Böyük hicran – Abdulla Şaiq

Böyük hicran

Böyük qardaşım Məmməd Səid Ordubadiyə ithaf

Yadımdadır, o gün ki sən sərilmişdin yatağa,
Qara ölüm dilsizliyi çökmüşdü dil-dodağa.
Gözlərinin şimşəkləri yavaş-yavaş sönurdu,
Üzün xəzan vurmuş quru yarpaqlara dönürdü.
Yasdığına söykənmişdim, mən də əlin əlimdə,
Yetim kimi min-bir həsrət inləyirdi könlümdə.
Göz önündə canlanırdı həsrətli xatirələr.
Ah, bilsəniz ürəyimdən nələr keçirdi, nələr!
Mən analar tanıyıram — əxlaq, namus heykəli.
Bir ailə həyatının canlı, sönməz məşəli.
Bacarıqlı əllərilə tikən, quran, yaradan,
Gecə-gündüz övladının qayğısilə çırpınan.
Böyük, sağlam gələcəyi qurur belə analar,
Bunlar ilə hər ailə, övlad olur bəxtiyar.
O həqiqi analardan birisi də sən idin!
Səndə vardı analara məxsus vüqar və təmkin.
Geniş, böyük ürəyini tutardın hər zaman şən.
Övladından alan zövqü almadın heç bir şeydən.
Ancaq övlad oldu sənin hər ziynətin, bəzəyin.
Övlad üçün çırpınırdı böyük ana ürəyin.
Uca ana adını sən təmiz tutdun südün tək,
Mən bunları düşünürkən, xəstə qadın dönərək
Ev əhlini süzdü bir-bir oynadaraq əlini,
İşarəylə çağırdı o, yaxınlaşdı gəlini.
Boğnuq səslə qulağına nə isə bir şey dedi.
Gəlin ondan ayrılınca bir ney kimi inlədi.
Mən sorucu gözlərimi yoldaşıma dikərkən
Bulud kimi yaş töküldü matəmli gözlərindən.
Çılğın kimi mənə baxdı, o ağlaya-ağlaya,
Dedi: od saldı qəlbimə, yoxa çıxsın bu dünya!
“Can gəlinim, halal eylə, deyir, verdim çox zəhmət.
Abdullahım, nəvələrim məndən sənə əmanət”.
Fəlakətli ürəyimdə alovlandı bir şölə.
Övladını düşünürdü son nəfəsində belə.
Oxşayaraq mən boynuna keçirdim öz qolumu.
O da yalnız sağ əlilə qucaqladı boynumu.
Geniş köksü qalxır, düşür, ağırlaşmış nəfəsi.
Qulağımda inləyirdi matəmli hicran səsi.
Ah, birlikdə keçirdik o həsrətli son gecəni,
Bir az sonra evdə birdən qopdu matəm şivəni.
Zalım əcəl qanadını üzərinə gərmişdi,
O mübarək vücudunu vurub yerə sərmişdi.
Gecə keçmiş, yavaş-yavaş ağarırdı dan yeri.
Gözümüzlə açdıq artıq o matəmli səhəri.
Doğan günəş şəfəqini pəncərədən yayırdı,
Uf, nə deyim bu ölümə, canı candan ayırdı.
Səndən ayrı hər günüm bir il keçirdi, ah, ana!
İndi necə dözəcəyəm mən bu böyük hicrana?

1946

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.