Mən də qayaların yalçın başında – Abdulla Şaiq

Mən də qayaların yalçın başında

Mən də qayaların yalçın başında
 Qartal kimi döyündüm.
Əfsanələr duydum hər dağ-daşında,
 Köküs dərdim, öyündüm.
Çox gənc ikən qüvvət gəldi bacağa,
 Uca təpələr aşdım.
Dırmandım sel çağlayan dik bir dağa,
 Buludlara yanaşdım.
Şaşqın-şaşqın o sahilsiz fəzaya,
 Baxdım bir az diqqətlə,
Cadu gözlü, əngin, ülvi səmaya
 Daldım dərin heyrətlə.
O yurdu seyr etdim incədən-incə
 Qəlbimdə odlu duyğu.
Çocuqluqdan rəhbər olan düşüncə
 Mənə verdi bir sorğu.
O sorğunu göyə verdim, sağırdı1.
 Eşitmədi, bağırdım.
Dilsiz göylər qayalardan ağırdı,
 Yıldırıma hayqırdım.
Baxdım, artıq o ülviyyət içində
 Bir tükənməz boşluq var.
İnandığım sərmədiyyət2 içində
 Bir əbədi yoxluq var.
Tapındığım o nur saçan fələklər
 Məndə şübhə doğurdu.
Eşqindən ilham aldığım mələklər
 Artıq məni boğurdu.
Üzü quylu duran qübbə göylərdə
 Baxdıqca boş dərinlik.
Atəş yurdu sandığınız o yerdə
 Bir yaxıcı sərinlik.
O boşluqlar yalnız mənə duyurdu
 Bir çox canlı həqiqət.
İçimdə bir qüvvətli səs buyurdu:
 O “varlıq”, “sərmədiyyət”
Yalnız sənin, sənin ağlın, zəkandır,
 Ötmə qırıq saz kimi.
O boşluqlar diyarı bir ümmandır,
 Dumanlıqda qaz kimi.
Ora girən şaşırır yol-izini,
 Sən ağlınla iman et!
Aldanma hissə, aç ağılın gözünü,
 Get özünü ümman et!
Şübhə, tərəddüdlər məni boğmuşdu,
 Birdən-birə bayıldım.
Beynimdə odlu şimşəklər doğmuşdu,
 Son çaxışda ayıldım.
Can gözüylə bir də baxdım, o göylər
 Heç göründü gözümə.
Yalnız ağlım olmuşdu mənə rəhbər,
 İnandım mən özümə.
Qüvvət duydum cılız bacaqlarımda,
 Qarşımda həp yeni yol.
Yeni odlu nəğmə dodaqlarımda
 Mənə dedi ki: doğrul!
Yeni yolçu, uğur olsun səfərin,
 Yürü, yollar genişdir.
Qorxma, ayaq basdığın bu yerlərin
 Yalnız başı enişdir.
O düşdüyüm yerdən qalxdım, doğruldum,
 Qəlbim yanar məşəldi.
Gözlərimdə parıldayan nur buldum,
 Bildim ki, hansı əldi.
Hansı əldi bu gün məni dikəldən,
 Köküs gərdim, öyündüm.
Mən də yalçın qayalarda çocuqkən
 Qartallarla böyüdüm.
Endim ordan atlas yamac belinə,
 Getdim sürüyə qarşı.
Toxunduqca çoban sazın telinə,
 İnlədirdi dağ-daşı.
Odlu addımlarla ona yaxlaşdım,
 Yer göstərdi yanında.
Ruhumdakı o qüvvətə mən şaşdım,
 Atəş vardı canımda.
Çalır, oxur anladırkən bir dastan,
 Oynayırdı gözləri.
Qəlbimə çox toxunmuşdu o zaman,
 Anlatdığı sözləri.
Aldım mən də el sazını əlimə,
 Mən çaldım, o dinlədi.
Od düşmüşdü ürəyimə, dilimə
 İçin-için inlədi.
Pək gənc ikən o zamandan bəridir,
 O tikansız yollarda,
O saçdığım toxumların bəridir3
 Sağlarda və sollarda.
Mən də qayaların yalçın başında
 Qartal kimi döyündüm.
Əfsanələr duydum hər dağ-daşında
 Köküs gərdim, öyündüm.

1932

1 Kardır
2 Əbədilik
3 Meyvəsidir

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.