Canlı Dərbənd çiçəyi – Abdulla Şaiq

Canlı Dərbənd çiçəyi

Dərbəndin gül bağından dərdim qönçə bir çiçək,
Rəngi, ətri, görkəmi biri-birindən göyçək.
Dedim: hansı cinsdəndir bu sevimli qönçə, gül
Ki görüncə dərindən çırpındı miskin könül?
Qərənfildir yoxsa bu? Tellərində var çətir.
Yox, yox, qərənfillərdə hanı bu rəng, bu ətir.
Diqqətlə bir də baxdım, ağ zanbaqdır dedim bu.
Yox, zanbaqda tapılmaz bu təravət, bu qoxu.
Qızıl gül olsun gərək, ala çalır yanağı.
O gülə çox bənzəyir bunun qönçə dodağı.
Eyvah, yenə yanıldım, qızıl güllər tez solur,
Mənim gülüm getdikcə təravətlə yoğrulur.
Gördüm artıq güllərin olmayacaq köməyi
Qoydum onun adını “Canlı Dərbənd çiçəyi”.
Bu sevimli çiçəyim payızı yaza qatdı.
Sevdi yeni yurdunu, dərindən rişə atdı.
Həyatının baharı verdi ona üç budaq,
Hər budaqda parladı ulduz kimi bir çıraq.
Ömrümün bağçasını şənləndirdi bu üç gül,
Onlardan ilham alır bu qoca şair könül.
Onlardır qol-budağım, onlardır şən dilyəim,
Yetişdirdi bunları “Canlı Dərbənd çiçəyim”.
Bu yaşımda vurğunam yenə o ağ telinə,
Qəlbimə şənlik saçan o füsunkar dilinə.
Bu gün tam üç həftədir ayrılmışam gülümdən,
Yerim cənnət olsa da, onsuz zindandayam mən.
Hər yadıma düşəndə qəlbimin başı titrər,
Kipriyimin ucunda gözümün yaşı titrər.

1947

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.