Düzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayə – Abdulla Şaiq

Düzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayə

Düzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayə1,
Gətirdin aşiqi-dilxəstəni fəryadü qovğayə.

Vurub rüxsarə naz ilə sən, ey tərsa qızı, zivər,
Ucaltdın aşiqin əfğanını ərşi-müəllayə2.

Uzaqdan qaş çatıb kin ilə baxma mən müsəlmanə,
Mənim də vardır artıq sidqilə mehrim Məsihayə.

Mənimlə qaşların bir dost kimi davransa, nəzr etdim,
Asım qəndil kimi bu canımı taqi-kəlisayə.

Geyirsən gündə min curə fason ol nazik əndamə,
Xoşa ol pirəhən, camə3, xoşa ol şalü dibayə4.

Nə göyçəkdir o əndamın, o qəddü sərvi-bustanın,
Fəda o nazik əndamə, nisar5 ol qəddü bəlayə.
Tamam ömründə İsayə de, etmiş zində6 bir mürdə7,
Bu tərsa həm dirildir, öldürür, gəlsin təmaşayə.

Yığıbsan aşiqin can riştəsin yeksər sən, ey tərsa,
Edibsən zülfi-müşkinin ara pabənd qövsayə8.

Gözün min can alır, yaqut dodağın can verir hər an,
Fəda bu canım ol şəkkər ləbə, ol çeşmi-şəhlayə.

Alıbsan Şaiqin səbrü qərarın Şeyx Sənan tək,
Apardın zülm ilə, tərsa, bu dini, canı yəğmayə.

Qarakilis, 1904

1 Saç burumu
2 Göyün yüksək qatına
3 Köynək, geyim
4 Qumaş; ipək
5 Qurban olma
6 Diri, canlı
7 Ölü
8 Qövsvari saçbağı

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.