Övlad qayğısı – Abdulla Şaiq

Övlad qayğısı

Uşaq idim, yadımdadır, yaz idi.
Şıltağım bu cahana sığmaz idi.
Mənə hər şey verirdi nəşə, sevinc,
Quşlar etdikcə hər səhər vic-vic,
Körpə köksümdə qəlbim oynardı;
Çünki coşqun məhəbbətim vardı.
Mənə quşlardı yazda əyləncə;
Bir divarda iki anaş sərçə
Yuva tikmiş, yorulmadan şən-şən,
Çalışır; mən də qoymuram gözdən…
Quşlar artıq murada çatmış idi,
Bir kiçik ailə yaratmış idi.
Hər biri odlu şimşəyə dönərək,
Daşıyırlardı: tut, çəyirtkə, böcək.
Cik-cik etdikcə o şirin balalar,
Verilirdi mənə bu dünyalar.
Qəlbimi ovlamışdı cik-ciklər,
Ürəyimdən keçirdi ah, nələr!
Məni məşğul edən bu quşlardı,
Səsi gəldikdə qəlbim oynardı.
Ürəyimdə oyandı bir şölə,
İstədim onları keçirmək ələ.
Divara nərdivan uzatdım mən,
Quşları tez götürmək istərkən
Üzümə dəydi bir alovlu qanad,
Ata cik-cik edir, ana fəryad.
Həm də dimdikləyib vururdu məni,
Qoruyurdu balasını, Vətəni.
Heyrət etdim quşun cəsarətinə,
Həm bala, həm Vətən məhəbbətinə,
Alnımı basdı atəşin bir tər,
Ürəyimdən keçirdi ah, nələr!
Döyünürdü o saf, kiçik ürəyim,
Qurumuşdu ağac kimi biləyim.
Bala eşqilə çırpınan o ürək,
Məni titrətdi incə yarpaq tək.
Nərdivandan həmən yerə endim,
Öz işimdən özüm də iyrəndim.

1943

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.