Pionerlərə – Abdulla Şaiq

Pionerlərə

Təbiət canlanır, bahar çağıdır,
Bağçalar, yamaclar çiçəklənmədə.
Dan yeli hər yana ətir dağıdır,
Çöllərə çəkilir bir yaşıl pərdə.

Göylərin tovuzu açarkən qanad,
Hər çiçək rəng alır bir qanadından.
Günəşlə canlanır təbiət, həyat,
Günəşlə boy atır hər çiçək, fidan.
Ey bahar ölkəmin vətəndaşları, Yol
açın şəfəqdən hörülmüş nəslə!
Bağçamda gül açmış elin baharı,
Çoxdan göz dikmişəm bu gözəl fəslə.

Ulduzdan işıqlı hər canlı çiçək,
Süd əmmiş günəşin yaz məməsindən,
Baxdıqca gülümsər bu qoca ürək,
Dan yeri sökülür şən gülməsindən.

Silsilə dağlardan axan sellərin
Doğma bir oğluyam, doğma şairi.
Dastanlar yazdığım coşqun sellərin
Tərilə bəslənmiş ey pioneri!

Keçmişlər gözümdə sönmüş bir xəyal,
Alnını parladır biliyin yazı.
Gələcək sənindir, sənsən ideal;
Qəlbində çalınır şerimin sazı.

Baxdıqca nur əmən bu yeni elə
Sənətim, ilhamım açar qol-qanad.
Baxdıqca baxçamda açan hər gülə,
Qarşımda canlanır gələcək həyat.

Hər yolda atırsan odlu addımlar,
Biliklər ocağı şən yurdun vardır.
Alnında ulduzlar, günəşlər parlar,
Gələcək nəslimiz nə bəxtiyardır.

Bu qızıl ulduzlu bayraq sənindir,
Biliyə, zəkayə, əməyə hörmət!
Bu dövlət, quruluş, torpaq sənindir,
Ən uca bəşəri diləyə hörmət!
Bahar bağçasında açarkən hər gül,
Təbrikə gəlmişəm mən sarayına.
Mən sizə inamla vermişəm könül,
Məni də, pioner yaz alayına.

Saçları ağarmış qoca şairəm,
Dünyada təkcə bir istəyim vardır.
Əcələ yalvarıb gündə deyirəm:
— Aman ver, könlümdə diləyim vardır.

Gireydim siz quran yeni bağçaya,
Gözümlə görəydim bitkin barını,
Baxaydım günəşdən nur alan aya,
Doyunca dərəydim heyva, narını.

1937

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.