İki mücahid – Abdulla Şaiq

İki mücahid

Sən, ey atəş vücudlu, oynaq atım!
Ey ildırım baxışlı qol-qanadım!
Biz türklərə saldırıcı babamız
İki ağır miras buraxmış yalnız:
Biri dəmir silah. Birisi atdır.
Biz türklərə bunlar iki qanatdır.
Bunlar ilə yüksəklərə uçarız,
Üç dünyanın tilsimlərin açarız.
Qovunca biz yeriyinin üstünə,
Qeysərlərin, kəsirlərin təxtinə
Sahib olan fateh dövri alarız,
Arslandan, qartaldan tük çaldırarız.
Kədərli, şən nümayişli günümüzdə
Ayrılmaz arkadaşsınız hər siz də.
Bulunduğumuz qovğalarda nə kadar
Nəqş etdin qəlbimə xoş xatirələr.
Uzaqlardan görüncə həp düşməni
Çeyniyordu cəlavənin kəmini.
Qulağını qırpar, yeri eşərdin,
İldırımlı bulut kibi kişnərdin.
Üzənginə ayağımı basınca
Çilan kibi sıçrardın, göz açınca.
Şahin kibi həm qol-qanad açardın,
Dörd ayaqla hava ilə uçardın.
Bən düşməni qılıncımla, qurşunla,
Sən çeynərdin dırnağınla, dişinlə.
Doyulunca sonra hər yanda zəfər,
Ona qatardın düşməni sərasər.
Şən və müzəffər bir sima alardın,
Cəbhələrdə kişnər, meydan sulardın.
Fəqət şimdi nədən oynaq dik başın
Dalğın durur? İldırımlı baxışın
Şimdi nədən aşağıya dikilmiş?
Qara yallı təmiz boynun bükülmüş?
O narıncı, parlaq atlas tüklərin,
Tikan kibi qabarmış kipriklərin.
Bir top sivri iynə kibi düzülmüş,
İldırımlı, qara gözlər süzülmüş.
Yara almış qartal kibi bakarsın,
Gözlərinlə sönük şimşək çakarsın.
Atlıları anan cilan gözlərin,
Süslü ayaqların, incə dizlərin
Yorğun-yorğun, ölgün kibi duruyor,
Bu halların ümidlərmi qırıyor.
Bilməm ki, kaç tarixi xatirələr
Hiddətli son baxışlarında titrər.
İnanmazdım ki, bir səlik, bir qurşun
O atəşli vücudunu soldursun.
Son nəfəsdə qoy başını dizimə,
Oxşayayım, sürtəyim üz-gözümə.
Bən mərsiyə qoşub sənə ağlamam!
Deyəcəyim son sözümdür, vəssəlam!
Vəzifəni pək namusla bitirdin,
Bir bəxtiyar şəhid kibi can verdin.
Lakin görələr hala hücum topları,
Bizimkilər dırmanır dağ yuxarı.
Vicdan səsi kibi bus səs də titrər,
Bəni də şübhəsiz hücuma səslər.
Halal elə, arkadaşım, bağışla!
Getməliyəm, yoldaşını alqışla!
Vəzifəmdir bu yoldan yoxdur dönüm,
Şanlı zəfər… ya şərəfli bir ölüm!..

1918

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.