Hekayə – Abdulla Şaiq

Hekayə

Eşitdim, bir yoxsul ciyər qanilə
Köhnə bir əşrəfi keçirdi ələ.
Ona söyləmişdi varlı kimsələr:
“Zəri-zər, xəzinə-xəzinə çəkər…”
Sürətlə üz qoydu bazar səmtinə,
Köhnə əşrəfilə tapsın xəzinə.
Bir sərraf dükanı gördü çox geniş,
Bir yerdə bu qədər qızılı görməmiş.
Bir yığın qızıldır, gümüşdən parlaq.
Hər yan əşrəfidir, bir neçə qalaq.
Xəzinə xülyası beyninə batdı.
Qızılı xəzinə üstünə atdı.
Əlindən uçunca dəyərli varı,
Yügürdü qalanmış qızıla sarı.
Qızılı atmaqdan oldu peşiman,
Birə yüz almağa tapmadı imkan.
Fəryada başladı: “Qızılım” — deyə,
Yalvardı cavahir satan kişiyə:
“ — Mən ömrüm uzunu hey çalışaraq,
Əlimə bir qızıl keçirdim ancaq.
Mənə söyləmişdi axmaq bir nəfər:
“Zəri-zər, xəzinə-xəzinə çəkər”.
Həmin bu qızıllı dükana çatdım,
Qızılı, qızılın üstünə atdım.
Atdım ki, əşrəfi çəksin xəzinə.
Çox qızıl onu da çəkdi özünə”.
Gülərək o sərraf, o azad insan
Söz açdı qızılın qarışmasından:
“ — Çox gedə bilərmi azın üstünə?
Yüz getməz, bir gedər yüzün üstünə.
Kim ki, sərvətimi qapmaq istəyir.
Yolumda bu məsəl bir keşikçidir.
Dəyirman ki, bunca hay-huy qoparır,
Muzdurdur, ununu dehqan aparır.
Oğrudan qorxum yox, mənə nəhayət
Oğrudur deməyə etməz cəsarət.
Dünya ki, qara bir rəngə boyanar,
O zaman yol kəsər quldur-qaralar,
Gündüzlər: göz-gözdən utanır — deyə,
Talanı, qarəti qoyur gecəyə.
Ancaq, söz qulduru şəfəq sökərkən
Qələmi yontaraq mişkin söyüddən
Fikrimi qapırlar, könlüm əmindir.
Buxaraya da getsə, o Gəncənindir!”

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.