Dan yeri sökülür, hər tərəf rəngin – Abdulla Şaiq

Dan yeri sökülür, hər tərəf rəngin

Dan yeri sökülür, hər tərəf rəngin,
Şəfəqdən don geydi dağ, dərə əngin.
Saçıldı çöllərə min rəng, min boya,
Sonalar göllərdə baş vurdu suya.
Şehlərdə yuyundu hər ot, hər çiçək,
Qönçənin üzündən açıldı örpək.
Tel, birçək ayırdı nərgiz, bənövşə,
Təbiət özü də dondu bu işə.
Gül gülü çağırdı, bülbül bülbülü,
Saraltdı bu sövda dərdi sünbülü.
Fəzanı həm günəş, həm bulud almış,
Yolları sulayır, günəşli yağış.
Uzaqda ildırım şığıyır tək-tək,
Göyün saf köksündə oynayır şimşək.
Meşələr bürünmüş əlvan qumaşa,
Saçaqlı fındıqlar vurmuş baş-başa.
Çinara dırmanmış vəhşi meynələr,
Qaralmış göyəmlər, deyir məni dər.
Zoğallı dərələr bəzənmiş əlvan,
Boynuna taxmışdır yaqut və mərcan.
Bu bahar çağında gözəldir səhər,
Al-əlvan rənglərlə göyə gülümsər…
Səni çox sevirəm, ancaq, ey bahar,
Səndən də sevimli bir sevgilim var.
O da öz elimdir, bir də Vətənim.
Qəlbimin özəyi bunlardır mənim.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.