Biri sənsən, mələkciyim, biri mən – Abdulla Şaiq

Biri sənsən, mələkciyim, biri mən

Qonşuda qarşı-qarşıya görünən
İri camlı, genişcə pəncərədən
İki baş daima çıxar dişarı,
Bir-birinə baxar, gülər şən-şən…
Bir patırtı pozar o nəşələrin.
Seyd, səyyad ürkərək birdən,
Sürət ilə çəkərsə başlarını,
O baxışlardakı təəssürdən1
Çırpınır hey iki ürək, iki ruh,
Şad, məhzun iki vücud, iki tən.
O iki çırpınan, həzin düşünən
Biri sənsən, mələkciyim, biri mən.

Yamyaşıl gül-çiçəkli bir bağça.
Döşənib sanki yerlərə xalça.
Səhərin xoş nəsiminə qarşı
Açılırkən gülümsəyir qönçə.
Oxuyur şaxəsində bir bülbül,
Səsi məhzun, dəyərli, həm incə.
Dolanır qönçənin müdam başına.
Ona bülbül məhəbbət etdikcə,
Görünür qönçə məst, pürnəşə.
Bülbülün bağrını dəlirsə tikən,
O iki məst, müztərib görünən
Biri sənsən, mələkciyim, biri mən.

Bir ağaclıq… axar önündən ab,
Sakit axşamdı, nur saçar mahtab.
Cökə altında baş-başa oturub
İki sövdalı gənc əlində kitab,
Danışır saf, təmiz məhəbbətdən.
Bu görüş həm sevinc verir, həm əzab.
Nazənin qız kimi süzürdü ay,
Üstünə kölgə salmış idi səhab.
Hər şeyə hökm edir sükut, yalnız
Titrəyir ortalıqda busi-dəhən.
O iki bəxtiyar — gülən, sevişən
Biri sənsən, mələkciyim, biri mən.

1913

1 Əsərdən, gücdən

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.