Dağlar sultanı – Abdulla Şaiq

Dağlar sultanı

Dan atınca xoruz, beçələr banlar.
Dağ-dərədən çəkilməmiş dumanlar,
Sürüsünü yayar dağa çobanlar.
Təbiətin zövqünü onlar alar.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Gözəl olur bu yerlərin səhəri,
Məncə vardır dünyalarca dəyəri,
Quşlar oxur, səba açar gülləri,
Alır başqa bir lətafət hər yeri.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.

Günəş yaxın dağın ucundan doğar,
Buludları gözəl rənglərlə boyar,
Dumanları dağlara doğru qovar,
Hər tərəfi bir gözəllik qucaqlar.
 Bu yerlərin sultanıdır çobanlar,
 Həm bəyidir, həm xanıdır çobanlar.
Gözəl olur bizim elin yaylağı,
Gül-çiçəkdir bu yerlərin otlağı,
Bir cənnətə bənzəyir hər bucağı,
Durna gözü kimi vardır bulağı.
 Bu yerlərin sultanıdır çobanlar,
 Həm bəyidir, həm xanıdır çobanlar.
Mal qapıya gələndə axşam-səhər,
Qoyun mələr, quzu mələr, dağ mələr;
Səsə-küyə düşər köpəklər hürər,
Dərə, dağ, daş həzin-həzin səs verər.
 Bu yerlərin sultanıdır çobanlar,
 Həm bəyidir, həm xanıdır çobanlar.
Hara baxsan — çölə, yamaca, dağa,
Çoban görərsən söykənib çomağa,
Qoymaz gözdən sürüsünü irağa,
 Bu sürüyə həm nökərdir, həm ağa.
 Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Çomaq əldə dolaşır dağı, daşı,
Qoyun, quzu, köpək, tütək yoldaşı,
Azacıqdır aşı, ağrımaz başı,
Bu xoşbəxtə hər nə desən yaraşı.
 Bu yerlərin sultanıdır çobanlar,
 Həm bəyidir, həm xanıdır çobanlar.
Sərin-sərin bulaqlardan su içər,
Kəsər, yeyər, kök quzulardan seçər,
Ömrü belə gözəl yerlərdə keçər,
Ot, çiçəklər solunca durmaz, köçər.
 Bu yerlərin sultanıdır çobanlar,
 Həm bəyidir, həm xanıdır çobanlar.
Dünya malından var: sicim, çatısı,
Patavası, çuxası, həm qartısı1,
Bir də qumral gözlü, nazlı Fatısı,
Oxuduqca qəlb odlar bayatısı.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.

1911

1 Qısa yapıncısı

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.