Eşşək üstündə səyahət – Abdulla Şaiq

Eşşək üstündə səyahət

Dəyirmançı bir qoca,
Minmiş qara eşşəyə.
Oğlu da arxasınca
Gedirdilər meşəyə,
Hava isti, yol uzaq,
Lap tərləmişdi uşaq.
Gülüb yoldan keçənlər
Dedilər bax bunlara:
“Bu insafsız bəxtəvər
Özü minmiş ulağa,
Belə isti havada
Oğlu gedir piyada.
Harda görülmüş ata
Özü minsin ulağa,
Belə isti havada
Oğlu getsin piyada.

Endi ulaqdan qoca,
Oğlu mindi eşşəyə.
Atası arxasınca
Üz qoydular meşəyə.
İstiləşirdi hava,
Yorğalayırdı qoca.
Güldü yoldan keçənlər:
“Bax insafsız oğlana
Qoca kişi tökür tər,
Özü minmiş heyvana.
Belə isti havada
Ata gedir piyada.
Baxın, baxın oğlana!
Özü minib heyvana.
Belə isti havada
Qoca gedir piyada”.
Qoca dedi: “Oğlum en,
Rahatlın ver heyvana”.
Oğlan endi eşşəkdən
Ata, oğul yan-yana,
Elə isti havada
Gedirdilər piyada.
Güldü yoldan keçənlər:
“Baxın qoca axmağa,
Oğlu, özü tökür tər
Minməyirlər ulağa.
Belə isti havada
Sürünürlər piyada.
Baxın iki axmağa
Rəhm edirlər ulağa
Özləri bu havada
Sürünürlər piyada.”
Qoca mindi eşşəyə
Dönüb dedi oğluna:
“Tez ol çataq meşəyə
Gəl sən də min heyvana”.
Atıldı mindi oğlan
Yorğalayırdı heyvan.
Güldü yoldan keçənlər:
“Bax qocaya, uşağa,
Hər iki bu bəxtəvər,
Minib yazıq ulağa.
Yollar bütün dağ, dərə,
Heyvan batıb qan, tərə.
Baxın iki axmağa
Minib yazıq ulağa,
Hava isti, yük ağır,
Bax, heyvandan tər yağır”.
Qoca dedi oğluna:
“Diqqət verməyək buna,
Hər deyilən düz olmaz,
Yol sözsüz-sovsuz olmaz”.

1932

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.