Həyat — sevməkdir – Abdulla Şaiq

Həyat — sevməkdir

Qurumlu bir ocaq kimi fikrimə his çökmüşdü,
Qanadlanan ümidimi qırıb yerə tökmüşdü.
Çırpınırdım burağanlı fırtınalar içində,
İstəklərim, diləklərim həpsi gözüm önündə
Yaralanmış bir quş kimi yerdə sürüklənirdi.
Yıldırımlı buludlar da fikrimlə əylənirdi.
Kölgəm kimi arxam sıra qoşan qara günlərim,
Bir an məndən ayrılmazdı, daşıyordu kədərim.
“Həyatımdır bu, — deyirdim, — könül buna darılır
İnsan neçin bu ilana dilək qədər sarılır?
Yoxluq, ölüm şərəflidir böylə çirkin həyatdan,
Kərtənkələ, soxulcanmı yerdə sürünsün insan?”
Vücudumda üsyan etmiş qüvvələrim söndükcə,
Həyatımın o yıpramış yarpaqları döndükcə,
Əzilirdim, sönüyordum, nifrət derdim həyata,
Göz qapamaq istərkən bu zindanlı kainata,
Birdən-birə kipriyimə lətif bir şey toxundu,
Qulağımın ucunda pək dadlı nəğmə oxundu.
İçimdə bir günəş doğdu, qəlbimə nur saçıldı,
Qarşımda həp başqa dünya, başqa cənnət açıldı.
O cənnətdə sən göründün, əlində qönçə çiçək,
Ufaq, ufaq addımlarla irəllədin, gülərək:
O çiçəyi mənə verdin, bilməm nə söylədin sən,
Birdən-birə pəri kimi qeyb oldun gözlərimdən.
Sən qeyb oldun, əvət, mən də kəndimi qeyb etmişdim,
Xəyalına dalmış, bilməm nerelərə getmişdim.
Ayıldım da o verdiyin qönçəciyi qoxladım,
Həyat nədir, duydum, onu pək yaxından yoxladım.
Həyat — sevmək, pəriciyim, sənin üçün yaşamaq,
Gecə-gündüz çalışaraq sənə qovuşmaq ancaq.
Bax, bu dadlı həqiqəti həp sən mənə anlatdın,
Acı, sönük həyatıma işıq saçdın, bal qatdın.
Sən sevdirdin o iyrənib çeynədiyim həyatı,
Gözümdə sən şirinlətdin bu isli1 kainatı.
Mənə yeni həyat verən, günəş verən sənsən, sən!
Sevmək — iştə yaşamaqdır, yaşamayır sevməyən!

1919

1 Qaranlıq

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.