Dəvə, tülkü və qurd – Abdulla Şaiq

Dəvə, tülkü və qurd

Bir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:
 — Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
Dəvə başına gələn əhvalatı tülküyə anlatdı:
— Bax, insan oğlunun vəfası budur.
Tülkü ona ürək-dirək verdi:
 — Qəm yemə, dəvə baba, mən hər gün gedib sənə təzə biçilmiş ot və taxıl gətirərəm, yeyib kökələrsən. De görüm, sonra əvəzində mənə nə verərsən?
Dəvə dedi:
— Kökəlsəm, sənə ətimdən bir batman verərəm.
 Tülkü razı oldu. Hər gün gedib təzə ot və taxıl dərib dəvənin qabağına tökürdü, dəvə də ləzzət ilə yeyirdi. Bir-iki aydan sonra dəvə kökəlib cana gəldi. Daha tülküyə ehtiyacı olmadı. Tülkü dedi:
— Dəvə qardaş, vədə verdiyin bir batman ətimi ver.
Dəvə cavab verdi:
 — Tülkü lələ, mən sözümdən qaçmıram. Ancaq neylərim? Budumdan versəm, topal olaram, qolumdan versəm, şil olaram, hər hansı yerimdən versəm, məni şikəst edər.
Tülkü narazı halda yoluna davam etdi. Qarşısına bir qurd çıxdı, qurd ondan soruşdu:
 — Niyə qəmlisən, tülkü lələ?
Tülkü əhvalatı başdan-ayağa qurda danışdı və ondan kömək istədi.
Qurd dedi:
 — Məni apar onun yanına. Mən dəvədən sənin ətini alıb verərəm.
Tülkü qurdu götürüb bir baş dəvənin yanına gətirdi. Qurd acıqlı-acıqlı soruşdu:
 — Ey, dəvə baba, tülkü lələnin bir batman ətini niyə vermirsən?
Dəvə cavab verdi:
 — Ay qurd qardaş, mən tülkünün ətini danmıram, verəcəyəm, ancaq neyləyim? Belimdən versəm, yağır olaram, qolumdan versəm şil olaram, budumdan versəm topal olaram. Daha neyləyim, özümü əlil edə bilmərəm ki…
Qurd bağırdı:
 — Mən bilmirəm, bu saat tülkünün ətini ver!
Qurd ilə tülkü hərəsi bir yandan dəvənin üstünə hücum etdilər.
Dəvə işi belə görüb dedi:
 — Qurd qardaş savaş nə gərək, ətin yerini tapmışam, yaxın gəl, bax, mənim bu dilim bir batman gələr. Onu verim, tülkü lələ ilə məni barışdır.
 Qurd quyruğunu bulayıb tez irəli gəldi. Dəvə ağzını açıb qurda dilini göstərdi. Qurd dəvənin dilini qoparıb yemək üçün başını dəvənin ağzına soxdu. Dəvə tez qurdun başını dişləri arasında elə bərk sıxdı ki, qurd ağrının gücündən atılıb-düşməyə başladı. Tülkü qurdun bu halını görüb ona dedi:
 — Bu sıxmaq ki, dəvədə var, bu atılıb-düşmək ki səndə, deyəsən mənim bir batman ətim arada gedəcək.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.