Faş etdi göz yaşım bu nihan razi ellərə – Abdulla Şaiq

Faş etdi göz yaşım bu nihan razi ellərə

Faş etdi göz yaşım bu nihan razi1 ellərə,
Əfsanə tək cahanda məni saldı dillərə.

Sındırdı qol-qanadımı həsrətlə xari-hicr2,
Badi-səba, yetir bunu gülşəndə güllərə.

Bir gün keçirdi hər ili vəslin, gəl indi gör,
Hər saəti bu ayrılığın dönmüş illərə.

Çəkdikcə dərdi-möhnəti-hicranın, ey gözəl,
Qan oldu laxta-laxta, könül döndü göllərə.

Saldıqca yada vəslini döndüm kəmanə mən,
Kül etdi hicr canımı, ah, verdi yellərə.

Hicrində bəs ki həsrət ilə çəkdim ah-zar,
Dudi-könül3 bu eşqimi döndərdi sellərə.

Verdi nişan camalını yarım bu Şaiqə,
Leyli kimi öz aşiqini saldı çöllərə.

1 Sirri
2 Ayrılıq tikanı
3 Yanan qəlbin tüstüsü; ah-nalə

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.