İntizar – Abdulla Şaiq

İntizar

Çıxdı kənddən üç ayın müddətinə usta Səfər,
Fəhləlik qəsdi ilə etdi yaxın şəhrə səfər.
Keçdi üç ay, hələ ondan nə xəbər var, nə pəyam1,
Gözləyir ailəsi kənddə onu biaram.
Qış idi, qar da yağır, səslənir hiddətlə boran,
Bir çıraq idi həzin daxmada tək hakim olan.
Qapı ağzında həzin mürgüləyir sısqa çocuq,
Başının kölgəsi divarə düşüb, rəngi soluq.
Bir tərəfdə anası hey əyirir cəhrəsini,
Qəmli zülmət bürümüş alnını, həm çöhrəsini.
Ötürür köksünü tez-tez, düşünür: noldu Səfər?
Gedəli dörd ay olur, bax, nə kağız var, nə xəbər!
Bir bəlamı ona üz verdi, aman, ey Yaradan?
Ey əcəl, qıyma əziz körpəmə, qəhrindən utan!
Rəhm elə körpəmə sən, həm də bu bədbəxt qadına.
Neylərik vursa əcəl — bir canavar pəncə ona?
Baxdı tez körpəsinə, qəlbinə doldu qorxu:
— Dur, quzum, mürgüləmə, gir yatağa, rahət uyu.
Oğlu qəmli səs ilə inlədi: — Dur, birgə yataq.
— Hövsələm yox, məni yordu bu kədər, cəhrə, yumaq.
Nə üçün, ah, bu dünya mənə zülmət görünür?
Gözlərim hey qaralır, ah, ürəyim də döyünür.
— Ağlama, ah ana can, — qalxaraq o körpə dedi,
Başını madərinin çiyninə dalğın sökədi.
Bir səs oldu qapıda, qalxdı uşaq cəld qaçdı,
“Bax, atam gəldi” — deyə o, qapını tez açdı.
Qapıdan girdi Səfər şad, səlamət, xürrəm,
Balası qaçdı sarıldı ona möhkəm-möhkəm.

1911

1 Məktub

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.