Niyə uçdu – Abdulla Şaiq

Niyə uçdu

Birinci Dumanın qapanması münasibətilə yazılmışdır.

Uçdu mələkim, qaldı mənə dərdü məlalı,
Fəryad! Yenə almaqdadır ətrafımı zülmat!
Eyvah, ümid qönçələrim solmada, heyhat!
Bu köhnə cahan söndürə bilməz bu zəvalı.

Ey bariqələr1, zərbələr endir bu cəhanə!
Söndü niyə vicdanımı tənvir edən2 amal?
Oldu niyə ümmidlərim zülmlə pamal?
Ey hiyləgər iblis, nədir indi bəhanə?

Baxdıqca bu aləmlər edər könlümü bərbad,
Xəstə ürəyim aldı dərindən yara bir də.
Doktor, yetər, əl çək, buna yoxdur çara bir də,
Olmazsa muradımca bu viranələr abad.

Durma daha, ey ədl, səadət buludu, yağ!
Ey ildırım, əzminlə gurulda yenə hər an!
Ey güclü külək, sən də qopar fırtına, tufan!
Bu köhnə cahanı təməlindən uçur ancaq!

1907

1 Şimşəklər
2 İşıqlandıran

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.