İki familiyanın məhvi – Abdulla Şaiq

İki familiyanın məhvi

Firudin bəy Köçərliyə
  
 1

İki qardaş: Səfər, Əmir Aslan
Borçalı torpağında çox ad-san
Qazanan bəylər olmuş, hər birinin
Var idi çox dəyərli və zəngin
Uc-bucaqsız, gözişləməz əkini,
Qoruğu, tarlası, ağır biçini.
Sürüsü, ilxısı, pəyə, yatağı,
Yamyaşıl otlağı və meyvə bağı.
Uca, ali sarayları məşhur,
Sərvət etmişdi onları məğrur.

 2

Səfərin Telli adlı bir dilbər,
Nazik əndam, gözəl, pəripeykər,
Alagöz, şux baxışlı, laləüzar,
İşvəli, qəmzəli gözəl qızı var.
O gözəl rəngi, göz-qaşı mütləq
Ona məxsus təbiət etmiş xəlq.
Niyə daldın, şaşırdın, ey rəssam?
Çəkdiyin varmı böylə şux əndam?
Böylə süzgün baxışlı dağ pərisi,
Böylə hüsnü məlahət abidəsi?
Belə qaş-göz, bu incəlikdə dəhən?
Bu pəri qız hələ beşikdə ikən
Əmir Aslan bəyin böyük vələdi
Daşdəmirlə nişanlanıb, indi
İki gündür ki, başlanıb toylar,
Kənd şənlik içində hey qaynar.
Bürümüş kəndi səs-səmir və təlaş,
Dost, tanış, yad, bütün qohum-qardaş
Düzülüb şən, qatar-qatar, səf-səf,
Çalınır bir tərəfdə tambura, dəf.
Bir tərəfdə aşıq çalır, oxuyur,
Gül-çiçəkdən hava ətir qoxuyur.
Çalğını dinləyir hamı məftun,
Telli ancaq düşüncəli, məhzun,
Saf, təmiz çöhrəsində dalğınlıq,
Ala, şux gözlərində bayğınlıq.
Qara geymiş sevimli kipriklər,
Onu dırmaqlayır düşüncə, kədər.
Quş kimi qəlbi çırpınır, lakin
Gizlədir köksünü əzən kədərin.
Ona bu toy, bu təntənə, bu büsat,
Qanlı matəm kimi gəlir, heyhat!

 3

Payızın bir soyuq və dəhşətli
Gecəsiydi; ağır və qisvətli
Sis, duman qoynuna girib hər yan:
Uyuyur kənd, dərə, təpə, orman.
Göydə ulduzlar inci tək düzülür,
Arxasından buludların süzülür
O qaranlıqda bir sönük ulduz
Kimi dalğın, düşüncəli bir qız
Əlinə sövkəyib gözəl başını,
Axıdır damcı-damcı göz yaşını.
Dolu vurmuş qanadları düşgün,
Yaralı quş kimi həzin, küskün.
Ağac altında müztərib, yalnız,
Ağlayır: — Ey Oğuz, — deyə halsız, —
Səndədir, səndə qəlbim, ey sultan,
Ruh ilə, qəlb ilə yaşar insan.
Mənə sənsən verən sevinc, həyat,
Bunu gəl indi onlara anlat!
Könül azadə bir quşa bənzər,
Sevdiyi şaxəyə qonar və ötər.
Yad olar qəlbi möhnət ilə qəmə,
Ona kim əmr edər ki, sus, ötmə!
Quş qədər olmadımmı? Ah, nədən,
Dil-ağızsız hələ, beşikdə ikən
Bir soyuqqanlıya nişanladılar,
Bundan, ya rəbb, nə ləzzət anladılar?
Bağlayıb ol zamandan əl-qolumu,
Kəsdilər hər tərəfdən, ah, yolumu.
Qoymadılar baxam işıq cahana,
İndi bir qaz necə düşər dumana,
Qalmışam ortalıqda sərgərdan,
Yox işıq, hər tərəf mənə zindan.
Başıma oldu dar geniş dünya,
Dil-ağızsız qara malam guya.
Qarşıma ot-samandan atsınlar,
Öz bəyəndiklərinə satsınlar.
İnsanam, yoxmudur mənim ürəyim?
Daşmıyam? Yoxmudur mənim diləyim?..
İnlədikcə solur bahar yanağı,
Qovrulur qönçə gül kimi dodağı.
Boynunu iztirab, kədər bükmüş,
Düşünür, gözlərin yerə dikmiş.
Keçən azadə, bəxtiyar günlər
Canlanırkən önündə hey inlər.
Ağarır ay kimi bəti-bənizi,
Titrəyir, gözlərində qorxu izi.
Qəlbini sızladır o qorlu yara.
Düşünür qəmli, yad edir sonra.
Oğuz ilə o gün görüşdüyünü,
Min fərəhlə xatırlayır o günü.
Yad edir sonra ki, üç ay əqdəm,
Hələ yaylaqda idi şən, xürrəm,
Çaharşənbə günü yaşıl təpədə,
Yığılıb qızlar ilə bir yerdə,
“Can gülüm” oynayanda öz üzüyün
Kasaya saldı, eylədi diləyin.
Diləyinə bu çıxmış idi o gün:

 “Mən aşıq sizə gəlləm,
 Can gülüm, can-can!
 Sürmə çək, gözə gəlləm,
 Can gülüm, can-can!
 Yüz il qazamat çəksəm,
 Can gülüm, can-can!
 Çıxcağın sizə gəlləm,
 Can gülüm, can-can!
Onu titrətdi faldakı “qazamat”,
Mənə zindan olar, — dedi, — bu həyat.
Görünür ki, yaram bitişməyəcək,
Oğuza, ah, əlim yetişməyəcək.
O gecə yatmamışdı bir zərrə,
Ağlayıb qarğamışdı Daşdəmirə.
Yanağın indi də yaş islatdı,
Tellini bu düşüncə ağlatdı.
Qəlbini sıxdı bu üzüntü, kədər,
Daldı birdən-birə o gülpeykər,
Bir həzin tövr ilə gözün yumdu,
Qara, qorxunc xəyallara cumdu.

 4

İndi öz halına qoyaq o qızı,
Başlayaq tərifə igid Oğuzu.
Bu daha adlı-sanlı bəyzadə,
Əqrəbalı, qəni və çox sadə,
Şux sima, güləş, açıq üzlü,
Dəlisov, mehriban, şirin sözlü.
Telli çoxdan Oğuz bəyə vurğun,
O da olmuşdu Telliyə məftun.
Uşaq ikən Oğuzla dağ pərisi,
Bir-birin sevmiş idi hər ikisi.
Yığışıb kənd uşaqları xəlvət,
Oynayırkən “gəlin-gəlin” hər vəxt
Hər uşaq bəy olurdu başqa qıza,
Telli mütləq gəlin olur Oğuza.
Onu sevmiş, deyər, gülər, oynar,
Ona eylər məhəbbətin izhar.
İndi də qəlbi o Oğuz bəydə,
Ona qəlbən sitayiş etməkdə.
Daşdəmir bəy kürəkli, qamətli,
Sərt baxışlı, ağır təbiətli,
Sözü ötkəm, iradəli və cəsur,
İzzəti-nəfsini tutan, məğrur,
Gurlayan səsli, həm də heybətli,
İri qaşlı, acıqlı, hiddətli
Gənc idi, az deyib, gülüb-danışan.
Daşdəmirlə görüşdüyü hər an
Titrədərdi qızı acı qüvvət,
Bəsləyərdi ona dərin nifrət.
Görüşürkən Oğuzla lakin ən
Bəxtiyar bir uşaq kimi şən-şən
Açılar gül kimi, deyər və gülər,
Danışar çox maraqlı söhbətlər.
Ona ruhilə bağlamış ülfət,
Daşdəmir bəydən eyləyir nifrət.
Bunu andıqca dəhşət əndamın
Alaraq, hey kəsirdi aramın
Çünki müşkül məqamda idi işi,
Düşünürdü: “Oğuz ilə sevişi
Bir zaman çox yaman zərər verəcək,
Qanlı, dəhşətli bir səmər verəcək.
İki güclü familiya birdən
Olacaq bir-birilə çox düşmən”.
Bu düşüncə damarların yığdı,
Üstünə ildırım kimi şığıdı.
Qəlbini odlu qəm, kədər aldı,
Qara, müdhiş fikirlərə daldı.

 5

Telli yad eylədi Oğuzla dünən
Ağlaya-ağlaya görüşərkən,
O demişdi ki: “Səbr elə, Telli!
Olmuşuq bir obalı, bir elli.
Sən mənimsən sevimli, nazlı quzu,
Hey önündə bu diz çökən Oğuzu
Bacarıqsız sanırsan, ah, yoxsa,
O fələk də dizin yerə qoysa,
Səni pəncəmdən heç ala bilməz,
Sar qızıl quşdan ov sala bilməz.
Ağlama, üzmə boş yerə özünü,
Anlayarlar, amandı, sil gözünü.
Bir dayan, gör ki, nə oyun açacam,
Toy içində səni alıb qaçacam.”
Bu ümid qəlbinə verir təskin,
Yenə də qəlbi çırpınır, lakin,
Şübhə ilə ümid zavallı qızı
Titrədir, bivəfa sanır Oğuzu,
Üzünü bir qara duman bürüyür,
Ağlayır, qəmli mahnılar oxuyur:
Əzizim neylim sənə,
Düşübdür meylim sənə.
Mən dönsəm üzüm dönsün,
Sən dönsən, neylim sənə!
Əzizinəm, ya sabah,
Bülbül oxur: “Ya sabah”.
Bir yanda toy şənliyi,
Bir yanımda yasa bax!
Bürüyür qəm bulud kimi üzünü,
Çevirib göylərə ala gözünü,
Buluda, ulduza o şux dilbər,
Gizli-gizli məlalını söylər.
O tükənməz fəza, o ay, o bulud,
Dinləyir bu şikayəti məbhut.

 6

Ey qaranlıq yayan qalın gecələr!
Ey həzin, ey qara alın gecələr!
Ey hüdudsuz fəza, dərin boşluq,
Duyğusuz, qayğısız, sərin boşluq!
Ey buludlar, sönük qara ləkələr,
Uçuşan parça-parça şəbpərələr1!
Göy üzündən bizə baxan ulduz,
Gecə minbir çıraq yakan ulduz!
Siz, siz ey yeddi parlayan ülkər,
Hər yeri seyr edən gözəl kürələr!
Nə qədər dərdli gənc, qoca miskin,
Ağlaya-ağlaya ürək sirrin
Sizlərə açmış, eyləmiş fəryad,
Çarəsiz göydən istəmiş imdad.
Gözləyirkən böyük ümidlə nicat,
Birinə tutdunuzmu əl? Heyhat!

 * * *

Ağarıb dan yeri, günəş doğmuş,
Onu ancaq duman, bulud boğmuş,
Onların arxasınca hey sürünür,
Arabir şöləli üzü görünür.
Dərələrdən yavaş-yavaş lərzan
Qalxaraq parça-parça sisli duman,
Bürüyür qarlı dağların başını,
O dumanlar içində yoldaşını
İtirən qəlbi dərdli bir durna
Şərqə doğru uçurdu tək-tənha.
Qorxudurdu onu acı hicran,
İnləyir çöl, çəmən, çayır, orman.
Bu sönüklük içində bir şuriş2,
Qarışıq bir gurultu, bir cünbiş3.
Çalınır çox həvəslə el rəqsi,
Balaban, zurna, tar, kamança səsi.
Gurlayır, məclis əhli əl çalaraq,
Oynayır qız, gəlin, qadın coşaraq,
Ürkərək bu gurultudan quşlar
Bu budaqdan uzaq budağa qonar.

 7

Əmir Aslan bəyin evi parlaq
Toy büsatilə şənlənir, qaçaraq
Dırmanır kənd uşaqları ağaca,
Əks edir səs, gurultu dağ, yamaca.
Axışır kəndlilər bir azca uzaq,
Uca yerdə hamı alay vuraraq,
İzdihamlı büsatı seyrə dalır,
Hər yeri bir maraqlı şənlik alır.
Azacıq keçməmişdi qopdu səda,
Gəlir öz dəstəsilə Aslan ağa.
Dilə gəldi kamança, zurna, qaval,
Aslanı bəylər etdi istiqbal.
Öz atından düşüncə Aslan ağa,
Önünə çəkdilər gəlimli buğa4,
Nə qədər üzr istədi Aslan,
“Yox!” — deyə, səs ucaldı hər yandan.
İzdihamı o gözucu süzdü,
Buğanın boynunu vurub üzdü.
Qopdu bir şən bağırtı hər yerdən:
“Afərin, afərin, a bəy, əhsən!
Uzun olsun o bəxtiyar ömrün!”
Bu böyük hörmət idi Aslan üçün.
Adlı bəylərlə doldu sol və sağı,
Evə dəvət elədilər qonağı.
Hamı şən-şən deyir, gülür, yalnız,
O büsatda görünməyirdi Oğuz.

 8

Atlılarla çölün düzü dolmuş,
Sanki məhşər günü qiyam olmuş.
Daşdəmir bəy hazırlanıb cıdıra5,
Bir komandan kimi iki tabura
Atlını böldü, mərzəcən çaparaq,
Bir-birindən cıdırları qaparaq,
Tez atın qarnı altına girərək,
Gizlənir, tez yenə ata minərək.
Göstərir hər biri məharətini,
Tez yenə meydana çapır atını.
Əydilər baş, cıdır bitincə, bəyə,
Sonra birdən düzüldülər sıraya.
Bir başa quş kimi yenə uçaraq,
Kənd içinə yetişdilər çaparaq.
Kənddə susmuşdu o gurultulu səs,
Söyləyirdi yavaş-yavaş hər kəs:
“Götürübdür Oğuz qaçıb gəlini”.

 * * *

Bir işıq yox, bütün çıraq sönmüş,
Kənd qaranlıq məzarlığa dönmüş,
Hökm edir fırtına, boranlı soyuq,
Göy üzündə işıq nişanəsi yox.
Hər tərəf dəhşət ilə mürgüləyir,
Göy üzü kəndə sanki qəm ələyir.
Uca bir köşkdə fəqət bir işıq
Görünür kölgələrlə qat-qarışıq.
Orada gizli bir hazırlıq var,
And içir, bağlayır hamı ilqar:
“Ya ölüm, ya ki, intiqam!” — deyərək,
Qurana and içir hamı tək-tək.

 * * *

Yenicə dan yeri açılmışdı,
Tar işıq aləmə saçılmışdı.
Daşdəmir kinli əjdəhayə dönüb,
Qara tüklü yapıncıya bürünüb,
Aynalı bir tüfəng alıb əlinə,
Sıçrayır quş kimi atın belinə.
At nə at — dağ kimi uca, dilbər,
Tükləri tər-təmiz, qara məxmər.
Cilovun çeynəyir, yeri hey eşir,
Kişnəyir, gah sıçrayır və düşür.
Çox sürükdə birincilik şərəfin
Qazanıb; o mahalın hər tərəfin
Səsi basmış, fəqir, qəni, əyan
Dillərində bu at olub dastan.
Bir alov parçasıydı o, şəksiz,
Göstərirkən ona bir az məhmiz,
Açılır şiddət ilə göz qapağı,
Qaçır o, sanki yerlərə ayağı
Dəyməyir, quş kimi qanadlanaraq,
Yorğalar, boş fəzaları yararaq,
Onun üstündə Daşdəmir darğın,
Çeynəyir şiddət ilə dil-dodağın.
Arxasında on-on beş atlı qoçaq,
Düşmənin kəndinə gedir çaparaq.

 9

Qanlı, dəhşətli bir səda, şivən,
Bürümüşdü o kəndi hər yerdən.
Güllə göydən dolu kimi tökülür,
Qazmalar, daxmalar çökür, bükülür.
Bir tərəfdən o kəndi qurşun əzir,
Bir tərəfdən alov içində üzür.
Tayalar od tutub alovlanmış,
Tüstüdən hər tərəf dumanlanmış.
Şölələr hər yana şərarə saçır,
Çox fəlakətli, qanlı lövhə açır.
Kənddə körpə, çoluq-çocuq mələşir,
Çoxu qurşun yeyib qana büləşır.
Qarışır bir-birinə mal, heyvan,
Sürü, ilxı, naxır, köpək, məstan
Quyruğun dikləyib ora-buraya,
Soxulur ormana, çölə, talaya.
Yan-yana Telli də Oğuzla o gün
Atmış idi ovuc-ovuc qurşun.
Qızmış idi vuruşma bu arada,
Oğuzun qardaşı Süleyman ağa
Çox igid idi, göstərib cürət,
Düşmənə vermədi bir an fürsət.
Onları tez darıxdırıb sıxdı,
Güllə ilə üçün yerə yıxdı.
Daşdəmir bəy qolundan aldı yara,
Səs-səmir yatdı, sakit oldu ara.

 10

Bir qaranlıq gecəydi, Telli, Oğuz
Bağça ağzında əyləşib yalnız
Cüt göyərçin kimi tutub ülfət,
Dadlı-dadlı edirdilər söhbət.
Bağda bir səs, qaraltı hiss etdi,
Oğuzu bu qaraltı titrətdi.
Götürüb tez tüfəngini durdu.
Kölgəni tez nişanlayıb vurdu.
Bir həzin səs dedi: “Mənəm, namərd!”
— Vay! Süleyman, sənmisən? — deyə, cəld
Yetişib gördü qardaşı cansız
Yıxılıb torpağa. Zavallı Oğuz
Şaşırıb ağlını, vurur başına,
Dizi üstə çöküb də qardaşına,
Sarışıb səslənir: — Süleyman can!
Hıçqırıqlarla ağlayırdı: — Aman,
Qardaşım, mənmi vurdum, ah, səni?
Kədərindən əsir bütün bədəni.
Üzünün saf təravəti sönmüş,
Gözləri qanlı məşələ dönmüş.
Qəmli dəhşətlə fikrə dalmışdı,
Ələmə, matəmə sarılmışdı.
Onu inlətdi bir xəyal birdən,
Götürüb tez tüfəngini yerdən
Dayadı qəlbinə, o dəm Telli,
Qaçaraq: — Vay! — deyə, ikiəlli
Tutdu, — Eyvah, tərəhhüm eylə mənə,
Qurban olsun, Oğuz, bu Telli sənə.
Belə bədbəxtliyi, aman, etmə,
Məni namərdlərə qoyub getmə!
Məni əvvəlcə öldür, ah, sonra…
Yara üstündən, ah, vurma yara!
Oğuz: — Eyvah, — deyə vurub başına,
Ağlayıb bərk sarıldı qardaşına.

 * * *

Qanlı bu işlərin sonu noldu?
Borçalı ah-fəqan ilə doldu.
Yenə getdikcə kin alovlandı,
İntiqam macərası başlandı.
İki adlı familiya bitdi,
Bir-birin qırdı, əzdi, məhv etdi.
Oldu bir çox igid bu yolda fəda,
Artıq ərşə dayandı zülm, cəfa.
O iki dudiman yanıb söndü,
Varları, yoxları külə döndü.
Susdu artıq o gurlayan səslər,
Bir çoxunu çürütdü məhbəslər.
O böyük nəsldən nişan olaraq,

Bir uçuq köşkdür qalan ancaq.
O da olmuş xərabə, viranə,
Sanki matəm tutur o kaşanə.
Elə bil qanlı dudiman ocağı
İndi olmuş qoyun-quzu yatağı,
Bir zaman gurlayan o təntənələr,
Köşkü şənləndirən o qəhqəhələr
Yerinə indi qəm məkan etmiş,
Çünki bayquşlar aşiyan etmiş.
İndi də o uçuq xərabə durur,
Qanlı bir macəraya tənə vurur.

1910

1 Gecəquşular
2 Qarışıqlıq
3 Kef, əyləncə
4 Borçalı türklərində belə əski bir adət var ki, bayramlarda və ya toy kimi əziz günlərdə ehtiram üçün ən möhtərəm və igid qonağın qarşısına buğa çəkərlər. Həmin adam birdəfəyə qəmə ilə gərək buğanın boynunu vurub yerə salsın.
5 Borçalı türkləri qədim adətlərinə görə, əziz bayramlarda və toylarda cıdır oynarlar. Kəndin cavanları, igidləri atlanır, bir yerə toplanır və aralarından “bəy” (komandan) intixab edirlər. Toyda komandanlıq edən mütləq “bəy” dedikləri damad olmalıdır. Məzkur bəy atlıları iki dəstəyə ayırır. Geniş bir meydanda hamısı çalışaraq və əllərində saxladıqları qol yoğunluqda və arşın yarım uzunluğunda olan “cıdır” ya “cirit” dedikləri dəyənəyi iki dəstə bir-birinə atar və artıq məharət və çapınlıqla cıdırı dəf edərlər. Aralarında şiddətli yara alan və ölən dəxi olur. Adətlərincə, cıdırda ölənin və ya yaralananın qanı belə müvaxizə edilməzmiş.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.