Gənc qələmlərə – Abdulla Şaiq

Gənc qələmlərə

Güclər yenən, fəzaları da sarsıdan səsin
Mən istərəm ki, ruhumun üstündə titrəsin.
Sübhün üfüqlərindəki daşqın şəfəq kimi,
İlham verən o səslə qurulsun könül simi.
Olsun o səs ayım, günəşim, asimanlarım,
Şimşəklərim, qasırğalarım, kəhkəşanlarım.
Sübhün bahar nəfəslərini andıran o səs
Hər oxşadıqca ruhumu, aldıqca hər nəfəs,
Sarsın bütün vücudumu sönməz bir ehtizaz.
Köksümdə saz kimi bu könül oynasın bir az.
Qarşımda bir yeni, əbədiyyətlə parlayan
Şux lövhələr açılsın; o şimşəkli, gurlayan
Səslərlə oynasın ürəyin incə telləri.
Kimdir çalan, bu hansı füsunkarın əlləri?
Ey mənliyim, əməl günəşim, fəcrim1, ülkərim,
Kəskin səsinlə canlanır artıq şerlərim.
Eşqinlə bu tənəffüs edən sənətim saqın,
Ayrılmasın o səsdən aman! — Fəcrə ən yaxın
Ulduzlu bir səma kimi üstümdə titrəsin!
İlhamımın xəzinəsi olsun o gənc səsin!

1930

1 Sübh çağı

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.