Bir ulduza – Abdulla Şaiq

Bir ulduza

Yormuşdu bütün ruhumu, əfkarımı alam,
Bir dağ ətəyində düşünürdüm təkü tənha.
Qarşımda mücəssəm duruyordu səfi ovham1,
Qəlbim kimi küskün görünürdü bütün əşya.

Fikrim kimi sevdalar içimdə uyuyordu,
Qəsvətlə2 cahan dalmış idi səmt, sükunə.
Baxdıqca o səhnə mənə dəhşət veriyordu,
Varmışdı bu vulkanlı dənizlər də cünunə.

Nifrətlə çevirdim üzümü göylərə nagah,
Cəlb etdi mənim ruhumu tez seyri-kəvakib.
Minlərcə səmadə uçuşurlardı o dəm, gah
Titrər kimi birdən sönərək olmada qaib.

Ulduzlar içində gözümə dəydi bir əxtər,
Məftun olaraq sevdim onu, heyrətə daldım.
Aydan daha parlaq, daha incə, daha dilbər.
Fərsiz gözümü dikdim ona, həm baxa qaldım.

Zülmət gecələrdə saçaraq nurini, sansız
Azmışlara hey göstərir o doğru siratı3.
Dinlə məni, ol rəhbərim, ey sevgili ulduz,
Olmazmı mənə göstərəsən rahi-nicatı?

1909

1 Vahimələr sırası
2 Kədərlə, hüznlə
3 Yolu

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.