdən yaralıdır qəlbin?
Göstər mənə o düşmanı,
Pəncəmdə titrəsin canı.

Köyrəldi Çimnazın qəlbi,
Köksündə bir ümid doğdu.
Qumral gözü günəş kimi
Parıldayıb qəmi boğdu.
Çırpındı köksündə ürək,
Gözündə canlandı dilək.

Dedi: Dərdim dağdan böyük,
Soruşma ki, yoxdur çara.
Əzir məni ağır bir yük,
Çəkilir bu qəlbim dara.
Qaranlıqdır hər yan mənə,
Olmuş dünya zindan mənə.

Anam Gülyaz, atam Aslan;
Öz elinə arxa oldu.
Məskəniydi çöl, dağ, orman,
Xain düşmən kinə doldu.
Dağda yatarkən bir gecə
Onu məhv etdi gizlicə.

Yetim qızam, adım Çimnaz!,
Küləklərlə etdim yarış,
Bu elləri gəzdim qış-yaz,
Dolaşdım hey qarış-qarış.
O qatildən nişan yoxdur,
Ürəyimdə dərdim çoxdur.

Keçsəydi o qorxaq ələ,
Sağ qoymazdım onu bir an.
Düşmən gəzir gülə-gülə,
Torpaqlarda yatır Aslan.
Tapmayınca o xaini,
Sevindirməz dünya məni.

Polad əsdi acığından,
Zehnindən bir xəyal axdı;
Üz-gözünü sardı duman,
Köksündə bir şimşək çaxdı;
Dedi: — Kədərlənmə, Çimnaz!
İgid qanı yerdə qalmaz!
Mən taparam o xaini,
Sevindirrəm bir gün səni!..

Çarpışarkən zor düşmanla,
Bəyənmişdi qız Poladı.
Eldə təmiz bir vicdanla
Söylənirdi igid adı.
Ona gizli vermiş ürək,
Ancaq könlündə var dilək.

Sevinc ilə baxdı Çimnaz,
Dedi: — Oğlan, fikrin nədir?
“İgid qanı yerdə qalmaz!” —
Bu söz mənə bir töhfədir.
Tapsan o namərd xaini,
Sevindirrəm mən də səni.

Bağladılar əhdi-peyman,
İmzaladı günəşli yaz.
Ürəklərdən uçdu duman.
Gülə-gülə dedi Çimnaz:
— Səndə vardır el qüvvəti,
Sənə düşər el zəhməti.

 * * *

Dan yeri söküldü, hər tərəf rəngin,
Şəfəqdən don geydi dağ, dərə əngin.
Saçıldı çöllərə min rəng, min boya,
Sonalar göllərdə baş vurdu suya.
Şehlərlə yuyundu hər ot, hər çiçək,
Qönçənin üzündən açıldı örpək.
Tel, birçək ayırdı nərgiz, bənövşə,
Təbiət özü mat qaldı bu işə.
Gül gülü çağırdı, bülbül bülbülü,
Saraltdı bu sövda dərdli sünbülü.
O ceyran Çimnazdan ayrıldı Polad,
Qəlbinə qazıldı bu sövdalı ad.
Köksündə çırpındı odlu bir ürək,
Dedi: — El xaini yox olsun gərək!
Əlində telli saz, el-el dolaşır,
Qoçpolad hər kəndə, şəhrə yanaşır,
Aslandan oxuyur bir parça dastan,
Bəlkə bu yol ilə tapılsın düşman.
Açılsın o xain qatilin dili,
Öyünsün ki, mənəm onun qatili.
Dolaşır bir aşiq qiyafəsində.
Titrəyir kin onun hər nəğməsində.
Sədəfli sazını köksündən asmış,
İgidin üzünü saç-saqqal basmış,
Bənzəyir çöllərdə gəzən dərvişə,
Görənlər ürkərək düşür təşvişə.
Beləcə dolaşıb gəzərkən aşıq
Ürəyi kədərli, fikri dolaşıq,
Dırmandı bir kiçik təpə qaşına,
Oradan endi bir bulaq başına.
O kəndin süddən ağ, güldən qırmızı
Şux, ceyran baxışlı gəlini, qızı,
Su üçün toplanmış sərin bulağa,
Təbiət gül üzə, yaqut dodağa
Vurmuşdu elə bir incə, şux boya,
Ay kimi şöləsi düşmüşdü suya.
Sanasan yuyunur bir dəstə pəri,
Ölkənin can alan bu gözəlləri
Sırayla oxuyur dadlı bir mahnı,
Dağlarda inlədir dərdli çobanı:

B i r i n c i q ı z

Bir ovçum var, mələr keçər,
Gül bağrımı dələr keçər,
Oğrun-oğrun baxar mənə,
Bir söz deməz, gülər keçər.

İ k i n c i q ı z

Bir ovçum var, günəşdən şən,
Ala dağda salmış məskən.
Kiçiklikdən sevər məni,
Fələk ayrı salmış məndən.

Ü ç ü n c ü q ı z

Bir ovçum var, qurbanıyam,
Qorxu bilməz ceyranıyam,
O vurğundur bir marala,
Mən uzaqdan heyranıyam.

Qəhrəman Qoçpolad su içim deyə,
Sevinclə yanaşdı sərin çeşməyə.
Qız-gəlin, əlində güyüm ya səhəng,
Bir ceyran sürüsü kimi ürkərək,
Qaçışıb çəkildi hərə bir yana,
Uzaqdan heyrətlə baxdılar ona.
Qoçpolad atılıb irəli keçdi,
Əyildi bulaqdan sərin su içdi.
Sonra göz gəzdirdi ürkək qızlara,
Sanasan qəlbini çəkdilər dara.
Andı o nazənin ceyran Çimnazı,
Bağrına basdı tez sədəfli sazı:
— Ey gəlinlər, qönçə qızlar,
Sizi gördüm, yarı andım.
Urəyimin başı sızlar,
Bağçalarda barı andım.

Bostanımın göy tağında,
Elimin zümrüd bağında,
Yeniyetmə gül çağında
Şamamanı, narı andım.

Sönməz yanğın var canımda,
Qurdlar gəzir ormanımda,
Qorxu bilməz ceyranımda
Şimşək baxışları andım.

Qızların qəlbinə səpildi işıq,
Birisi gülərək söylədi: — Aşıq,
Bizim bu oymağın gəlini, qızı,
Süddən ağ, lalədən daha qırmızı,
Dediyin qızdan da gözəldir onlar…
Gözləri işıqlı ulduzdur, yanar,
Saçları qaranlıq gecədən qara,
Hörüklər toxunur ağ topuqlara.
Parlaq üzlərindən ay alır işıq,
Bu elə, ölkəyə verir yaraşıq.
Gəlinin sözünü kəsərək Bahar,
Söylədi: — Ay aşıq, bu gecə toy var.
Qiyamət olacaq Məmişin toyu,
Qızlar toplaşacaq bir meydan boyu.
Bu toya çağrılmış qoca Toxtamış,
Kişilər indidən ora yığışmış.
Keçərkən biz gördük başlanmış oyun,
Hər biri gətirmiş damazlıq qoyun.
Olduğu daxmanı el tikmiş ona,
Bir qız da vermişlər, bənzər ceyrana.
Poladın yerindən qopdu ürəyi,
Canlandı gözündə uca diləyi.
Düşündü: — Hər oyun açmışsa, yenə
Düşmən yol tapmamış elin qəlbinə.
Üstündən atlamış nə qədər boz qış,
Don, ayaz, fırtına, qasırğa, yağış,
Çiçəkli yaz kimi hələ də şəndir,
Günəşli, buludlu təzə gülşəndir.
El əliaçıqdır, ürəyi geniş,
Xəsislik, namərdlik, yalan bilməmiş.
Dərədən cığırla döndü Qoçoğlu,
Gözəllər kəndinə düşmüşdü yolu.
Kiçik bir təpəni aşınca Polad,
Gözünə ilişdi başqa bir həyat:
Gördü ki, o kəndin ahıl-cahılı
Qazmanın yanında oynayır yallı.
Tamaşa edənlər vurmuşdur halqa,
Qoçpolad güvəndi o coşqun xalqa.
Yanaşdı, ucadan verdi bir salam,
Dedi: — Hər gününüz keçsin toy-bayram,
El onu görüncə qaynayıb daşdı,
Coşqun bir sevinclə ona yanaşdı.
Oynayan gənclər də atdı oyunu,
Hərə bir dil ilə dindirdi onu.
Dedilər: — Hardansan, ey igid aşıq,
Verirsən ölkəyə, elə yaraşıq!
Sən sadə bir aşıq deyilsən; ancaq
Dağ gövdən, gur səsin, o pəncə-barmaq
Göstərir, ən güclü bir pəhləvansan,
Bəlkə də elində bir qəhrəmansan.
Sən hansı eldənsən? Gəl bunu anlat!
Üzünə nə üçün gülməmiş həyat?
Söylə bu qürbətə düşmüşsən nədən?
Gözündən bəllidir, qəlbin deyil şən.
Onlara baxaraq dedi Qoçpolad:
— Uzaq bir eldənəm, adımdır Murad.
Atam da, anam da olmuş bir yoxsul.
Həyat pəncəsində çırpınan bir qul
Bir qoca babam var, dəyər min cana,
Aşıqlıq babamdan qalmışdır mana.
Bir gecə var-yoxum qarışdı selə,
Çarəsiz üz qoydum bu qərib elə.
Getdikcə danışıq, sorğu uzandı,
Gün batdı, göylərin çırağı yandı,
Ətrafa yayıldı mavi aydınlıq,
Ortalıq kəsildi gündüzdən işıq.
Yenidən başlandı hərəkət, həyat,
Toy üçün çəməndə quruldu büsat.
Dedilər: — Ay aşıq, sən otur, əylən,
Bizim hər toyumuz keçir belə şən.
Bu elin aşığı qoca Toxtamış
Gələcək, o zaman başlanar yarış.
Qoçpolad oturdu kişilərlə bir,
Baxdıqca o coşqun elə sevinir.
Girdi bir halqaya qadınla erkək,
Qaynaşan uşaqlar olmuş sevincək.
Sıraya oturdu qız ilə oğlan.
Bir daşın üstündə qoca bir çoban
Tütəkdə çalırdı el oyunları,
Sırayla oynayır oğlan, qız, qarı.
Hər gəncin gövdəsi canlı bir qaya,
Qızların şöləsi toxunur aya.
Kəklik tək səkirlər bir meydan boyu,
Getdikcə şənlənir Məmişin toyu.
Ürəkdən silinmiş sıxıntı, kədər.
Günəşli dağlardan çən, duman gedər.
Qoçoğlu el ilə vurmuş bir halqa,
Baxdıqca o coşqun, o daşqın xalqa,
Qəhrəman qəlbinə dolurdu fərəh,
Sevincdən içirdi hey qədəh-qədəh.
Yığıncaq yerindən oynadı birdən,
Bir kişi bağırdı: — Mərhəba, əhsən!
Nər kimi kükrəyib gəlib Toxtamış,
Deyəsən meydanda qoç görüb qızmış.
Bu eldə yox ona çatan bir aşıq,
Sazilə toylara verir yaraşıq.
Tükənməz çeşmədir axan nəğməsi
Hayıf ki, qocalmış, inləyir səsi.
Bu işdən olduqca sevindi Polad,
Qəlbini oynatdı bu sevimli ad.
Gül kimi açıldı bəti-bənizi.
— Arardım, — dedi, — bu uğurlu izi,
Gəzirdim hər yerdə mən sorağilə.
Qoy gəlsin yanıma öz ayağilə.
Görsün ki, dağları buraxmış Polad,
Quş kimi elində açmış qol-qanad.
Yığıncaq yerindən bağırdı birdən:
— Yol verin, a dostlar, gələn var, gələn!
Toxtamış görüncə igid Poladı,
Köksünün içində qəlbi oynadı.
Düşündü: “Bu eldə çıxsa tanıyan,
Bu igid nəhəngi məhv edər o xan,
Bu nəhəng nə üçün girmiş bu dona?”
Polad da gözünü dikmişdi ona.
Qəlbindən keçəni duyurdu bir-bir.
Yığıncaq bağırdı: — Bu sükut nədir?
Qorxdunmu, nə üçün susdun, Toxtamış?
Durmayın, başlansın deyişmə, yarış!
Qoçoğlu gördü ki, dalğındır qoca,
Mənalı nəzərlə baxdı doyunca.
Dedi: — Mən söyləyim, o versin cavab,
Saçdığım güllərdən qoy çəksin gülab.
Sədəfli sazını basdı köksünə,
Qoşdu gur səsini sazın səsinə:

Ağ buxaqda qara xallar,
Ara-sıra qoşa düşər.
Duysa bunu canalan yar
Qəmzəsi göz-qaşa düşər.

Qanadlandı yenə sövda,
Ceyran Çimnaz düşdü yada.
Könül yanar qızğın oda,
Eşq atəşi başa düşər.

Eşqin ağır cəfası var,
Nəşəsi var, səfası var,
Aşiqin ki, vəfası var,
Enişə-yoxuşa düşər.

Toxtamış fərəhlə dedi: — Ey aşıq!
Sözlərin məclisə verir yaraşıq.
İndi də sən dinlə, mən çalım sazı,
Anladım Aslanı, gözəl Gülyazı:

Tərpənəndə igid Aslan
Dağdan ağır qaya düşər.
Qurşananda qılınc-qalxan,
Xain düşmən vaya düşər.

Elə verir xoş yaraşıq,
Ürəklərə salır işıq.
Görsə onu gənc bir aşıq,
Ürəyi qorxuya düşər.

Atı eniş-yoxuş duymaz,
Tərlan kimi edər pərvaz,
Kişnədikcə ceyran Ayaz,
Səsi daşqın çaya düşər.

Poladın qəlbində doğdu həyəcan,
O qoca aşığa vermədi aman.
Bir daha köksünə qaldırdı sazı,
Tərifə başladı gözəl Çimnazı:

Çimnazımın gül dodağı,
Unutdurdu bal-qaymağı.
Qızaranda al yanağı,
Şöləsi şux aya düşər.

Çırpınır bu vurğun könül,
Oxlamış bir saçı sünbül,
Aşıq, gülsə o qönçə gül,
Başım qızğın toya düşər.

Yığıncaq bağırdı: — Ey aşıq, yaşa,
Eşqinin oxları dəyməsin daşa!
Bitincə deyişmə, maraqlı dastan,
Bir oyun havası başladı çoban.
Ahıllar məclisdən ayrıldı şən-şən,
Toxtamış, Polad da durdu yerindən.
Gedənlər yanaşdı yenə aşığa,
Dedilər: — Çıxasan aydın işığa.
Sözlərin ruh verdi bizim ellərə,
Səsindən canlandı bütün dağ-dərə.
Var imiş gövdənə görə hünərin,
Ey qərib, haradır bu gün səfərin?
— Od saldın canıma, qonaq ol mənə,
Bircə oğlağım var, kəsərəm sənə.
Hər yandan səs qopdu: — Bu qərib aşıq,
Mənim dar daxmama salacaq işıq.
— Yox, mənə qonaqdır, düşsəm də qana.
Aşığı hər biri çəkdi bir yana.
Getdikcə ucaldı səs-haray, birdən
Toxtamış ox kimi tərpəndi yerdən,
Bağırdı: — A dostlar, dinləyin məni!
Qəribdir, yormayın yoldan gələni.
Görünür gəlmişdir uzaq bir eldən,
Çay keçmiş, atlanmış daşqından, seldən.
Bu aşıq kimə çox yaraşır, sizcə?
O mənə qonaqdır birinci gecə!
Mən aşıq, o aşıq — verib baş-başa,
Gecəni yatarıq bir yerdə qoşa.
Haydı, siz çəkilin, verməyin zəhmət,
Sabahdan hər gecə sizindir növbət.
Dedilər: — Ey qoca Toxtamış, inan,
Öl desən, tapılmaz boyun qaçıran.
Biz sənin sözündən çıxmadıq, ancaq
Sabahdan növbətlə bizimdir qonaq.
Yığıncaq ətrafa dağıldı bir-bir.
Gedənlər uzaşdı, yatdı səs-səmir.
İki dost baxışdı sevincə dalmış.
Poladın əlindən tutdu Toxtamış,
Çəkdi bir xəlvətə, ağac altına,
Gülərək heyrətlə söylədi ona:
— Polad, bu nə işdir? Görüncə inan,
Köksümün içində qopdu bir boran.
Nə üçün buraxdın Boranlı dağı,
Sənə arxa olan gözəl ovlağı?
Deyirlər tikmisən möhkəm bir qala,
Arxa durmaq üçün elə, yoxsula.
Başına yığılmış bir çox pəhləvan,
Döyüşə hazırdır hamı hər zaman.
Sel kimi oradan olacaq axın,
Çox çəkməz, deyirlər, o günlər yaxın:
Xan ilə nayiblər düşmüş təşvişə,
El isə sevinir bu gözəl işə.
Uzaqdan baxdıqca Boranlı dağa,
El səni salaraq dilə-dodağa,
Deyir ki: — Toxtamış, köhnəldi Aslan!
Poladın adına düz yeni dastan.
Qurtuluş Poladdan olacaq bizə,
Yenilməz igiddir, gəlməsin gözə.
El sənin haqqında bu fikirdəykən,
Meydana bu sazla atıldın nədən?
Tək bu saz uymayır igid adına,
Toppuz, yay, ox, qılınc yaraşır sana. —
Qəlbimi deşməkdə bu şübhəli sirr,
Bu sirri durma, gəl aç mənə bir-bir.
Durma ki, bağrımı çeynəyir kədər,
Qızxanım nə oldu? Ondan nə xəbər?
Poladın üzünü sardı boz duman,
Köksündə oynadı qasırğa, boran,
Dedi: — Ey Toxtamış, böyük dərdim var.
Onu məndən aldı amansız ruzgar.
Fələyin var imiş min-bir oyunu.
Təpənin üstündə dəfn etdim onu.
Mən onun ucundan düşmüşdüm bəndə,
Çəkildim oradan yaxın bir kəndə.
Bir çeşmə başında oxurkən dastan,
Gördüm ki, gözləri yaşlı bir ceyran
Dinləyir, gözündən axıdır qan, yaş.
Elə bil, başıma uçuldu dağ-daş.
Ürəkdən vuruldum o ceyran qıza,
Aslanın, Gülyazın qızı Çimnaza.
Çimnazı anınca dəyişdi Polad,
Qəlbinə od saldı bu sövdalı ad.
Gözündən qığılcım saçıldı yerə,
Hər kirpik döndü bir odlu neştərə.
Qoçpolad özünü topladı bir az,
Dedi: — Ey Toxtamış, bu ceyran Çimnaz
Ağlımı, huşumu başımdan aldı,
Qəlbimə dəhşətli bir yanğın saldı.
Bilməzdim dünyada nədir bu sövda,
Düşmüşəm indi mən yanar bir oda.
Andıqca kirpiyim, gözüm sulanır.
Qəlbimin başında millər dolanır.
Deyirlər, poladdan olsa da ürək,
Eşq onu eyləyər şüşədən kövrək!
Qarşımdan qaçarkən ovçu, aslanlar
Ah, məni bir ceyran eylədi şikar.
Bax pişik qılığlı çərxin işinə,
Qoçoğlu Poladı almış dişinə,
Gəzdirir, bu işlər deyilmi gülünc?
Köksümü əzir həm kədər, həm sevinc…
Ürəkdən bağlandım o şux ceyrana.
Ey ata, dərdimi açıram sana.
Deyir: “Kim qatili kəməndə salsa,
Öldürüb atamın qanını alsa,
Bu qəlbim onundur, onundur Çimnaz…”
Hörmətlə görüşdük, sevişdik bir az,
Söz verdik, söz aldıq, bağlandı peyman,
Gərəkdir tapılsın o namərd düşman!
Sazıma sarıldım, bax, bu məqsədlə:
O xain qatili keçirim ələ.
Tapılsa, güləcək Çimnazın üzü,
İşıq, gün görəcək Poladın gözü.
Fikrimi bildinmi indi, ey ata?
Atılmaq istərəm qızğın həyata.
İnan ki, qatili tapdıqdan sonra,
Düşmənin bağrında açaram yara.
Qurtular elimin qızı və oğlu,
Bax, budur ölkəmin qurtuluş yolu!
Elimlə olaram mən də bəxtiyar.
Onsuz bəxtiyarlıq, de, nəyə yarar?
Yetişər bu qara günlərin sonu…
Toxtamış sükutla dinlədi onu.
Başını heyrətlə qaldırdı birdən,
Dedi: — Bu fikrini bəyəndim, əhsən!
Bəs Çimnaz, de görüm, harda yaşayır?
El onu çoxdan məhv olmuşdur sayır.
Deyirlər, anası Gülyazdan sonra
Gözünə günəş də kəsilmiş qara.
Gəlincə onun da ölüm xəbəri,
Meşəyə çəkilmiş, dönməmiş geri.
Çox gəzdi, aradı onu nayiblər,
O ceyran Çimnazdan tapmadı əsər.
Bu xəbər bir gündə yayıldı elə.
Düşdü xalq içində o dildən-dilə.
Kimisi söyləyir dırmanmış dağa,
Oradan atılmış dərin buzlağa.
Qurdlara yem olmuş, deyənlər də var.
Görünür yalanmış bu uydurmalar.
Solğun bir gül kimi qəlbi yaralı,
Yaşayır bu elin gözəl maralı.
Hünərin, Qoçoğlu, gəlməyir saya,
Sən bizə yenidən açdın bir dünya.
Doğrusu, ürəkdən sevindim buna,
Elimin Çimnazı halaldır sana.
Burada, Qoçoğlu, yalnız bir iş var,
Çox çətin tapılar xain canavar.
Mən özüm nə qədər aradım, ancaq
Tapmadım nə bir iz, nə də bir soraq.
İstəsən, sən də bir eylə imtahan,
Ancaq çox ayıq ol, yatmamış düşman.
Gecəni, gündüzü bir yerdə qoşa,
Saz ilə, söhbətlə vurdular başa.
Sabahdan elin də qəlbini aldı.
Aslandan, Gülyazdan oxudu, çaldı.
Yenidən yol aldı, keçdi dağ-dərə,
Çatdı hansı kəndə, hansı şəhərə,
Aslandan, Gülyazdan oxudu dastan,
Maraqla dinlədi onu hər insan.
Yenə də qatildən tapmadı əsər,
Çıxmadı tanıyan onu bir nəfər.
O polad ürəkli, sövda vurğunu
Olmuşdu bu uzaq yollar yorğunu.
Andıqca qatili, igid Aslanı,
Çimnaza verdiyi əhdü peymanı,
Köksünə düşürdü əyilməz başı,
Yay kimi çatılıb düyümlü qaşı,
Üstünə qəm, kədər hey axın-axın
Gələrək hər yandan edirdi basqın.
Alnı bənzəyirdi buludlu göyə,
Gözləri dönürdü odlu şimşəyə.
Köksünü dəlirdi düşüncə, kədər,
O polad qəlbindən keçirdi nələr?
İçindən gülürdü acı duyğuya,
Gülürdü üstünə gələn orduya.
Bağrına basırdı üçtelli sazı.
Anırdı sevimli, gözəl Çimnazı:

Bir səhər dan yeri alarkən nəfəs,
O qumral saçına sən şana vurdun.
Mən ceyran gözünə eylədim həvəs,
Sən qoydun qəlbimi nişana, vurdun.

Başımdan ağlımı, huşumu aldın,
Köksümdən qəlbimi, duyğumu çaldın,
Canıma sönməyən bir yanğın saldın.
O necə ox idi hər yana vurdun?

Köksümün içində tikdim bir qala,
Eşqimlə orada gəzdin qol-qola,
Qəlbimin sazını sən çala-çala
Nə yaman od idi bu cana vurdun.

Çox gəzdi, aradı o polad ürək,
Qəlbində sönmədi sevimli dilək.
O xain bu eldən çıxmamış, — deyə, —
Araya-araya döndü geriyə.
Az getdi, üz getdi, çatdı bir dağa,
O eldə ən məşhur olan ovlağa.
Uzaqdan üzünə güldü yamaclar.
Düşündü: “Çoxdandır etmədim şikar”.
Dırmaşdı ceyranlı yaşıl yamaca,
Gözünü gəzdirdi şikar ardınca.
Elə ki Poladdan ayrıldı Çimnaz,
Köksündən keçdi bir dumanlı ayaz.
Ona heç bilmədən vermişdi könül,
Eşqinin fidanı açdı qızıl gül.
Ətrindən bayıldı hər qoxladıqca,
Sevimli diləyi eşqindən uca.
Gözləyir qatildən, Poladdan xəbər,
Qəlbini çeynəyir düşüncə, kədər:
Üç aydır gedəli, dönmədi geri.
Çimnazı titrətdi eşqin əsəri.
Geyindi-kecindi pəhləvan kimi,
Atlandı Ayaza qoç Aslan kimi.
Poladın ardınca düşdü çöllərə.
Çox gəzdi, aradı, keçdi dağ-dərə,
Soruşa-soruşa düşdü izinə,
Uzaqdan qaraltı dəydi gözünə.
Yüyəni çəkərək diqqətlə baxdı,
Qara gözlərində şimşəklər çaxdı,
Gördü ki, Poladdır, dırmanır dağa,
Ceyranlar yatağı olan ovlağa,
Dumanlı gözündə oynadı boran,
Dərindən inlədi o ovçu ceyran:
— Baxsana, ürəyi nə qədər sərin,
Vəfası az olur bu igidlərin.
Mən onu düşünüb çəkirəm qorxu,
Gecələr gözümə girməyir yuxu.
Bir saat ayrılıq il keçir mana,
Həsrətli intizar od vurur cana.
Ürəyim elə bil çəkilmiş dara,
O isə keyf üçün çıxır şikara.
Unutmuş ilqarı, eli, Çimnazı,
Bağrına basmış da üçtelli sazı.
Oxuyub çalaraq, dolaşır eli,
Eşqimi çalmayır qəlbinin teli.
Mən onu edərəm bir də imtahan.
Dönmüşmü verdiyi əhdü peymandan?
Qarşıya çıxmaqçın o dağ boyunca
Dırmandı ceyranlı yaşıl yamaca.
Ayazı buraxdı yaşıl otlağa,
Ağaclar altından tez döndü sağa,
Araya-araya çıxarkən düzə,
Otlayan ceyranla çıxdı üz-üzə.
Yay ilə ceyranı tez aldı nişan,
Oxunu atmamış yıxıldı ceyran.
Ovçu qız bu işə eylədi heyrət.
Baxdı hər tərəfə, gözündə hiddət.
Ovunun üstünə yüyürdü Polad,
Qız onu görüncə qopardı fəryad,
Yanaşıb söylədi: — Ey ovçu, dayan!
Bu gözəl ceyranı mən aldım nişan,
Nə üçün ovumu əlimdən aldın?
Qəlbimə kin saçan bir atəş saldın?
Etdi saymazlığın qəlbimi kabab,
Haydı, çıx qarşıma, ver mənə cavab!
Deyərək qılıncı siyirdi qından,
İgidə heyrətlə baxdı qəhrəman.
Tanıdı köməyə gələn igidi,
Gülərək ona çox şəfqətlə dedi:
— Bağışla, bilmədim, etdim bir xəta,
Biz dostuq, suçumdan keç, eylə əta,
Ey igid, sənə bu ov olsun qurban,
Çıxmaram mən sənə qarşı, pəhləvan.
Vəfalı Çimnazın yumşaldı qəlbi,
Titrədi ağacda bir yarpaq kimi.
Köksündə gülləndi bir günəşli yaz,
Şəfqətli nəzərlə baxarkən Çimnaz,
Qəlbini tutaraq Qoçoğlu Polad,
“Ah, o gözlər!” — deyə qopardı fəryad.
Yenidən yanaşdı ona hörmətlə,
Diqqətlə baxaraq sordu həsrətlə:
— Pəhləvan, sən kimsən? Gəl anlat mənə,
Könlümün tərlanı qonmuşdur sənə.
Alıcı gözlərin çox tanış gəlir,
Baxdıqca köksümü ox kimi dəlir.
Yoxsa, var nisbətin ceyran Çimnaza,
O qartal baxışlı tərlan Çimnaza?
Gözlərin elə bil gözüdür onun,
Baxışın, duruşun özüdür onun.
O Çimnaz nəyindir? Sən kimsən? Anlat!
Bu könlüm nə üçün açır qol-qanad?
Uf! Bağrım alışdı, andım Çimnazı.
Oxuya-oxuya köklədi sazı:

— Haralısan, ey pəhləvan, haralı?
Çimnazıma bənzər qara gözlərin.
Bir aşiqəm, ürəyindən yaralı,
Etsə edər mənə çara gözlərin.

Qış-borandan çıxdım odlu bir yaza,
Bir qığılcım düşdü bu coşqun saza.
Xəbər apar o vəfalı Çimnaza
Qoçpoladı çəkdi dara gözlərin.
Vəfalı Çimnazın doldu gözləri,
Yandırdı igidin odlu sözləri.
Yenidən istədi etsin imtahan,
Kükrəyib dedi: — Ey igid qəhrəman,
Bir bəla kəsildin dərdli başıma,
Hər yerdə çıxırsan mənim qarşıma.
O Çimnaz məni də salmışdır oda,
Ciyərim qovrulur düşdükcə yada.
Mən çoxdan vurğunam o şux ceyrana,
İndi də gözünü dikmisən ona?
Ceyranı əlimdən aldınsa, ancaq
Çimnazdan keçmərəm, inadı burax!
Mənimdir, mənimdir o gözəl ceyran!
Ondan əl çəkməsən, bu sən, bu meydan!
Gülərək dərindən inlədi Polad,
Yenidən qopardı bir acı fəryad.
Bağrına basaraq üçtelli sazı,
Tərifə başladı gözəl Çimnazı:

— Bir-birinə dəysə yer, göy, pəhləvan,
Mən vəfalı Çimnazımdan keçmərəm!
Ürəyimin tellərini oynadan
Sövda simli ilk sazımdan keçmərəm!

Mənim yarım gözəllərin başıdır,
Dünya tacdır, o isə daş-qaşıdır,
İlk sövdamın ayrılmaz yoldaşıdır,
Gül yanağı solmazımdan keçmərəm!

Çimnaz gülümsəyib dedi: — Qəhrəman!
Sınadım, çox gözəl verdin imtahan.
Doğrudan aşiqsən gözəl ceyrana,
Sevgili Çimnazın halaldır sana.
Dostuna quzusan, düşmənə aslan,
Ürəyin yaranmış atəşdən, sudan.
Mərdlikdə payın var, ər oğlu ərsən!
Məhəbbət yolunda candan keçərsən!
Gəl, bir də səninlə bağlayaq peyman,
Qalsın bu səmimi dostluq hər zaman.
Polada yanaşdı o gülə-gülə,
Onunla dost kimi verdi əl-ələ.

 * * *

Moruqlu yaylaqdan el döndü yenə,
Aran da qovuşdu diləkli günə,
Qolunu açaraq daşqın sevinclə,
Oğlunu, qızını basdı köksünə.

Yenidən canlandı həsrətli aran,
Dağların başını aldı çən-duman.
Qaldı marallara düzlər, çəmənlər,
Təpədə, yamacda vaz atdı ceyran.

Könül şən olarmı zülm olan yerdə?
Bülbüllər ötərmi gül solan yerdə?
Ocaqlar, gərdəklər batmazmı yasa,
Analar, gəlinlər saç yolan yerdə?

Aran da dağ kimi düşmüşdü dərdə,
Üzünə çəkmişdi qəmli bir pərdə.
Yaralı ov kimi dərindən inlər,
Qoyun tək soyular xeyirdə, şərdə…

Koxalar, nayiblər başlamış işə,
Ölkəni salmışdı dərin təşvişə.
Toypayı toplanır Qəzənfər xana,
Dil-dodaq çeynəyir el bu gedişə.

Hər gün bu zalım xan girir bir dona,
Toy etmək istəyir azğın oğluna.
Varından-yoxundan çıxacaqdır el,
Bu uğursuz toyu çatınca sona.

Ey Aran! Qəlbini, aç söylə mana,
Dinlərəm dərdini mən yana-yana.
Qabıqdan çıxınca çalışdın hər gün,
Nə qədər bac verdin Qəzənfər xana?

Başından nə qədər macəra keçdi?!
Qəlbinin içindən min yara keçdi.
Nə üzün güldü, nə alnın açıldı,
Nə üçün günlərin hey qara keçdi?

Ey Aran! Qəlbində anlat, nələr var?
Tükənməz dərdlərin dağlardan aşar.
Başının üstündə, əlində qamçı,
Nə qədər hökm etdi Qəzənfər xanlar?

Elləri yoxlaya-yoxlaya Polad,
Aranda, yaylaqda açırdı qanad,
Hər görüş igidi bağlayır elə,
İnlədir qəlbini o miskin həyat.

Uzaqdan göründü Çimnazın kəndi.
İgidlər doğuran elə güvəndi.
Qəlbində həm qayğı, həm kin, həm sevinc,
Zoğallı, fındıqlı dərəyə endi.

Fəzanı həm günəş, həm bulud almış,
Keçdiyi yerlərə boz kölgə salmış.
Kəsmə bir cığırla gedərkən Polad,
Yolunu suladı günəşli yağış.

Uzaqdan ildırım şığıyır tək-tək.
Başının üstündə oynayır şimşək.
Yarpaqlar ucundan sallanan damcı
Günəşdə parlayır, yanır inci tək.

Polad hər tərəfi edir tamaşa,
Saçaqlı fındıqlar vermiş baş-başa,
Budaqlar zoğaldan gərdənlik taxmış,
Ağaclar bürünmüş əlvan qumaşa.

Çinara dırmaşmış vəhşi meynələr,
Qaralmış göyəmlər, deyir: məni dər!
Üfüqə çəkilmiş hilali qurşaq,
Al-əlvan rənglərlə göyə gülümsər.

Getdikcə uzanır cığırlı dərə.
O incə təbiət, gözəl mənzərə
Poladın gözünə ox kimi batır,
Yeriyir, dalaraq düşüncələrə.

Yeriyir, qəlbində dadlı istəyi,
Canlanır gözündə uca diləyi.
Andıqca düşmənin ağır zülmünü,
Xalqının halına yanır ürəyi.

Al günəş çəkildi dağ arxasına,
Dilsiz bir qaranlıq çökdü hər yana.
Buludlu göylər də batdı kədərə,
Dərələr büründü çənə, dumana.

Qaranlıq yollarda düşmədi bəndə,
Qoçpolad gecəykən yetişdi kəndə.
Dərindən inlədi: “Ah, ceyran qıza
Söz verdim, kişilik olmadı məndə.

Tapmadım qatili, bilirəm, Çimnaz
Dərdlənər, bu işdən könlü açılmaz…”
Endi tez orada çeşmə başına,
Otların üstündə dincəldi bir az.

Dərdindən yatmayır igid qəhrəman,
Dörd yanı düşüncə, xəyal, çən, duman,
Çəkil, ey qaranlıq, açıl, ey səhər!
Gülməsin o qara fikirli düşman.

Qaranlıq göylərin yükü ağırdı,
Torpağa müsibət, kədər yağırdı.
Dağların başında şəfəq sökməmiş
Budaqda bir bülbül mahnı çağırdı.

Oyanan quşların coşdu həvəsi,
Ətrafa yayıldı incə nəğməsi,
Təbiət oldu bir mahir dirijor,
Dərəyə səs saldı quşların səsi.

Ey gözəl təbiət, səndə var nələr!
Sövdalı axşamlar, aydın gecələr.
Hər dərə, hər üfüq, hər dağ lövhədir,
Şəfəqlər parlarkən göydə hər səhər.

Yüksəldi al günəş dağlar başından,
Yenə də şənləndi tarla, bağ, bostan.
El isə batmışdı kədərli yasa,
Min-bir dərd içində çırpınır Aran.

Poladın köksündə dağların qarı,
Qəlbində gül açan sövdanın barı,
Çimnazın evinin yanından keçdi,
Həsrətlə üz qoydu o kəndə sarı.

Oğlunun toyunu başlamışdı xan.
Yırtıcı qurdlarla dolmuşdu eyvan.
Poladı görüncə bağırdı: — Aşıq,
Otur daş üstündə, oxu bir dastan!

Çırpındı igidin parlaq umudu,
Məclisdə tapmaqçın o xain qurdu.
Sazını tez basdı odlu bağrına,
Aslanın haqqında çaldı, oxudu:

Qəhrəmandır igid Aslan,
Adı düşmüş dildən-dilə.
Yoxdur ona qarşı duran,
Dağ kimi arxadır elə.

Onu bütün ölkə sevər,
Elin çarpan ürəyidir.
Kölgəsindən aslan ürkər,
Uçuq evin dirəyidir.

Dünya olsa ona düşman,
Ürəyinə girməz qorxu,
Qurşandımı qılınc, qalxan,
Daşa dəyər düşmən oxu.

Aslan salmış dağda məskən,
Dəstəsilə yaşar orda,
Çıxsa elə ziyan verən,
Qanadlanıb uçar yurda!..

Yerindən sıçrayıb xan birdən durdu,
Bağırdı: — Öymə o yırtıcı qurdu! —
Sonra nayiblərə çevrilib dedi:
— Bilsəniz mülkümə nə ziyan vurdu?!

“Xana bac verməyin”, — deyirdi elə,
Əlindən var-yoxum dönmüşdü külə.
Özü bir orduya bərabər idi,
Meydanda dönərdi qızğın bir filə.

Doğrudan igiddi, bilməzdi qorxu.
Gecələr gözümə girməzdi yuxu,
Gördüm ki, nə qədər sağdır bu quldur,
Qorxuyla keçəcək ömrümün çoxu.

Bir gecə gizlincə oğlum Şahmar xan,
Bir də on beş nəfər igid pəhləvan.
Xəncərlə, qılıncla, toppuzla getdik,
Dörd yandan soxulduq yatarkən Aslan.

Hər yandan qulduru salmışdıq dara,
Cəmdəyi olmuşkən nişan oxlara,
Qılıncı əlimdən çəkərək birdən
Köksümün başında açdı bir yara.

Nəhayət ömrünü verdik biz bada,
Canımdan, mülkümdən sovuşdu qada,
Çox çəkməz, dayanın, böylə bir oyun
Verərəm Qoçoğlu quldur Polada!

Poladın qəlbində açıldı çiçək,
Gözünün önündə canlandı dilək.
Qonaqlar yanında öyünərkən xan,
Çimnazın yanına qaçdı sevincək.

Qoçoğlu Poladı görüncə Çimnaz,
Gül kimi açıldı, keyfi oldu saz,
Dedi: — Sən xoş gəldin, ey daşqın dəniz!
Çay kimi deyilsən, bulanlıq, dayaz.

Sözünə sadiqsən, ey ər oğlu ər,
Görürəm çox şənsən, üzün gülümsər.
Durma ki, tükəndi səbrim, qərarım,
Eşitdiklərindən ver mənə xəbər!

Qoçoğlu bağırdı: — Gözlərin aydın,
Tapıldı nəhayət namərd düşmanın.
Köksümün içində bir toy çalınır,
Alaram qanını igid Aslanın.

Dərindən sızlayır közlənmiş yaram,
Xalqımın yolunda ölüncə varam!..
Ölkədən düşmənlər qovulsun gərək,
Əlimə müjdə ver, yaxındır bayram!..

Dedi: — Ey qəhrəman, burax bu sazı,
Sevindir ürəyi dərdli Çimnazı.
Aslanın qılıncı, atı məndədir,
Bu günçün saxladım gözəl Ayazı.

Çox yaşa, qəlbimdən silindi kədər,
Sən gözlə, Ayaza mən vurum yəhər.
Elin düşmənindən intiqam üçün,
Qoçoğlu, səninlə gedək bərabər.

Sevincək həyətə yüyürdü Çimnaz,
Geyindi, qurşandı, keçmədi bir az
Həmin gənc pəhləvan qiyafəsində,
Polada göründü, yedəkdə Ayaz.

Qoçoğlu görüncə tanıdı onu,
Bildi ki, ceyrandır, dəyişmiş donu
Əlindən tutaraq söylədi: — Neçin,
Oynadın mənimlə belə oyunu?

Qız baxdı Polada, mənalı güldü,
Qırmızı yaqutu ikiyə böldü.
Sədəfin içində parladı inci,
Yenə də yaqutdan hörük hörüldü.

Dedi: — Mən ilk dəfə gəldim köməyə,
Vəzifəm çağırdı böyük diləyə.
İkinci dəfə də sınadım səni,
Sövda butəsində vurdum məhəyə.

Bəyəndim, çox gözəl verdin imtahan,
Vuruldum sənə, ey igid qəhrəman!
Deyirlər, yolçuya söhbət haramdır,
Gəl, bizi gözləyir o xain duşman.

Qoçoğlu dedi: — Ey hüsnün çırağı!
Atandır, anandır ellər dayağı.
Bilirəm, igidsən, soyun-sopun2 var.
Qoy mənim əlimdə inləsin yağı.

Mənəm öz xalqımın intiqam səsi,
El oğlu Aslanın doğma varisi.
Qanını almaq da mənə düşməzmi?
Sən özün insaf et, ey dağ pərisi!

Yaşardı Çimnazın ceyran gözləri,
Əliylə yüyəni çəkdi irəli,
Dedi: — Al, atamın qılıncı, atı!
İntiqam almamış dönməzsən geri!

Qoçoğlu mənalı baxdı Çimnaza,
Quş kimi atıldı ceyran Ayaza.
Əlini yuxarı qaldırınca o,
Ayaz bir quş kimi gəldi pərvaza.

Polada həsrətlə baxdı arxadan,
Çimnazın qəlbində qopdu həyəcan.
Nə qədər bənzərmiş igid igidə!
Hər görən sanacaq dirilmiş Aslan.

Şahmar xan çıxmışdı o gün cıdıra,
Atlını bölmüşdü iki tabura,
Uçurdu atlılar, öndə toy bəyi,
Göylərə qalxırdı toz bura-bura.

Uzaqdan görüncə, Poladın qanı
Sıçradı başına, alışdı canı.
Ayazı sürdü tez onun önünə,
Bağırdı: — Qaçma dur, ey el düşmanı!

Gəlmişəm ki, cıdır öyrədim sana,
Toyunda əlimi bulayım qana.
Qarşı çıx, dayanma, bu meydan, bu sən! —
Deyərək əl atdı qılınc-qalxana.

Şahmar xan o qızmış aslana baxdı,
Kinindən dönərək bir yana baxdı.
Nifrətlə çox acı gülümsəyərək,
O igid gövdəli oğlana baxdı.

Dedi: — Sən kimsən, ey pəhləvan, söylə,
Neçin oynayırsan öz əcəlinlə?
Çox böyük hünərdir, məni bir kimsə
Ömrümdə heç təhqir etməmiş belə.

Dedi: — Mən Qoçoğlu igid Poladam,
Qəzənfər xanlara düşmənəm yadam.
Aslanın qanını almağa gəldim,
Çıx mənim qarşıma, ey xain adam!

Qılıncı hiddətlə çıxardı qından,
Atını irəli sürdü Şahmar xan.
Kin ilə parladı göydə qılınclar,
Üz-üzə kükrədi hər iki düşman.

Qoçpolad atıldı Şahmara qarşı,
Titrətdi çəkdiyi nərə dağ-daşı.
Havada parlayıb oynarkən qılınc,
Yerlərdə çırpındı düşmənin başı.

Dəydi bir-birinə xan adamları,
Atılıb cumdular Polada sarı,
Dedilər: — Biz xana nə cavab verək,
Xəzanə döndərdin bu şən baharı.

Xan kinə dolunca qıracaq eli,
Axacaq günahsız qanların seli.
Bilirik, ölkəmiz batacaq yasa,
Qırıldı bu dərdli ölkənin beli.

Qoçpolad bağırdı: — Ey qoç igidlər!
Ananız, bacınız zülmdən inlər.
Ölkəni zindana çevirmiş bu xan,
El yasa batmışdır, düşmən gülümsər.

Bu xandan ölkəmiz doymuşdur cana,
Əl atır qurtuluş deyə hər yana,
Kim elin oğludur arxamca gəlsin,
Dərs vermək istərəm Qəzənfər xana!

Oynadı yerindən böyük bir kütlə,
Dedilər: — Gedirik biz də səninlə.
Bu qurdlar ölkəni, xalqı taladı,
Bir də düşməyəcək bu fürsət ələ!

Oradan gəldilər xan sarayına:
Həyətdə qurulmuş böyük toyxana,
Aşıqlar könülsüz oxuyur, çalır,
Oynayan qız-oğlan baş əyir xana.

Xan başda oturmuş nayibləriylə
Əmr etdi bir qıza o gülə-gülə:
— Qalx, Telli, bizə bir “Qaytarma” oyna,
Əkinin, mal-qaran düşməsin selə!
Qoçpolad dostlarla girdi həyətə,
Baxdı o məclisdə olan şövkətə,
Dedi: — Xan, hər gün toy-bayramdır sənə,
Xalq isə düşmüşdür ağır zillətə.

Cıdırda oğlunun ölçdüm boyunu,
Oradan “təbrikə” gəldim toyunu.
Eşitdim mənə də açmaq istərsən
Aslana açdığın xain oyunu.

Gəlmişəm mənə də açasan oyun,
Bir az da şənlənsin bu yaslı toyun.
El gəlmiş qapına, haqqını istər,
Onları sandınmı bir sürü qoyun?

Qoçpolad adını eşidincə xan,
Qəlbinin içində qopdu bir tufan.
“Həm malım, həm canım gedəcək, dedi,
Nə riyakarmış bu vəfasız dövran!”

Bitirər-bitirməz ürək sözünü,
Yenidən topladı bir az özünü.
Kükrədi Qoçoğlu Polad üstünə,
Kin, acıq göynətdi könül gözünü.

Bağırdı: — Dağlara get kəsil darğa!
Alıcı tərlanı sanma bir qarğa!
Əcəlin gətirmiş səni qapıma,
Gəl, pəncəm öyrənmiş dəri soymağa.

İgidlər bağırdı qudurğan xana:
— Bu qədər öyünmə, gəl çıx meydana!
Ölümlə gələrsən pəncə-pəncəyə,
Hünəri bu qılınc bildirər sana!

Aslanlar doğuran bu el, bu ölkə,
Qudurğan, zülmündən gəlmişdir təngə.
Biz ölüm, ya dirim eşqilə bu gün
İntiqam namına girmişik cəngə.

Toy tamam pozuldu, qarışdı ara,
Xan ilə nayiblər düşdülər dara.
Poladla igidlər aslana döndü,
Qılınclar toy tutdu xain başlara.

Qılıncın, toppuzun, süngünün səsi,
Poladın arabir aslan nərəsi,
O qanlı meydana verirdi dəhşət,
Elə bil coşurdu döyüş nəğməsi.

Hamının ürəyi kin ilə dolu,
İgidlər çeynəyir sağ ilə solu.
Qoçoğlu dörd yana endirir qılınc,
Bağlanmış düşmənin qurtuluş yolu.

Endikcə qılınclar qızışır meydan,
Yaralı cəmdəklə dolmuşdu hər yan,
Səs-küydən, nərədən qulaq tutulur,
Qorxudan qaçmağa can atırdı xan.

Qoçpolad yerindən bağırdı xana:
— Özün çıx, kişisən, buyur meydana.
Siyirmə qılıncla üstünü aldı,
Qılıncı endirdi xain düşmana.

Xan fəryad eləyib yıxıldı yerə,
Bir titrətmə düşdü o nayiblərə.
Yavaşca Polada dəydi bir qılınc,
Qulağı dibində qopdu bir nərə.

Baxarkən sağına o qızmış aslan,
Gördü ki, vururkən onu bir düşman,
Ox kimi üstünə şığıdı Çimnaz,
O azğın xainə vermədi aman.

Başında parladı tarixi toppuz,
Poladın qəlbinə yapışdı bir buz.
İçindən sevinclə gülərək dedi:
— Dünyada bir günüm olmasın bunsuz!

Yenidən əl atdı kəskin qılınca,
Hiddətlə sağa, həm sola vurunca,
Düşmənlər bağırdı: — Təslim oluruq!
Qoçpolad baxdı bir meydan boyunca.

Düşmənin istəyi dəymişdi daşa,
Nəhayət verildi qanlı savaşa.
El birdən coşaraq bağırdı: — Var ol,
Yaşa, ey el oğlu Polad, min yaşa!..

Toxtamış eşidib gəlmiş uzaqdan,
Həyəti görüncə bir qanlı meydan,
Şaşırıb heyrətlə gendən baxırdı.
Elə ki “təsliməm” — bağırdı düşman.

Sevincdən dönərək açılmış gülə.
Yanaşdı meydanda o qızmış filə.
Dedi: — Ey igidlər, dinləyin məni!
Barmaqlar oynadı, saz gəldi dilə:

— Uğur olsun, çiçəkləndi diləyin,
Yurdumuzun qəhrəmanı Qoçpolad!
Tilsimli zindanı qırdı biləyin,
Elin qəlbi, elin canı Qoçpolad!

Xalq olmuşdu dilsiz, miskin bir kölə,
Dar günündə kömək oldun bu elə,
Döndün dağdan axan daşqın bir selə,
Yerə soxdun o düşmanı, Qoçpolad!

Geniş qəlbin bulanmayan bir dəniz,
Gündən aydın, çeşmələrdən saf, təmiz,
Qoy adınla fəxr eləsin ölkəmiz.
Elin igid qəhrəmanı Qoçpolad!

Qış olmasın ay-günəşli bu yazın,
Ocaqları şənləndirdi avazın,
Toya gəldim, hanı gözəl Çimnazın?
Çağır gəlsin o ceyranı, Qoçpolad!

El yolunda həm can qoydun, həm əmək,
El atından, üzəngi tut, ey fələk!
Yasdan sonra elə şanlı toy gərək.
Gəl sevindir el-obanı, Qoçpolad!

1938

1 Burada dik, təpə mənasında işlənmişdir.
2 Əsil-nəsəbin

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.