O sən idin – Abdulla Şaiq

O sən idin

Mən bir gözəllik heykəli, dilbər, afət bir pəri,
Xəyalımda təsvir edər, durardım çoxdan bəri
Yaraşıqlı, sevimli bir əndam ölçər, biçərdim,
Yanağına, dodağına güldən rənglər seçərdim.
Xəyalımda yaratdığım o gözəllik pərisi,
Qəlbimə çox uyğun, munis görünmüşdü, doğrusu.
O lövhəni ürəyimin özəyinə nəqş etdim,
Sevdim onu, bir mum kimi eşqində söndüm, bitdim.
Ara-sıra xəyalımda canlanırkən o afət,
Önümdə sanki titrəyirdi canlı bir həqiqət.
Nurdan yaranmış əlini sallayaraq deyirdi:
Get, ara bu həqiqəti, taparsan söyləyirdi.
Bir sərsəri məcnun kimi mən də düşdüm çöllərə,
Bu gizli sirri söylədim dağa, daşa, ellərə.
Bir çox rəssam sərgisini dolaşdım ölkələrdə,
Mən o canlı həqiqəti tapmadım heç bir yerdə.
Hər gözəli görüncə mən, o lövhəni anardım,
Gündüz günləri, ayları, gecə ulduz sanardım.
Aylar, illər keçdi ancaq, o rəsmə bənzər afət,
Tapılmadı, yaranmamış böyləsi derdim, əlbət.
Ürəyimdə lakin o bir günəş kimi parlayar,
Qızğın sevgi, parlaq ümid, qartal qüvvətli inan1.
Səslənirdi: ümidini qırma, haydı, get, ara!
Mən də möhkəm etiqadla arayırdım daima.
Ox, mələyim, o uğurlu saatda ən nəhayət,
Parladı bir günəş kimi izlədiyim həqiqət.
Şaşqın-şaşqın hey baxırdım, ey qəlbimin əməli,
O həqiqət sən idin, ey gözəllik heykəli!

1919

1 Etimad, inam

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.