Gəmirik – Abdulla Şaiq

Gəmirik

(Gəmirilmiş kəllə)

Hakimdi yerə-göyə qaranlıq!
Qurmuşdu boran-qasırğa xanlıq!..
İnlərdi həyat ilə təbiət,
Oynardı ölüm, zülüm, fəlakət.
Hər yan uçurum — soyuq, ayaz, don,
Vermişdi həyata sanki bir son.
Yollar qapalı, gələn-gedən yox,
Bu dəhşətə qarşı əmr edən yox.
Canlar da sönük nəfəsdi ancaq.
Ruhlar da quru qəfəsdi ancaq.
Zülmət dənizi coşub-daşırkən,
Kin ilə fəlakət oynaşırkən,
Hər yerdə və hər keçid başında,
Uçqun dərələrdə, dağ-daşında,
Yalnız acı ruzigar uğuldar,
Quldurluq edər acıqlı qurdlar…

 * * *

Sərxoş sürücü əlində gəmlər
Ac atlara yağdırır sitəmlər.
Qırmaclar o hər eniş-yoxuşda,
Daşlıqda, düzəndə, bərkdə-boşda.
Köhnə araba içində yüklə,
Yəğma malı, qul, kəniz, beşiklə
Daşlıqlara çarpar şiraq-şiraq.
Sınmış təkəri sürüklər ancaq.
Salmış çölə, dağ-daşa gurultu.
Hər bir ürəyə, başa gurultu.
Dur, ey sürücü! Yükün ağırdır.
Heyvanlarının beli yağırdır.
Yollar uçurum, soyuq, boran, qar,
Çəkməz yükünü bu yorğun atlar.
Sürmə, düşün, ey qoca, tələsmə,
Sərsər kimi toz qoparma, əsmə!
Köhnə araba, təkər qızışmış,
Yağ sürtmədən işləyir o yaz-qış.
Atlar gecə-gündüz işləyir ac,
Yorğun ata vurma qamçı, qırmac!
Sürmə, qoca, mənzilin uzaqdır,
Hər bir keçidin başı duzaqdır,
Azdın yolu! Hər tərəf borandır,
Məhv oldu miniklərin, amandır!
Simanı təbiətin gəmirmiş,
Nə göz görünür, nə üz, burun, diş.
Dur, ey gəmirik, çəkil bu yoldan,
Rəhbərlik edərmi gözsüz insan?
Sapdın yolu, getdiyin çığırdır,
Qırmaclama, atların yağırdır.
Qış gəldi, sovuşdu gördüyün yaz,
Bu yol tələsik başa çıxılmaz.
Dağdır, dərədir, eniş-yoxuşdur,
Sürmə, əməyin bu yolda boşdur.
Al qanla bişərmi xam diləklər?
Eşq ilə gülərmi boş ürəklər?
Söz yox, bu dilək böyük diləkdir,
Ancaq ona başqa baş gərəkdir.
Azdırmı sənin inad, qürurun,
Çatmaz o yerə sənin şüurun.
Əldə edəməz onu çürük baş,
Saf sevgiyə heç qovuşmaz oynaş.
Əfsanəyə döndü o həqiqət,
Bir gün başına açar fəlakət.
Yüksək ideal onunla söndü,
Gözlərdən uzaq xəyala döndü…

1937

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.