Nüşabə – Abdulla Şaiq

Nüşabə

Mövzusu Nizami Gəncəvinin “Şərəfnamə” poemasından alınmışdır

Yunanlı Filippin oğlu İsgəndər
Hər yana at sürdü, qazandı zəfər.
Fəth etdi Həbəşi, Hindi, İranı,
Fəth etmək istədi bütün dünyanı.
Oradan üz qoydu Azərbaycana,
Qəhrəman ordunu çəkdi Muğana.
Fatehin ürəyi olduqca şəndi,
Bərdəyə çatınca atından endi.
Tərtər sahilində çadır quruldu.
Hər təpə yanında bayraq vuruldu.
Açdı o, çəməndə şənlik məclisi,
Bülbülə qarışdı xanəndə səsi.
O yerdə başladı istirahətə,
Daldı bir neçə gün eyşə, işrətə.
Xoş olur gül-çiçək çağı ruzigar,
İnsana ruh verir sevimli bahar.
Güllərlə şənlənir hər çəmən, hər bağ.
Hər yaşıl qönçədə yanır yüz çıraq.
Nə qədər gözəldir, şəndir bu Bərdə!
Üstünə çəkilmiş yamyaşıl pərdə.
Meşəsi, çəməni cənnətə bənzər,
O yaşıl ölkəni suvarır Tərtər.
Ucalır kəkliyin, turacın səsi.
Gözəldir söyüdün, sərvin kölgəsi.
Gözəllik yurdudur bu Azərbaycan,
Onda çox xəzinə gizləmiş dövran.
Torpağı silinmiş qəmdən, kədərdən,
Nəğmələr içində dincəlir şən-şən.
Zəngin görəcəksən bu təbiəti,
Vardır aşıb-daşan naz-neməti.
Bu gözəl yerləri dolanıb gəzsən,
Şənlikdən başqa bir əsər görməzsən.
İsgəndər o yerə çəkincə ordu,
Bayraqlar başını göylərə vurdu.
Soruşdu: “ — Kimindir bu xoş seyrəngah?
Belə şən ölkəyə, deyin, kimdir şah?”
Dedilər: “ — Gördüyün bu yer, bu dövlət
Olmuşdur bir gözəl qadına qismət.
Qadındır kişidən ürəkli, qoçaq,
Dəniz incisindən təmiz və parlaq.
Tayı yox ağılda, adda və sanda,
Ölkəni becərir çətin zamanda.
Pərdə arxasında keçirir həyat,
Öz doğma yurdundan verir qol-qanad.
Sarayda ağıllı qadınları var,
Dövlət işlərini aparır onlar.
Mərmərdən şahanə vardır sarayı,
Yoxdur yer üzündə heç onun tayı.
Büllurdan taxtı var, göyə vurur baş.
Üstünə rəngbərəng tökülmüş daş-qaş”.
İsgəndər bu sözə heyrət edərək.
Dedi: “ — Bu cəlalı mən görüm gərək!”
Paltarın dəyişdi, elçiyəm deyə
Nüşabə xatunu getdi görməyə.
İsgəndər sərhədə basınca ayaq,
Keşikçi pəhlivan qadınlar bayaq
Aldılar üstünü: “ — Sən kimsən?” — deyə.
Sonrasa göstərib hörmət elçiyə,
Nüşabə xatuna verdilər xəbər
Ki elçi göndərmiş fateh İsgəndər,
Nüşabə sarayı bəzədi artıq,
O gələn yollara vurdu yaraşıq.
Durdu cərgə-cərgə qadın pəhlivan,
Əlində sıyırma qılınc və qalxan.
Padşahlıq təxtinə oturdu xoşhal,
Əlində ətirli, gözəl portağal,
Əmr etdi: “ — Şahların ayini üzrə
İsgəndər elçisi gəlsin hüzurə!”
İsgəndər saraya basınca ayaq,
Titrətdi onu bu şövkət, təmtəraq.
O gözəl sarayda bir hikmət gördü,
Cənnətdən də gözəl bir cənnət gördü,
Düşündü: “Qadında siyasətə bax!
Qurduğu dövlətə, şan-şövkətə bax!”
O, dövlət, şövkətə oxudu əhsən.
Sonra Nüşabəyə yanaşdı həmən,
Söylədi: “ — Yunanlı böyük İsgəndər,
Salamlar göndərir sizə, ey sərvər!
Deyir ki, nə üçün saymadın məni?
Saymadın ən uca başlar əyəni.
Hörmətcə çox ad, san qazanmış adın.
Nə üçün məni bəs qarşılamadın?
Səndə heç yoxdurmu azca nəzakət?
Qaniçən qılıncdan qorxmadın nədən?
Yoxsa İsgəndəri aciz sandın sən?”
Nüşabə baxınca tanıdı onu,
Bildi bu oynanan gizli oyunu.
Dedi: “ — Ey padşah, eşq olsun sənə!
Elçilik edirsən özün-özünə.
Məni cahil qadın sanma bu qədər,
Gəl yalan söyləmə, sənsən İsgəndər!”
Bu sözdən İsgəndər düşdü qorxuya,
Gördü ki, tutmadı bu rəng, bu boya;
Dedi: “ — Ey şövkətli, böyük hökmran!
İsgəndər deyiləm, elçiyəm ondan.
Mən hara, o fateh İsgəndər hara?
O ovçu qartalı bənzətmə sara”.
Nüşabə gülərək dedi: “ — Mənə bax,
Günəşə palçıqdan vurursan suvaq.
Vəzirə əmr etdi: “ — Mənə bax, Gövhər!
Şahlarla bəzənmiş ipəyi göstər!
Qoy görsün ipəkdə öz surətini,
Biliksiz bir qadın saymasın məni”.
İsgəndər bu işdən düşdü qorxuya,
Düşündü: “Düşmüşəm qəribə toya.
İsgəndər olduğum olsa aşikar,
Bu qadın başıma min oyun açar”.
Şəkilli ipəyi gətirdi Gövhər.
Nüşabə dedi: “ — Ey böyük İsgəndər!
Bunu tut əlində, diqqət ilə bax,
Nədir bu İsgəndər şəkilli bucaq?
Görüb surətini dondu bu işə,
Ay kimi ağardı, düşdü təşvişə:
“Nə üçün oynadım böylə oyunu?”
Nüşabə pərişan görüncə onu,
Dedi: “ — Ey şövkətli, uca tacidar,
Belə bir zamanda çərx oyun açar.
Hörmətim var sənə, qorxma, bunu bil,
Bu ev öz evindir, başqa ev deyil.
Bu şəkli onunçün göstərdim ki, sən
Mənim də şəklimi aydın görəsən.
Kişiyə oxşaram, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az:
Aslanın dişisi, erkəyi olmaz!
Qara, sıx bulud tək coşduğum zaman,
Sudan od saçaram, tüstüdən duman”.
Əmr etdi: “ — Şahanə bir süfrə açın!
Ortaya hər çeşid naz-nemət saçın!”
Bir xonça düzüldü günəşdən parlaq;
İçində dörd büllur kasa qoyaraq,
Biri ləl, o biri qızılla dolmuş,
Biri dürr, birinə yaqut qoyulmuş.
Nüşabə dedi: “ — Ey böyük hökmran.
Yeyin sevdiyiniz bu təamlardan”.
Bu sözə gülərək dedi İsgəndər:
“ — Ölçüsüz danışma, tökməyəsən tər.
Mən ki kor deyiləm, gözlərim görür,
Xonçaya düzülmüş almaz, yaqut, dürr.
Daşı da yeyərmi ağıllı insan?
Bu rəngi təbiət həzm etməz, inan!
Öylə bir yemək ver, mədəmiz dolsun,
Həvəslə ona əl uzatmaq olsun.
Mədəyə yol tapmaz bu qatı daşlar”.
Nüşabə gülərək dedi: “ — Tacidar,
Eləsə, yaramaz bu daşlar üçün
Bu qədər çalışmaq, vuruşmaq neçin?
Çalış bu daşlardan açılsın yollar,
Daşı daş üstünə qoymaq nə yarar”.
Ağıllı qadının bu sözlərindən
Gülərək, söylədi o poladbədən:
“ — Doğru söyləyirsən, bu daş-qaş ilə
Hər sərraf ancaq daş keçirir ələ.
O zaman kəsərli olardı sözün,
Əvvəl bu daş-qaşdan qaçaydın özün.
Xonçanda kasalar daş-qaşla daşır, Bu
töhmət daha çox kimə yaraşır?..
Bununla bərabər diqqət edincə,
Sözlərin yerlidir, doğrudur məncə”.
Nüşabə əmr etdi:” — Gülsün diləklər,
Süfrəyə düzülsün əlvan yeməklər!”
Xidmətçi kənizlər qalxdı ayağa,
Şahanə bir süfrə hazırlamağa.
Müxtəlif yeməklər axdı hər yandan,
Süfrəyə xuruşlar gəldi al-əlvan.
Qızlar ləyaqətlə hünər saçdılar,
Məclisdə başqa bir büsat açdılar.
Onlar məharətlə verdi səs-səsə,
Oxuya-oxuya başladı rəqsə:

— Tərtər çayı, daşırsan,
Sahilləri aşırsan;
Bostanlarda, bağlarda
Bizimlə oynaşırsan.

Tərtər çayı, dalğan ağ,
Suyun gümüşdən parlaq.
Yol sal bizim bağçaya,
Sən çal, biz də oynayaq.

Tərtər çayı, gəl barı
Bizim dəhnəyə sarı.
Aç qoynunu yıxansın
Elin gözəl qızları.

İsgəndər qəlbindən sildi kədəri,
Dedi: “ — Ey ölkənin parlaq ülkəri!
Sizin bu diyarın çalğısı, rəqsi,
Xüsusən qızların bu şaqraq səsi
İnsanı başqa bir aləmə atır,
Gözündə, qəlbində fərəh oyadır.
Bilirəm, sizdə bir gözəl adət var,
Bahara, atəşə böyük hörmət var.
Həməl bürcündədir işıqlı günəş;
İzin ver, məclisdə parlasın atəş.
Yeni il gələcək, canlansın şənlik,
Coşsun hər ürəkdə duyğu və mənlik”.
Nüşabə bu sözdən olaraq çox şən,
Bəzəkli tovuz tək qalxdı yerindən,
Gözündə atəşli şimşəklər çaxdı,
Şahanə əlilə bir atəş yaxdı.
İsgəndər dedi: “ — O parlaq günəşə,
Eşq olsun Nüşabə yaxan atəşə!
Atəşdən yaranmış bütün kainat.
Atəşlə canlanır, nurlanır həyat”.
Sarayın qızları verdi səs-səsə,
Oxuya-oxuya başladı rəqsə:

— Bir qırmızı güldü, atəş,
Bir dəstə sünbüldür atəş.
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.
Bir xonçadır al günəşdən.
Həyat gəlir bu atəşdən.
Nə gözəldir şən nəğməsi,
Ruha nəşə verir səsi.
Bitincə oyunlar, gözəl nəğmələr,
Yerindən qalxaraq, dedi İsgəndər:
“ — Çox sağ ol, günümüz xoş keçdi gerçək”.
Nüşabə hörmətlə dedi gülərək:
“ — İxtiyar sizindir, bizdə hər qonaq
Əzizdir, vəzifəm hörmətdir ancaq!”
Qonağı hörmətlə o, yola saldı,
Ölkə bu hörmətdən salamat qaldı.
Ürəkdən dost oldu o, Nüşabəyə,
Utandı düşmən tək qılınc çəkməyə,
Ordunu götürüb, Azərbaycandan
Sülh ilə qayıtdı, tökülmədi qan.

1946

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.