Cəfər və Bəşir – Abdulla Şaiq

Cəfər və Bəşir

Alman yazıçısı V.Buşdan iqtibas

 1

Kənddə bir kimsəsiz qarı var idi,
Kənd onun hörmətini saxlar idi.
Özü çox mehriban, adı Gülzar,
Kiçicik daxmasında təkcə yaşar.
Gecə, gündüz evində o çalışar,
Hər işə, zəhmətə yaman qarışar.
Yenə də gəlməyirdi bir şey ələ,
Yaşayırdı yazıq bu zəhmət ilə.
Qarının kənd içində varı, yoxu
Bir xoruz idi, bir də üç toyuğu.
Bağçada dənləyirdilər onlar,
Bu toyuqlarla şad idi Gülzar.
Onları gördü Cəfər ilə Bəşir,
Durmayıb tökdülər yaman tədbir.
Tez gedib tapdılar ip ilə çörək,
Çörəyi orda dörd yerə bölərək,
Onları quyruq ilə yağladılar,
Bir-birinə ip ilə bağladılar.
Atdılar tez toyuqların yanına,
Özləri keçdilər qapı dalına.
Gördü məstan xoruz bu dörd çörəyi,
Tez yüyürdü, açıldı şən ürəyi.
Şadlığından xoruz “quqqu-riqu”,
Banladı, səslədi toyuqları bu.
Ac toyuqlar yüyürdülər bu səsə,
Gəldilər tez yemək üçün həvəsə.
Hər biri yağlı bir çörək tutdu,
Onu dimdiklədi bir az, uddu.
Qaldı birdən boğazlarında çörək,
Zəhrimar oldu onlara bu yemək:
Nə o yana qayıtdı, nə bu yana,
Hamısı heyrət etdi bu oyuna.
Onların söndü şadlığı, həvəsi,
Darıxırdı yazıqların nəfəsi.
Atılıb-düşmədən yorulmuşdu;
Dördü də qol-qanad açıb uçdu.
İp ilişdi ağacda bir budağa,
Havada qaldı dördü də asıla;
Boğulurdu yazıqların nəfəsi,
Arabir “qu-qu-qu” çıxırdı səsi.
Səsini onların eşitdi qarı.
Başaçıq qaçdı tez o, bağa sarı.
Gördü qalmış toyuqları asıla,
Heyrət etdi qoca qarı bu hala.
Əllərini vurub da baş-gözünə,
Ağlayıb söyləyirdi öz-özünə:
“Haradan bu bəla sizi aldı,
Kim məni böylə zillətə saldı?”
Qurtarıb biz birinci qissəmizi,
Başlayaq gəl ikinci hissəmizi.

 2

Ürəyi dərdli, gözləri ağlar,
Onları aldı mətbəxə Gülzar.
Bir qədər baxdı, baxdı həsrət ilə,
Alışıb qəlbi yandı, gəldi dilə:
“Ey qoca Gülzarın əti, çörəyi, Ey
kiçik bağçamın gülü, bəzəyi,
Sizin ilə keçirdi ömrüm şən;
Bu bəla keçdi sizlərə kimdən?
Kim sizi bu müsibətə atdı,
Kim şirin şərbətə zəhər qatdı?”
Yenə verdi bir az özünə ürək:
“Olmuşa ağlamaq daha nə gərək!
Qovurub bu toyuqları yağda,
Yeyərəm ləzzət ilə bu bağda”.
Dördünü də təmizlədi o qarı,
Tavaya qoydu bu toyuqları.
Cəfər ilə Bəşir — iki nadan,
Gizli-gizli baxırdılar bacadan.
Yağ, soğan almağa əlində açar,
O zaman endi anbara Gülzar?
İşi böylə görüncə iki dəcəl
Qaçıb evdən gətirdilər çəngəl.
Batırıb çəngəli xoruz-toyuğa,
Çəkərək, qaçdılar moruqlu bağa.
Qoca Gülzar mətbəxə gəldi,
Yenidən qəlbini kədər dəldi.
Bir əsər görmədi toyuqlardan,
Qarının qəlbi oldu bir kasa qan.
Yenə söyləndi gözləri ağlar:
“Nə bəladır çəkir qoca Gülzar?
Bu toyuqlar hanı? Hara qaçdı?
Dirilib yoxsa qol-qanad açdı?”
Qarı bu dəfə çox acıqlandı,
Bu zaman it yanaşdı, yalmandı. İtə
getdi güman yalnız onun, Heyfini
almağa xoruz-toyuğun, Qapdı
yerdən qoca uzun dəyənək, İti
tutdu, doyunca vurdu kötək…
Qurtarıb, ey gözüm, ikincisini,
Başlayaq indi də üçüncüsünü.
Etgilən bu hekayəyə diqqət,
Aqil isən götürgilən ibrət.

 3

Vardı yoxsul, qoca, sevimli kişi,
Dərzilik idi kənd içində işi.
Sənətində məharəti var idi,
Biliyi, həm fərasəti var idi.
Kəndin əhli tutardı hörmətini,
Saxlayardı həmişə izzətini.
Bir kiçik daxmada yaşar qış, yay,
Qarşısından axardı coşqun çay.
Çayı keçmək üçün o yan-bu yana,
Taxta bir körpü salmış idi ona.
Yaramaz Cəfər ilə bir də Bəşir,
Buna da tökdülər yaman tədbir.
Kəsdilər körpünü mişar ilə,
Bu küçüklər sataşdılar o filə.
Söydülər dərzini o cingözlər,
Dedilər olmayan yaman sözlər.
Dərzi odlandı, xeyli hirsləndi,
Əlinə bir ağac alıb endi.
Qaçdı tez, körpüyə qoyunca ayaq.
Ortasından qırıldı taxta “şaraq”.
Dərzi batdı çayın dərin gözünə,
Çıxdı sonra yenə suyun üzünə.
Nə qədər atdı o yazıq əl, ayaq,
Qurtuluşçun tapılmaz oldu dayaq.
Çay üzündə üzürdü bir neçə qaz,
Dərzini burda baxtı kəsdi bir az,
Tutdu tez qazların ayağından,
Zor-güc ilə qurtardı ordan can.
İndi dördüncüyə gəlir növbət,
Həvəs ilə oxu, götür ibrət!

 4

Bir müəllim olurdu o kənddə,
Ustad idi bilikdə, sənətdə.
Söyləyirdi: “Uşaqlarım, çalışın,
Biliyə, zəhmətə, işə alışın!
Nə qədər əldə var gözəl fürsət,
Ədəbə, elmə eyləyin xidmət.
Oxuyun faydalı kitabçaları,
Üz qoyun hər zaman bu elmə sarı”.
Sözləri qurtarınca tez durdu,
Doldurub çəkdi qır, uzun çubuğu.
Sonra qalxdı ayağa çox şən-şən,
Gəzməyə getdi, çıxdı məktəbdən.
Cəfər ilə Bəşir — iki nadan
Çıxarıb bu nəsihəti yaddan,
Gəldilər bir oyun da bu yazığa,
Tökdülər bir qədər barıt çubuğa,
Hər biri durmayıb evə qaçdı.
Axşam oldu, gecə qanad açdı.
O müəllim qayıtdı gəzməkdən,
Çubuğu aldı, çəkmək istərkən,
Barıt birdən alışdı odlandı,
Sifəti, saqqalı, bığı yandı.
Atdı birdən əlindən o, çubuğu,
Qəlbinə çökdü qəm, kədər, qorxu.
Bürüdü odlu tüstü üz-gözünü,
Ütdü kirpiklərini, həm gözünü.
— Kim mən etdi bu bəlaya düçar?
Söylədi: tez həkim çağırsınlar.
Ey gözüm, sanma sən bunu qissə,
Algilən bu hekayədən hissə.

 5

Yaz idi; Cəfər ilə bir də Bəşir
Oldular kənd içində çox dilgir.
Darıxıb evdə, qaçdılar küçəyə,
Oradan getdilər yaxın meşəyə.
Açmış idi çəməndə al güllər,
Səs-səsə vermiş idi bülbüllər.
Quşların nəğməsi, gülün ətri,
Bürümüşdü o kəndi və şəhəri.
Qırmızı , ağ, yaşıl, sarı rəng-rəng
Qonmuş idi çiçəklərə kəpənək.
İki şeytan, iki səfeh, nadan
Olmadı bu gözəlliyə heyran.
Otlar üstündə gördülər qurd-quş.
Çox sevindi buna iki bayquş.
Qurdları yığdılar kağız qutuya.
Gəldilər tez dayı yatan otağa.
Döşəyin altına töküb oları.
Sevinib tezcə qaçdılar dışarı…
Gecədən keçdi bir neçə saət,
Dayı gəldi, yatıb ola rahət.
Soyunub, yastığa başın atdı,
Xor-xor ilə, şirin-şirin yatdı.
Gecədən keçməmişdi bir o qədər
Otağa doldu bu qonaq cücülər.
Dayı yatmışdı, həm də yorğundu,
Bir cücü uçdu, burnuna qondu.
Diksinib qorxdu, açdı tez gözünü,
Qorxusundan itirdi o özünü.
Səslədi qorxa-qorxa: — Ey, kimsən?
Əlini atdı burnuna birdən,
Tutdu tez burnuna qonan cücünü,
Qorxusu getdi, gördü öz gücünü.
Ovcuna qoydu, baxdı diqqət ilə,
O qaranlıqda sordu heyrət ilə:
“Bu qonaq gəldi bilmirəm haradan?
Məni qaldırdı lap şirin yuxudan”.
Qaynaşıb doldu bu qurd-quş otağa,
Verdilər çox əziyyət o yazığa.
Qondular gah uçub onun gözünə,
Burnuna, gah qulağına, üzünə.
Qalxaraq aldı başmağın yerdən,
İntiqam aldı o böcəklərdən.
Dayı etdi bu işlərə heyrət,
Dedi: “Haqq eyləsin sizə lənət!
Yuxuma gör necə zəhər qatdı…”
Yorğun, arğın gecə yarı yatdı.

 6

Qonşuda bir çörəkçi, anbarda
Qoymuş idi beş-on çuval buğda.
(Hər uşağın pozulsa tərbiyəsi,
Olacaqdır yaman işə həvəsi).
Anbara girdi Cəfər ilə Bəşir,
Kəsdilər o çuvalları bir-bir.
Yiyəsi girdi anbara birdən,
Çuvalı aldı çiyninə yerdən,
İstəyirdi dəyirmana getsin,
Buğdanı tez üyüdsün, un etsin.
Çuvalın buğdası səpildi yerə; Batdı
qəlbi onun qəmə, kədərə.
“Kim giribdir, — dedi, — bu anbara?
Əl vurubdur dolu çuvallara?”
Baxdı diqqətlə tez o yan-bu yana,
Onları gördü, qəlbi döndü qana.
Dedi: — Siz kəndə oldunuz nə bəla?
Onları tutdu saldı bir çuvala.
Gətirib onları dəyirmana.
Çuvalı atdı hirslə bir yana,
Qapdı hardansa zorba bir dəyənək,
Onlara vurdu hey doyunca kötək…
Oldular ən ağır cəzaya düçar;
Yamanı bir yaman bəla yaxalar.

1906

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.