İrəli – Abdulla Şaiq

İrəli

Keçmişləri unut, quzum, artıq ona əl vurma!
O dumanlı pərdələri üzərindən qaldırma!
Ora min-bir nərdivanlı quyu olmuş hər zaman,
Hər nərdivanda yuxlayır bir əjdaha, bir ilan.
Sakın, açma, açma, quzum, o quyunun ağzını.
Çalma artıq keçmişlərin ruh inlədən sazını.
Burax onlar o qaranlıq məzarlığa atılsın,
Razı olma gənc ömrünə, gülüm, zəhər qatılsın.
İrəliyə doğru yürü, yersiz arxana baxma!
Gələcəyi düşün daim, onu gözdən buraxma!
Unutma ki, o alnının altında nurlu gözlər
İrəlini görmək üçün verilmişdir, yol izlər.
Sən o parlaq yol izləyən gözlərini daima,
İrəliyə dik hər zaman, yürü, yürü və durma.
O dumanlı, fırtınalı keçmişlərdən uzaqlaş!
Odlu, mətin addımlarla yürü, yürü, durma, arş!
İrəlidə, inan ki, bir cənnət kimi cahan var,
Sabah günəş orda doğar, səadət orda parlar.

1914

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.