Dan ulduzu – Abdulla Şaiq

Dan ulduzu

Ot-ələfsiz bir çöl idi, qorxunc, dəhşətli zülmət
Qapamışdı hər tərəfi, hökm edirdi fəlakət.
Cavan, qoca, kişi, arvad o çöldə heyran-heyran,
Səfil-səfil dolaşırdı, boynubükük, pərişan.
Bürümüşdü o səhranı gurultulu səs-səmir,
Sanki vəhşi yırtıcılar bir-birini gəmirir.
Sağda açmışdır ağzını uçurumlu bir dərə,
Qızları, ac nəhəng kimi, udur göz görə-görə.
Solda isə ürəkaçan yaşıl, sevimli çəmən,
Çiçək açmış: zanbaq, bənövşə, qızılgül, yasəmən.
Günəş qızıl tellərini o çəmənə saçmışdı,
Təbiət min çeşid canlı mənzərələr açmışdı.
Sağ əlində, gözəl bir qız, tutmuş idi al bayraq.
Gözlərini o, qaranlıq çölə dikmişdi ancaq.
Qız bayrağı sallayaraq uca səslə bağırdı,
Səhradakı insanları o çəmənə çağırdı.
Hamı sanki kar olmuşdu, yox idi bir eşidən,
Ona yalnız öz səsiydi cavab verən dərədən.
Yavaş-yavaş o dərədən aydın bir nur parladı,
Zülmət saçan o çölləri günəşə ismarladı.
Böyük-kiçik aydınlığa axışdı birdən-birə,
Yollarını kəsdi ancaq uçurumlu o dərə.
Dərə ucundan həsrətlə baxırdılar çəmənə,
Gözəl səsli bülbüllərə, zanbağa, yasəmənə.
Sonra nə oldu, bilmədim, bir az eylədim diqqət,
Çəmənliyə doğru, gördüm, axışırdı cəmaət.
Nura boyanmış gözəl qız uzadaraq əlini,
O qaranlıq uçurumdan qurtarır qız-gəlini.
Diqqət ilə bir də baxdım, görüncə nurlu qızı,
Sevdim onu, bir də ona ad qoydum “Dan ulduzu”.

1914

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.