Zülmət gecədə nişanlı bir qız
Bir hüzn, kədər içində yalqız,
Atəşli düşüncələrlə inlər,
Bəxtindən uzun şikayət eylər.
Həsrətlə qucaqlayıb dizini,
Yaqut üzüyə dikib gözünü,
Ən haqlı bir etirazla ağlar,
Fəryadı bu kainatı dağlar.
Söylər: “Bu üzük mənə nişandır,
Könlüm tək onun da bəxti qandır.
Layiqmidir, ey həyat, — söylər, —
Bir div ola bir pərilə həmsər1?
Heyvan kimi sərvətə satıldım,
Suçlu2 kimi zindana atıldım.
Ey taleyim, etmə gəl mənə naz,
Qan qusmağa neylərəm qızıl tas?
Mən yalğızam, ah, yox müinim3,
Dağ-daşları sızladır əninim4.
Söndürdü atam çırağımı, ah!
Bir qönçə, tikanla oldu həmrah5”.
1908
1 Yoldaş
2 Günahkar
3 Köməkçim
4 İniltim
5 Yoldaş