İlham qaynağım – Abdulla Şaiq

İlham qaynağım

1905 mənə verdi sənət şövqünü,
O ziyalı iksirdən mən də aldım qol-qanad.
Duydurmuşdu göylərə ucalmanın zövqünü
Sevgi, inam və ümid aşılayan bir həyat.
Mindim xəyal yürüşlü ilhamımın altına,
O buludlu fəzanın atıldım üst qatına.

Olmuşdu cövlangahım aydınlıqlar yatağı.
Qaynaşan yer üzünə yüksəklərdən baxırdım.
Sevinirdim yandıqca gündüzlərin çırağı,
Əngin fəza qoynunda ulduz kimi axırdım.
İldırımlar, şimşəklər oynaşırdı köksümdə,
Çılğın bir div nərəsi inləyirdi səsimdə.

O yerləri həqiqi cənnət sandım bir zaman.
Alovlu şimşəkləri fırlatdım sağdan sola.
Şəfəqlər dənizində baş vurdum hey durmadan,
Buludlarda dolaşdım şimşəklərlə qol-qola.
O boşluq ölkəsində aradım hər bucağı,
O yerlərdə görmədim bir səadət qucağı.

Mən də bir müddət oldum səmaların şairi,
Sərab kimi görünən boşluqlarda yüksəldim.
Üşüdürdü qəlbimi soyuq fəza şəhpəri,
Öz içindən alışan havasız bir məşəldim.
Dolaşırdım dumanda yoz azmış bir qaz kimi.
İnləyirdim günəşsiz, buludlu bir yaz kimi.

Vurulduğum həqiqət məgər ki, bir xəyalmış,
Artırdı gündən-günə məndə tərəddüd, şübhə.
Deyirdim: ah, o sevgi, inam, ümid yalanmış?
Dalğınlaşırdım artıq aylar, illər keçdikcə.
Girdim çılğın ruzigarın xəyal kimi gözünə,
O boşluqlar yurdundan endim bu yer üzünə.

Qasırğalı çöllərdən, qarlı dağlardan aşdım,
Endim, cıdır oynadım boz qayalar boynunda.
Bağçalarda bülbüllər dəstəsinə qarışdım,
Ötdüm qırıq saz kimi çiçəklərin qoynunda.
Dərələrdə inlədim yorğun qasırğa kimi,
Sahillərdə oynadım əsəbi dalğa kimi.

 Uğurlu bir burağan
 Aldı məni durmadan
 Atdı coşqun dənizə,
 Köpüklərlə üz-üzə
 Dalğalara qarışdım,
 Martılarla yarışdım,
 Dəniz kimi çalxandım,
 Şəfəqlərdə yıxandım,
 Al günəşlə əl-ələ
 Çıxdım ordan sahilə.
 Doğmuşdu bir şən həyat,
 Qaynaşırdı kainat.
 Şəfəq güldü üzümə,
 İşıq gəldi gözümə.
 İndi hər uzaq, yaxın
 Qarşımda açıq, aydın.
 Nə şübhə var, nə kədər,
 Bu gün şerimə rəhbər
 Qəlbimdəki şölədir,
 Qalib, qadir kütlədir.

1932

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.