Qış gecəsi – Abdulla Şaiq

Qış gecəsi

Zülmət bürümüş göyü… uğursuz
Göylərdə görünməyir bir ulduz.
Çılğın kimi ruzigar uğuldar,
Qar parçaların səmayə fırlar.
Damda, bacada həzin gurultu,
Səhraları inlədir uğultu,
Qurd-quş dəxi girmiş aşiyanə,
Çökmüşdür həzin sükut cahanə.
Bir yanda nə kölgə var, nə bir kəs,
Bir daxmada nə işıq, nə bir səs.
Dağ, çöl, dərə, bağ və tarla qardan
Öz üstünə örtmüş idi yorğan.
Kəndin qırağında tək və alçaq
Bir evdə sönük işıq var ancaq.
Xəstə uşağına qəmli madər,
Həsrətlə içində layla söylər.
Ağlar beşiyində tifli-nalan,
İnlər boğunuq səs ilə hər an.
Dərd ilə ümid içində madər
Şam tək bu beşik başında titrər…
Qızdırma içində xəstə yuxlar,
İnlər, həm ara-sıra sayıqlar.
Duyduqca bunu zavallı madər,
Ağlar, uşağa baxar mükəddər.
Gəhvarəyə1 söykənib kədərlə
Yuxlar qarışıq düşüncələrlə.
Röyada fəlakət içrə gördü,
Xəstə üzərində bir ağ örtü.
Yummuş gözünü bu kainata,
Etmiş acı bir vida həyata…
Evdə həyəcan, böyük təlaş var,
Durmuş o başı ucunda ağlar.
Batmışdı tərə o xab içində,
Birdən durub iztirab içində:
“Oğlum!” — deyə səslənir yerindən.
Gördükdə yatır o xəstə, birdən
Göz yaşlarını silib çəkir ah:
“Bu körpəmə sən şəfa ver, Allah!”

1909

1 Beşiyə

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.