Gələcək qorxusu – Abdulla Şaiq

Gələcək qorxusu

Sislə, buludlarla qaralmış bayır,
Mürgüləyir dağ-dərə, səhra, çayır.
Hər yerə hökm etmədədir qar, boran,
Yox bir işıq; zülmət içində cahan.
Bir kiçicik daxmada ancaq çira1
Saçmada ətrafına ölgün ziya.
Yorğanın altında yatır bir çocuq,
Tükləri qıvrım, bəti-bənzi soluq.
Yataqda xəstə atası inləyir,
Xəstəliyi get-gedə şiddət edir.
Pəncələşir müdhiş olan ölümlə,
Həsrəti var, ölməmək istər hələ.
Baş tərəfində oturub bir qadın,
Hey düşünür xəstəni və övladın.
Göz yaşını gah axıdır, gah silir,
Bağrını qorxu və düşüncə dəlir:
— Gəl, ey əcəl, mərhəmət et körpəmə!
Qıyma yetim tək bata dərdə, qəmə!
Göylərə yüksəlməyə ah-naləsi,
Yoxdur onun arxa duran kimsəsi.
Bir dənədir, şıltağını çəkən yox.
Xış götürüb tarlasını əkən yox.
Kim verib kəl tarlasını xışlayar?
Kim günəş altında yanar, işləyər?
Kim qoruyar mal-qarasın, bəsləyər?
Bunlara kim qatlaşar ah, kim edər?
Arpasını, buğdasını kim biçər?
Dərz vurub xırmanını kim döyər?
Kim meşəyə qışda odunçun gedər?
Bunlara kim qatlaşar, ah, kim edər?
Etmə bizi yurdumuzdan dərbədər,
Yox köməyim, qorxuludur bu səfər.
Xəstə ata inləyərək zarıldar,
Körpəsi isə yuxuda xoruldar.
Olmuş ana bir həyəcan heykəli,
Dırmalayır köksünü matəm əli.
Xəstəyə baxdıqca olur bağrı qan,
Uğuldayır damda, bayırda boran…

1910

1 Çıraq

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.